Hökumətin anti-böhran tədbirləri effektli sayılmır; mütəxəssislər fərqli təkliflər verir
Tarix: 26-01-2016 17:52 | Bölmə: Araşdırma / Slayd

Yanvarın 19-da Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında yeni hazırlanan 8 qanun layihəsi müzakirə edildi.

Növbədənkənar sessiyasının gündəliyinə təqdim olunan sənədlər "Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi, "Əmanətlərin tam sığortalanması haqqında”, "Valyuta tənzimi haqqında”, "Dövlət satınalmaları haqqında”, "Gömrük tarifi haqqında” qanunlarda və Vergi, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri ətrafında fikir mübadiləsi aparıldı və müvafiq sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olundu. Bəzi millət vəkillərinin əks mövqe nümayişi isə nəticəyə təsir göstərmədi.

Parlamentdən kənar müstəqil ekspertlər isə hökumətin iqtisadi böhran dönəmi üçün həyata keçirdiyi tədbirlərin, süni qiymət artımına qarşı mübarizənin, yeni gömrük islahatlarının müsbət nəticə verəcəyinə şübhə ilə yanaşırlar. Onlar iddia edirlər ki, qəbul olunan qərarlar hazırki vəziyyətə adekvat deyil və problemləri yaxın dövrlərdə daha kritik həddə çatdıra bilər.

Tanınmış hüquqşünas Qurban Məmmədov «Reytinq»ə deyib ki, devalvasiyadan sonra hökumət tərəfindən hər hansı ciddi tədbirin həyata keçirildiyinə şahid olmayıb: «Real durumu okeanın ortasında kompası suya düşmüş və üzməyi bacarmayan komanda tərəfindən idarə edilən gəminin vəziyyəti kimi dəyərləndirirəm. Gəminin hər an batmaq təhlükəsi var. Artıq su almaqdadır, bu gəmi "Titanik" kimi yan yatmaqda, batmaqdaykən, onu və özlərini xilas etməli olan adamlar yenə də şəxsi hislərini təmin etməklə, rüşvət, korrupsiya və inhisarçılıqla məşğul olurlar».

Q.Məmmədov çıxış yolunun bir olduğunu deyib: "Təcili və növbədənkənar seçkilər keçirib, xalqın iradəsini ifadə edən hakimiyyət qollarını formalaşdırmaq lazımdır. İndi isə, ilk növbədə inhisarçılıq aradan götürülməli, yeni iş yerləri, istehsal sahələri açanlar bütün vergilərdən 5 il müddətinə azad edilməli, məhkəmələrdəki "bazar”lar bağlanmalıdır. Mövcud qanunları adam kimi icra etsələr, yetər. Bunlar "tapşırıq hüququ" ilə işləməyə elə vərdiş ediblər ki, heç vaxt yazılı qanunlarla işləyə bilməzlər. Ömrü boyu sürünənlər dik yerişi bacarmazlar, düz qamətin qədrini bilməzlər».

"Verilən qərarların nə məntiqi, nə ardıcıllığı var”

Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə hökumətin ekstremal situasiyaya hazır olmadığını bildirib. Onun sözlərinə görə, hökumətin kritik bir mərhələdə hərəkətə keçmədiyi, ciddi tədbirlərə başlamadığı da buna əyani sübutdur: «Hökumət bilmir nə etsin, necə etsin. Deyəsən, buna həm savadları çatmır, həm də şəxsi korrupsiya maraqları imkan vermir ki, doğru olanı etsinlər. Verilən qərarların nə məntiqi, nə ardıcıllığı var, nə də 1 həftəyə belə hesablaması. Ona görə də verilən qərarlar sonra ləğv edilir.

Həm deyirlər ki, ölkədə özəlləşmə olacaq, xarici sərmayədarlar gələcək, investisiyalar artacaq, həm də ölkədən çıxarılan 50 mindən yuxarı vəsaitə 20 faiz vergi tətbiq edirlər. Bunu duyan xarici sərmayədar nəinki ölkəyə gələr, heç xəritədə Azərbaycanın yerinə baxmaz.

Xarici investoru qoyaq bir kənara, yaxşı, tutalım, mən vicdanlı iş adamıyam, xaricdən mal-məhsul gətirmək istəyirəm, 200 min dollarlıq müqaviləm var, pul çıxardanda məndən 40 min dollar vergi alacaqlar? Bəs o zaman mən gətirdiyim malı neçəyə satmalıyam? Deməli, qiymətlər bahalaşacaq, ya da şanlı prokurorluq orqanları qapımı döyəcək ki, sən süni qiymət artırırsan. Bu zaman 40 min də onlara verib, canımı qurtarmalıyam? O zaman qiymət yenə artacaq.

Qayıdaq əvvələ, şanlı gömrük orqanları gətirdiyim 200 minlik mala rüşvət almasalar belə, 30-36 faiz arası rüsum tutacaqlar. Deməli, qiymət yenə qalxacaq.

Sonra şanlı vergi orqanı gələcək ki, 20 faiz gəlir vergisi, 18 faiz ƏDV ver! Belə olduqda qiymət yenə qalxacaq.

Bunları təzəcə yola salan kimi Əmək Müfəttişliyi gəlib deyəcək ki, bütün işçilərlə müqavilə bağla, işəgötürən kimi Sosial Müdafiə Fonduna maaşlardan 20 faiz ödə! Yenə qiymət yenə qalxacaq.

Təzəcə nəfəs almaq istəyən kimi, Elman Rüstəmov çıxacaq TV-yə və deyəcək ki, narahat olmayın, 9-cu devalvasiya olmayacaq! Bundan sonra dollarla aldığım malın qiyməti yenə qalxacaq.

Yəni, mən 200 min dollarlıq mal gətirmək üçün azı, 200 min dollar da əlavə xərcləməliyəm. Təbii ki, bütün bnlar absurddur. Yox, əgər bu absurd qayda mal gətirənlərə tətbiq olunmayacaqsa, mən həmən dönüb olacağam vicdansız iş adamı, deyəcəyəm ki, 200 min dollar çıxardıram ki, mal gətirim, gətirməyəcəyəm, heç özüm də bu ölkəyə gəlməyəcəyəm, o zaman nə olacaq?».

"Bəzi məhsulların qiymətini 100-150 faiz qaldırmaqla sabotaja əl atdılar”

"Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri, iqtisadçı jurnalist Elçin Bayramlı isə deyib ki, devalvasiyadan sonra qiymətlərin artması normal idi. Onun qənaətincə, Azərbaycanın istehlak bazarının böyük hissəsi idxaldan asılıdır ki, bu məhsulların çoxu da valyutaya alınır. Ona görə də, xaricdən alınan məhsulların qiymətinin 50 faizədək artmasını başa düşmək olardı:

"Lakin işbazlar, inhisarçılar bu vəziyyətdən sui-istifadə edib xalqa və dövlətə ciddi zərbələr vurdular. Belə ki, əvvəla yeni partiya mal gətirməmiş ucuz aldıqları köhnə partiyanın malını ikiqat baha qiymətə satdılar. Ən əsası, bəzi sahələrdə qiymətləri 50 faiz faiz yox, 100-150 faiz qaldırmaqla sabotaja əl atdılar. Məsələn, dərmanlar və siqaret satışında vəziyyət belədir və hələ də ciddi tədbir görülməyib. Başqa sahələrdə dövlətin müdaxiləsi təqdirəlayiqdir. Nəticəsi də özünü göstərir - bəzi vacib məhsulların qiymətinin həddən çox bahalaşmasının qarşısı alındı”.

E.Bayramlı bildirib ki, taxıl idxalına ƏDV-nin götürülməsi çörək və un məsələsində ciddi dəyişiklik yaradıb: "Lakin undan hazırlanan makaronun qiyməti 100 faiz bahalaşıb və hələlik buna qarşı tədbir görülməyib. Ümidvaram ki, tezliklə dərman və siqaretlərin qiymətlərinə də əncam çəkiləcək. Xüsusiylə dərmanlar son dərəcə vacibdir. İdxalçı xaricdən 1 dollara aldığını 1,5 dollara satsa normaldır, amma 2-3 dollara satması anormaldır.

Mən bu istiqamətdə həbsləri çox normal qarşılayıram, böhran vəziyyətlərində xalqa və dövlətə qarşı sabotaj edən, süni ajiotaj yaradanlar cəzalanmalıdır. Azad bazar nağılları belə hallarda keçmir. Hətta nümunə göstərilən ölkələrdə belə, böhran dövrlərində dövlət prosesə ciddi müdaxilə edir».

Hökumət prezidentin çağırışına çevik reaksiya verməlidir

 

Gömrüklə bağlı məsələyə gəlincə, eksper nəzərə çatdırıb ki, bu sahədə islahatlar davam etməlidir. E.Bayramlı hesab edir ki, ölkəyə mal idxalı və ölkədən mal ixracı asanlaşdırılmalıdır: «Maneələr aradan qaldırılmalı, rüsumlar azaldılmalıdır. Kiçik təsərrüfatların inkişafına diqqət göstərilməlidir. Strateji ehtiyatların bir neçə milyardı ölkəyə gətirilib real iqtisadiyyata buraxılsa, tezliklə istehsal həcmi artar və yüz minlərlə adam özünü işlə təmin edər. Bu tədbirlər görülsə, ölkədə mal bolluğu yaranar, artıq malı xaricə satıb ölkəyə başqa mallar gətirərlər. Ümumiyyətlə, hökumət prezidentin çağırışına çevik reaksiya verib proqram hazırlamalı, qeyri-neft sektorunun sürətlə inkişafını, bu sahədə maneələrin aradan qaldırılmasını təmin etməlidir. Belə olarsa, qısa müddətə böhrandan çıxmaq mümkündür».

Ziddiyətli qərarların verildiyi biznes mühiti sahibkar üçün cəlbedici ola bilməz

Tanınmış iqtisadçı Rövşən Ağayev isə hökumətin qiymət artımına qarşı inzibati üsullarla mübarizəsini müsbət qiymətləndirmir. Yumurta istehsalçılarının "süni qiymət artımı" ittihamı ilə həbs edildiyini xatırladan müsahibimiz qeyd edib ki, bizim anti-inhisar qanunvericiliyinə görə, müəssisə və şirkətlərin qiymətlərinə dövlət müdaxiləsi bir halda mümükündür - hökumət bazarda inhisarçı mövqeyini təsbit etdiyi müəssisə və şirkəti İnhisarçı Müəssisələrin Dövlət Reyestrinə daxil edir: «Bundan sonra həmin şirkətin bazar davranışları və fəaliyyəti, qiymətləri ilə bağlı tənzimləmələr müəyyənləşir. Əgər sonradan bu tənzimləmə gözlənilməzsə, qanun pozuntusu olarsa, xüsusiylə də bu şirkətlər bazardakı mövqeyindən istifadə edərək süni məhsul qıtlığı yaradarsa onlara qarşı cinayət təqibləri başlana bilər.

Diqqət edin - qanunda süni qiymətdən yox, məhz süni məhsul qıtlığı yaratmaqla qiymətlərə təsir etməkdən söhbət gedir. Hökumət bir həqiqəti bilsin ki, qanunlarda əks edilməyən, yaxud hüquqi əsaslandırması yetərincə ziddiyətli olan qərarların verildiyi biznes mühiti nə yerli, nə də əcnəbi sahibkar üçün cəlbedici ola bilməz. Ümumiyyətlə, bizim anti-inhisar qanunvericiliyində "süni qiymət artımı" anlayışı yoxdur».

R.Ağayev bildirib ki, bu mövzunu dərindən araşdırmaq istəyənlər bir sıra normativ-hüquqi aktları diqqətlə nəzərdən keçirə bilərlər. Belə ki, "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi haqqında” 24 dekabr 1992-ci il tarixli Prezident fərmanı, Nazirlər Kabinetinin 120 saylı 29 may 1998-ci il tarixli "Anti-inhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”, "Anti-inhisar fəaliyyəti haqqında” Qanun, "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 saylı Qərarı və digər bu kimi digər sənədlərdə mübarizə üsulları təsbit olunub.

Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü Eldəniz Quliyev isə bildirib ki, hər bir dəyişiklik ən əvvəl düşünülmüş, məntiqə və təbii ki, Ana Yasaya istinadən aparılmalıdır. Onun sözlərinə görə, bu gün hansısa qərar qəbul edib sabah onu ləğv edəcəksənsə, əlbəttə, hakimiyyətə inam səngiyəcək:

«Bu gün hamı köklü dəyişiklərin zərurətindən danışır və haqlıdırlar. Ancaq dəyişiklik və islahatlar üçün birinci şərt konsepsiyadır, dəqiq düşünülmüş proqramdır. Bunlar yoxdursa, nəticə də olmayacaq.

Bir sözlə, dəyişiklik və islahatlar deklorativ xarakter daşımamalıdır,- bu, heç nə etməməkdən də pisdir. Düşünürəm ki, iqtisadi-maliyyə və sosial problemlərin siyasi faciəyə çevrilməməsi üçün gecikmədən həqiqi islahatlara start verilməlidir».

Hökumətin kompleks tədbirlər paketi yoxdur

İqtisad elmləri doktoru Qubad İbadoğlunun fikirlərinə gəlincə, o, hesab edir ki, Milli Məclisdə iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi göstərdi ki, hökümət yenə də kompleks tədbirlər paketinə malik deyil. Onun sözlərinə görə, cari problemlərin sistemsiz həllinə yönələn ayrı-ayrı dəyişikliklərin birlikdə və uzunmüddətli dövrdə əhəmiyyətli nəticələrə gətirəcəyi şübhə doğursa da, ümumilikdə parlamentin də bu müzakirəyə qoşulmasını müsbət dəyərləndirir:

«Qəbul edilən qərarlar arasında bəziləri hökümətin hələ də inzibati tənzimləmə çərçivəsinə üstünlük verdiyini deməyə əsas verir. Onlar arasında ən çox narahatlıq doğuranı kapitalın hərəkətinə nəzarətin gücləndirilməsidir. Kapitalın hərəkəti xarici investorlar üçün həssas məsələdir, bu, xaricdən ölkəyə sərmayələrin cəlbinə əngəl yarada bilər. Onsuz da ötən il milli iqtsiadiyyata kapital qoyuluşu azalıb. Əslində gözləntilərimiz ixracatın stimullaşdırılması və xarici investisiyaların təşviqi ilə bağlı paketin qəbulu idi. Çünki hazırda ölkənin ən çox ehtiyacı əlavə maliyyə qaynaqlarının yaradılması və ölkəyə valyuta gətirilməsinə nail olunmasıdır. Bunun üçünsə ilk növbədə investorlarahüquqi təminatlar vermək lazımdır».

Müsahibimizin fikrincə, investorlar üçün bir sıra şərtlər vacibdir. Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış tətbiq olunmalıdır:

«Qanunla icazə verilən və tənzimlənən tərzdə korporativ qurumların nəzdində olan bütün sektorlara hər bir formada investisiya yatırmaq;

Milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət;

Qanunla tələb olunan vergilərin və digər ödənişlərin ödənilməsindən sonra gəlirlərin xarici valyuta ilə xarici ölkələrə köçürülməsinə zəmanət;

Münaqişələri ədalətli və müstəqil olan yerli məhkəmədə həll etməyi və ya yerli, yaxud beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək hüququna zəmanəti önəmlidir».




947 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər