14:36 / 14-10-2017
Su, su, su!!!
İşğaldakı 5 rayonun qaytarılması müqabilində ağır şərt irəli sürülür
Tarix: 15-08-2016 13:27 | Bölmə: Araşdırma / Slayd


2 aprel hadisələrindən sonra aktiv fazaya keçən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların yeni mərhələsi başlayıb.

Münaqişənin nizamlanmasında əsas tərəf kimi iştirak edən Rusiya prosesin daha sürətli getməsi üçün bir sıra addımlar atır. Rusiya prezidenti Vladimir Putinin bu məqsədlə həyata keçirdiyi səfərlər də prosesin sürətlənməsinə xidmət edir.

Doğrudur, hələlik müzakirə predmetinin əsas detalları barədə konkret məlumat verilmir. Qeyri-rəsmi məlumata görə isə, ilkin mərhələdə beş rayonun qaytarılması gündəmdədir. Lakin ondan sonrakı mərhələ barədə müəmmalı vəziyyət yaranıb. Yəni, beş rayonun qaytarılması qarşılığında Dağlıq Qarabağın qurban verilməsi ilə bağlı müəyyən fikirlər səslənir. Rəsmi Bakı bunun əksini iddia etsə də, Ermənistan tərəfinin tutduğu mövqe, Rusiyanın davranışları ortada Azərbaycanın maraqlarına uyğun olmayan detalların mövcudluğundan xəbəb verir. Bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi açıqlama da buna sübut sayıla bilər.

Sarkisyan Qarabağ məsələsindən danışaraq, birtərəfli güzəştlərin olmayacağını deyib. "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün, mən, nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram",- deyib Sarkisyan.

Azərbaycan təslimçi sülhə vadar edilir? 

Rusiya prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Serj Sarkisyanla görüşün yekununda səsləndirdiyi fikir də önəmli olduğu qədər, Azərbaycanın maraqlarına zidd görünür.

Putin deyib ki, Rusiya rəsmi Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasında maraqlıdır. Onun sözlərinə görə, Rusiya nəticənin əldə olunmasına yönəlik fəaliyyətini davam etdirəcək:

"Qarabağ düyünün açılmasına həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də İrəvan və Bakı ilə birbaşa təmaslarla yardım etməyə davam edəcəyik. Ümid edirik ki, Azərbaycan və Ermənistan qalib və məğlub olmadan kompromisli həllə nail ola biləcəklər".

Putin əlavə edib ki, Rusiya və bəzi digər Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə bilərlər.

Sarkisyanın "Dağlaq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq" bəyanatı ilə Putinin bu mesajını müqayisə etdikdə belə bir qənaətə gəlmək olar ki, ortada Azərbaycanın xeyrinə olmayan hansısa plan var. Əgər hər iki tərəfin qalib olmayacağı bir variantdan söhbət gedirsə, işğal altındakı torpaqlarla bağlı təklif olunan hansısa maddə Ermənistan tərəfindən məqbul görünür ki, buna razılaşırlar. Ermənistan üçün məqbul olan hər hansı variant isə Azərbaycan üçün böyük itki ola bilər. Deməli, ortada ya təslimçi sülh, ya da buna oxşar bir variant var və böyük güclər Azərbaycanı buna sürükləmək istəyirlər.

"Bütün müzakirə variantları ziyanımızadır"

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Reytinq”ə deyib ki, hazırda ermənilər arasında ciddi diskussiya var.

Partiya sədrinin sözlərinə görə, onların bir qismi qəsb etdiklərinin hamısını saxlamaq niyyətindədir, digərləri Rusiyanın gücü olduğu şəraitdə bir neçə rayonu qaytarmaqla, Dağlıq Qarabağı məngirləmək istəyirlər:

"Düzünü etiraf etsək, masada olan müzakirə variantları əslində ikinci mövqeyi ehtiva edir. Ermənistanda son 3-4 ayda baş verənlər, əslində işğalçı dövlətin geopolitik seçimi ilə bağlıdır. Bu da Cənubi Qafqaz uğrunda savaşan güclərin mübarizəsinin astarıdır. Dünyanı bu konfliktdə kimin haqlı, kimin haqsız olduğu qəti maraqlandırmır. Böyük güclər bu konflikti Cənubi Qafqazda ilişmək üçün qarmaq görürlər. Etiraf etmək lazımdır ki, ermənilər bizdən daha çevikdirlər. Onlar Qərb-Rusiya qarşıdurmasının hər variantda nəticəsinə hesablanmış siyasət yürüdürlər".

 

Partiya sədri bir məsələyə də diqqət yönəldərək deyib ki, bizdə haqlı olaraq, konfliktin Rusiya kökləri müzakirə edilir. Lakin unutmayaq ki, erməni-azərbaycanlı konflikti SSRİ mövcud olan zaman yaradılmışdı və dünyanın 2-ci atom nəhənginin çökməsində bu münaqişənin rolu az olmadı: "Yəni. Dağlıq Qarabağ konfliktinin Qərb köklərini də unutmamalıyıq. Bu illər ərzində ABŞ və Avropa Birliyinin nümayəndəsi kimi Fransanın Minsk qrupunun həmsədri olaraq etdiklərini, daha doğrusu, etmədiklərini xatırlamaq kifayətdir. Unutmayaq ki, BMT çərçivəsində ərazi bütövlüyümüz barədə keçirilən səsvermədə bu 2 dövlət bitərəf qalır”.

Ə.Əliyev qeyd edib ki, hadisələr qızışan zaman Qorbaçova Qərb təsirində olan milyonçu ermənilərin təsirini də yaddan çıxarmamalıyıq:

"Hazırda Sarkisyan Moskvapərəst hakimiyyətin nüfuzunu qorumağa çalışır. Kreml belə tələb edir. Əks halda Sarkisyan lazımlılığını itirir. Düşünürəm ki, Azərbaycan təmas xəttində vəziyyəti dəyişməyənə qədər məsələni uzatmalıdır. Çünki bu gün yaranmış status-kvonun masaya inikası bizim ziyanımızadır. Ermənilər elə bir durum yaradıblar ki, bütün müzakirə variantları ziyanımıza işləyir".

Rusiya ABŞ-dan kart-blanş alıb

Maraqlı məqamlardan biri də Rusiya ilə münasibətləri gərgin olan Türkiyənin rəsmi Moskva ilə əlaqələrini normal məcraya qaytarmasıdır. Qısa zaman kəsiyində Türkiyə prezidenti Ərdoğanın Rusiyaya səfəri də ortada hansısa planların olduğuna işarədir. Sözsüz ki, həmin planlardan biri də Qarabağla bağlıdır. Çünki həmin görüş ərəfəsində və görüş sonrası Ərdoğan Qarabağla bağlı açıqlamalar verdi. Ərdoğan bildirdi ki, 23 ildən artıqdır ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər və bu iş çox uzanıb. Onun sözlərinə görə, hazırda münaqişənin nizamlanmasında irəliləyiş var:

"Hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir. Bu barədə azərbaycanlı həmkarım İlham Əliyev də mənə danışdı. İlk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər".

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması barədə danışarkən Ərdoğan qeyd edib ki, Azərbaycan da bu məsələyə Türkiyə və Rusiya kimi müsbət yanaşır.

"Beş rayonun qaytarılması, Dağlıq Qarabağı, Laçını və Kəlbəcəri peşkəş etməkdir"

 

VİP sədri də hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələsi bizim üçün mühümdür. "Görünən odur ki, Rusiya ABŞ-dan Qafqazda sərbəst hərəkət üçün kart-blanş alıb. Bu baxımdan sayıqlıqla Türkiyə ilə birlikdə hərəkət edilməlidir. Hazırda Türkiyə Rusiya üçün nəfəslik missiyasını daşıyır. Bu asılılıqdan istifadə edilməlidir. Rusiyanın erməniləri ayağa verəcəyinə də sadəlöhvcəsinə inanılmalıdır. Rusiya heç bir halda erməniləri qurban verməyəcək. Zatən Putinin "Məğlub olmamalıdır" ifadəsi də buna işarə kimi başa düşülməlidir. Çalışmaq lazımdır ki, bizim torpaqlarımız hesabına Türkiyə ilə Rusiya münasibətləri yaxşılaşdırılmasın. Nəzəri də olsa, belə istək mümkündür. Türkiyə bizim ən etibarlı tərəfdaşımız olsa da, sayıqlığı əldən vermək olmaz. Mənə görə, indiki dövr hələlik məsələnin dondurulmasını diqtə edir.

Türkiyənin Qərblə münasibətləri də arzuolunan səviyyədə deyil. Bu baxımdan da siyasi dönəm ertələnməni istəyir",- deyə Əli Əliyev bildirib.

Beş rayon məsələsinə gəlincə, müsahibimiz qeyd edib ki, bu rayonlar əvəzinə Dağlıq Qarabağı qurban verməməliyik. Onun sözlərinə görə, mətbuatda aparılan təbliğat ziyanlı, məlumatsız auditoriyaya hesablanıb:

"Beş rayonun qaytarılması, Dağlıq Qarabağı, Laçını və Kəlbəcəri peşkəş etmək, ərazimizə rus qoşunlarını qaytarmaq deməkdir. Kim şübhə edir ki, yalnız işğal olunmuş ərazilərdə keçiriləcək referendumda ərazilərimizin qoparılmasına səs veriləcək? Ona görə də aparılan bu abdal təbliğata uymamalıyıq. Hakimiyyət konstitusion vəzifəsini bu illər ərzində icra edə bilmirsə, torpağı bağışlamağı deyil, istefa verməyi düşünməlidir. Açığı, iqtidar daxili zəifliyi səbəbindən məsələnin dondurulmasının tərəfdarı kimi görünür. Əgər pulun çox olduğu dövrdə heç nə edə bimədilərsə, indi daha imkansız durumdadırlar. Düzü, hakimiyyət daha çox biznes qafalı olduğundan, dövləti məsələlər ilk sırada deyildir. Dediklərimi təmas xəttindəki real durum əks etdirir. Ədalət xatirinə deməliyik ki, ordu quruculuğu sahəsində müəyyən işlər görülüb. Lakin yaradılmış üstünlük maddiləşmirsə, onun heç bir faydası yoxdur".

Ə.Əliyev ehtiyat edir ki, planlanlaşdırılan referenduma hamının susması iqtidarla razılaşmanın nəticəsi ola bilər:

"Ola bilər ki, güclər İlham Əliyevdən güzəşt tələb edir. Bu belədirsə, prezidentə dəstək verilməlidir. Söhbət YAP-a verilən dəstəkdən yox, torpağın qorunmasından gedir. Torpaq hakimiyyətin deyil, millətindir. Ona görə də, ola biləcək itki tarixi itkimiz olar. Bu səbəbdən də, ümummilli məsələlərdə iqtidar-müxalifət ayrımı olmamalıdır".

Reyting.az

 

 




7059 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər