23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Təhsil Nazirliyinin ləğvi tələb olunur; Birabırçı nəticələr təhsil sisteminə inamsızlığı artırıb
Tarix: 12-07-2016 15:11 | Bölmə: Araşdırma / Slayd


Hər il olduğu kimi, bu il də buraxılış imtahanlarının nəticələri Azərbaycanda orta təhsilin biabırçı vəziyyətdə olduğunu göstərdi.

Belə ki, bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayarkən bəlli oldu ki, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin 20911 nəfəri (20.06%) Azərbaycan dili fənnindən "2", 47937 nəfəri (45.98%) "3", 21715 nəfəri (20.83) "4", 13694 nəfəri (13.13) "5", Riyaziyyat fənni üzrə 26438 nəfəri (25.31%) "2", 39687 nəfəri (37.99%) "3", 19411 nəfəri (18.58%) "4", 18940 nəfəri (18.13) isə "5" qiyməti alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin 15486 nəfəri (18.34%) Azərbaycan dili fənnindən "2", 16512 nəfəri (19.56) "5", Riyaziyyat fənnindən 16038 nəfəri (18.96%) "2", 17026 nəfəri (20.13%) "5", Xarici dildən 19908 nəfəri (23.72%) "2", 17011 nəfəri (20.27%) "5", Kimya fənnindən 186 nəfəri (27.64%) "2", 42 nəfəri (6.24) isə "5" alıb.

Nazirlik məsuliyyətdən yayınır

 

Nəticələrin bu qədər biabırçı olduğu cəmiyyətdə müzakirə olunarkən Təhsil Nazirliyinin rəsmi açıqlaması müzakirənin istiqamətini dəyişdi.

Qeyd edək ki, Təhsil Nazirliyi şagirdlərin IX sinifdə buraxılış imtahanında "2" qiymət almalarının səbəblərinə aydınlıq gətirərkən, son 3 ildə Azərbaycanda 20 mindən çox şagirdin milli qiymətləndirimədə iştirak etdiyinə də diqqət çəkib: "Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında "qeyri-kafi" qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər".

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə" (TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb.

Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.

Göründüyü kimi, Təhsil Nazirliyi məsuliyyətsiz açıqlama ilə nəticələrə görə məsuliyyəti köhnə rəhbərliyin üzərinə atmağa çalışır. Sanki həmin dövrdə orta məktəblər başqa bir nazirliyin balansında olub. Elə bu səbəbdən də Təhsil Nazirliyinin açıqlaması ictimai rəydə birmənalı qarşılanmır.

"Azərbaycanın təhsil sistemi dağılır" 

 

Tarix elmləri namizədi, BDU-nun dosenti Rafiq bəy İsmayıl problemə aydınlıq gətirərkən "Reytinq"ə deyib ki, buraxılış imtahanlarının bu nəticəsi Azərbaycanda təhsilin keyfiyyətinin göstəricisidir.

R.İsmayılın sözlərinə görə, orta məktəb şagirdlərinin bilik səviyyələrinin getdikcə aşağı düşməsi təhlükəli həddə çatıb: "Ən gülməlisi isə odur ki, Təhsil Nazirliyi bunu uşaqların aşağı siniflərdə zəif qiymət almaları ilə əlaqələndirib. Çox əcaib-qəraib situasiya yaranıb, Allah bizi betərindən saxlasın. Belə davam eləsə, təhsil sistemində vəziyyət bundan da pis olacaq".

Tarixçi alimin iddasına görə, Azərbaycanda təhsil sistemi çürümüş vəziyyətdədir: "Hər tərəfdən çürüyüb dağılır. Təhsil tamamilə məhv olana qədər bu proses davam edəcək. Belə çıxır ki, Azərbaycanda Təhsil Nazirliyini, təhsil sistemini ümumimiyyətlə, ləğv eləmək lazımdır".

"Müəllimlərin maaşları artırılsın!"

Müsahibimiz vəziyyətdən çıxış yolu kimi təkliflərini də səsləndirib. Təbii ki, bu məsələdə ilk olaraq köklü islahatlardan söz açıb: "İslahatların birincisi və təməli müəllimə verilən əmək haqqının artırılması olmalıdır. Müəllim kifayət qədər əməkhaqqı almalıdır ki, əməyinə marağı olsun. Əməyin nəticəsini qiymətləndirməklə müəllimlərin məsuliyyəti artırılmalıdır".

Tarixçi alim ikinci təklifində şagirdlərin dərsə davamiyyətinə toxunub: "Şagirdlərin dərsə davamiyyəti təmin edilməlidir. Çünki son dövrlər şagirdlərin böyük əksəriyyəti dərsdə iştirak etmək əvəzinə repetitor yanına gedirlər. Təbii ki, "qayıb" qoyulmaması üçün məktəb rəhbərliyinə rüşvət verirlər. Bax, belə problemlər aradan qaldırılmalı və kompleks islahatlar aparılmalıdır".

Azərbaycanda kifayət qədər hazırlıqlı kadrların olduğunu deyən Rafiq bəy, təəssüflə qeyd edib ki, səsləndirdiyi islahatları apara biləcək şəxslər Təhsil Nazirliyində yoxdur: "Yeni nazirin təyinatından sonra təhsillə bağlı aparılan ən böyük islahat dərs ilinin uzadılması, günlərin dəyişdirilməsi olub. Elə həm də bunun nəticəsidir ki, vəziyyət daha da acınacaqlıdır".

"Şagirdlərin biliyi mövcud duruma adekvatdır" 


Müsavat başqanının müavini Tofiq Yaqublu isə təhsil sistemindəki biabırçılıqları ölkədəki idarəçilik mexanizmi ilə əlaqələndirir. T.Yaqublu, bir müddət əvvəl YAP-çı deputat Aydın Mirzəzadənin abituriyentlərin aşağı nəticə göstərməsiylə bağlı münasibətini xatırlayıb: "Aydın Mirzəzadə bildirmişdi ki, aşağı nəticə göstərən uşaqların dünyaya gəlişi AXC hakimiyyəti dövrünə düşüb. Guya onların validenyləri həmin dönəmdə psixoloji stress-filan keçiriblər, ona görə də onların həmin dövrdəki uşaqlarının qavramaq imkanları çox aşağı olub. Bu, açıq-aşkar iqtidarın nə qədər məsuliyyətsiz, nə qədər yöndəmsiz, məntiqsiz dəyərləndirməsinin bariz nümunəsidir.

Növbəti ildəki abituriyentlər daha pis nəticə göstərdi. Sonra məlum oldu ki, həmin abituriyentlər Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə doğulublar. Yəni, deputatı, yetkilisi prosesə bu cür münasibət bildirirsə, bu idarəçiliklə vəziyyət necə olmalıydı?

Təhsil Nazirliyi də indi onu əsaslandırmağa çalışır ki, "2" alan şagirdlər Misir Mərdanovun dövründə ibtidai sinifə gedənlərdir. Buna görə də Misir Mərdanov günahkardır".

T.Yaqublu Azərbaycanda normal fəaliyyət göstərən hər hansı sahənin olmadığını dilə gətirib: "Gömrükdə, vergilərdə, polisdə, prokurorluqda, bir sözlə, bütün sahələrdə biabırçılıqdır. Azərbaycanda şagirdlərin belə bilik nümayiş etdirmələri isə mövcud duruma çox adekvatdır".

"Problem nə Mikayıl Cabbarovdadır, nə də..."

T.Yaqublu nəzərə çatdırıb ki, vəziyyəti dəyişmək elə də asan olmayacaq. Onun qənaətincə, nə qədər yazılsa da, deyilsə də, heç nə dəyişməyəcək: "Siyasi sistem kökündən dəyişməsə, müsbət nəticə gözləməyə dəyməz. Azərbaycanda milli hökumət formalaşmayınca, nə təhsil, nə səhiyyə, nə iqtisadiyyat, nə də hüquq-mühafizə sistemində müsbət istiqamətdə dəyişiklik olmayacaq, getdikcə vəziyyət daha da pisləşəcək. Bir neçə ildən sonra hazırkı göstəricilər çox yüksək nəticə kimi xatırlanacaq. Problem nə Mikayıl Cabbarovda, nə də Misir Mərdanovdadır. Problem bu rejimdədir".

T.Yaqublu, 2003-cü ildə İsa Qəmbər prezidentliyə namizəd olarkən Müsavat Partiyasının bütün sahələr üzrə təkliflər paketi hazırlayaraq cəmiyyətə təqdim etdiyini də xatırladıb: "Təhsil sahəsindəki problemləri aradan qaldırmaq üçün də islahat paketləri var. Amma islahatı həyata keçirmək üçün siyasi iradə lazımdır. Xalqın iradəsi ilə hakimiyyət dəyişikliyi baş verəndən sonra təhsil sahəsində, eləcə də bütün sistemdə köklü dəyişikliklərə nail olmaq mümkündür ".

"Təhsil Nazirliyi alver yeri deyil..."


Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli də təhsil sahəsindəki mövcud vəziyyəti olduqca acınacaqlı hesab edir. Onun sözlərinə görə, orta təhsilin bu qədər aşağı səviyyədə olması təhsilin növbəti mərhələlərinə də ciddi təsir edir: "Cəmiyyətin sosial-mənəvi və psixoloji durumunu xarakterizə edən dahilərdən biri onu müəllimin vəziyyəti ilə müqayisə etməyi məsləhət görüb. Yəni, onun fikrincə, cəmiyyətdə ən yaxşı yaşayan təbəqələrindən biri müəllimlər olmalıdır. Təəssüf ki, bizdə müəllimlərin cəmiyyətdə nüfuzu kifayət qədər deyil, indi biznesmenlər daha hörmətli şəxslər hesab olunurlar. Bu, həm də elmə, təhsilə cəmiyyətimizin münasibətidir. Belə münasibət fonunda orta ümumtəhsil məktəblərində hansı yüksək nəticəyə ümid edə bilərik?".

Orta məktəblərdə yaxşı dərs keçirilmədiyini deyən M.Rəhimlinin sözlərinə görə, ali məktəblərə qəbul olunan tələbələrin demək olar ki, hamısı repititor yanına gedənlərdir: "Xüsusilə, yuxarı siniflərdə şagirdləri dərslərdə tapmaq mümkün deyil. İmkanlı ailələrin uşaqları əlavə hazırlığa üz tutur, imkansızların övladları isə ya qazanc dalınca gedir, ya da vaxtını boş-boşuna keçirir. Belə vəziyyətin müqabilində şagirdlərin kütləvi şəkildə buraxılış imtahanlarından mənfi nəticə göstərməsindən başqa nə gözləmək olar?".

Köhnəni dağıtdıq, yerində yenisi yox

Müsahibimiz onu da nəzərə çatdırıb ki, Təhsil Nazirliyi bütün nazirliklərdən sözün həqiqi mənasında seçilən bir qurum olmalıdır: "Burada öz davranışı, mədəniyyəti, dünyagörüşü, elmi səviyyəsi, proseslərə baxışı ilə ətrafa nur saça bilən şəxslər işləməlidir. Digər bütün dövlət və özəl qurumlar da ona böyük hörmətlə yanaşmalıdır. Hamı bilməlidir ki, Təhsil Nazirliyi alver yeri deyil, millətin gələcəyini təyin edən şəxslərin yetişdirilməsi üçün fəaliyyət göstərən ciddi bir qurumdur.

Təhsil Nazirliyinin bu faktla bağlı istənilən açıqlaması yalnız nəticələrin aradan qaldırılmasına yönəlik uğursuz bir cəhd ola bilər. Lakin əsas məsələ səbəblərin araşdırılıb tapılması olmalıdır. Təəssüf ki, bu baş vermir".

Sovet dönəmində respublikamızda formalaşan təhsil sisteminin tamamilə inkar olunduğunu diqqətə çatdıran M.Rəhimli qeyd edib ki, bu zaman heç olmasa, pislərin içərisindən yaxşıların seçilib saxlanılmasına da əhəmiyyət verilməyib. "Köhnə adlandırdığımız sistemi dağıtdıq, yerində isə təzə heç nə yoxdur. Avropadan idxal edəcəyimiz bildirilən sistem isə korporativ maraqlara uyğun olaraq əxz edilir. Həm orta, həm də ali məktəblərdə islahatlar sistemli şəkildə aparılmalıdır ki, təhsilimizdə olan nöqsanlar aradan qalxsın. Əks halda bu acınacaqlı mənzərə ilə çox rastlaşa bilərik",-deyə M.Rəhimli fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}