Orta məktəb dərsliklərimiz standartlara cavab vermir – Ekspertlər
Tarix: 04-03-2017 16:26 | Bölmə: Araşdırma / Slayd

Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə, dərsliklərin monitorinqi yalnız Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.

Qeyd edək ki, indiyədək elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.

Təhsil üzrə ekspert Etibar Əliyev məsələ ilə bağlı Reyting.az saytına deyib ki, DİM tərəfindən dərsliklərin monitorinqinin aparılmasını müsbətdir. Onun sözlərinə, DİM-in müvafiq strukturunun fəaliyyətini normal qiymətləndirmək olar.

Espert qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində də dərsliklərlə bağlı qurumlar var, amma bütün bunlara baxmayaraq, dərsliklərdə problemlər mövcuddur:

«DİM-in nəzdindəki monitorinq qrupu dərsliklər çap olunandan sonra monitorinqə başlayırlar. Bu da yaxşı hal deyil. Əslində dərsliklər çap olunana qədər prosesə qoşulmalı idilər”.

E.Əliyevin sözlərinə görə, dərsliklərin hər fənn üzrə qiymətləndirilməsinə qədər Qiymətləndirmə Şurası və digər aidiyyatı qurumlar bu prosesi birgə aparmalıdırlar:

"Bu qurumların müştərək fəaliyyəti nəticəsində ortaya normal dərsliklər çıxmalıdır. Amma təəssüf ki, dərsliklərdə çox böyük qüsurlar var».

E.Əliyev onu da bildirib ki, hazırda dərslik yazan müəlliflər çox zəifdirlər və ölkədə fənlər üzrə peşəkar müəlliflər yoxdur: «Bunun əsas səbəblərindən biri vaxtilə bu sahənin də inhisarda olması ilə bağlı idi. Çox təəssüflər olsun ki, bu gün də inhisarçılıq elementləri mövcuddur. Fizika dərslikləri yenə də inhisardadır. Ümumilikdə prosesə yaxşı müəlliflər qoşulmurlar. Hətta nəşriyyatların da müəllif seçimində xeyli qüsurlar var. Bu istiqamətdə DİM-in keçirdiyi monitorinq işə yarasa da, bu, təkrar çapda nəzərə alınır. Bu da təbii ki, qüsurdur».

Təhsil üzrə digər ekspert Kamran Əsədov isə təəssüflə qeyd edib ki, Azərbaycanda hələ də dərslik institutları fəaliyyət göstərmir: "Dünya təcrübəsində dərslikləri nəşriyyatlar yazmır. Dərslik institutları olur, orada uzun təcrübəyə malik, kurslar, treninqlər keçmiş müəlliflər tərəfindən bir neçə dərsliklər yazılır. Sonda ən yüksək qiymətləndirilən dərslik keçir".

Ekspert bildirib ki, bu gün Azərbaycan dərsliklərin çəkisi və ölçüsünü çıxmaq şərtilə heç bir digər meyar üzrə beynəlxalq standartlara cavab vermir: "Bizim dərsliklərin informasiya yükü çoxdur. Dünya təcrübəsində dərslik nə qədər sadə, əlçatan, oxunaqlı olarsa, yaxşı dərslik hesab olunur”.

K.Əsədovun fikrincə,Təhsil Nazirliyi bütün dərsliklərin monitorinqini sifariş verməlidir: "Dövlət İmtahan Mərkəzi dərsliklərin həm də qəbul prosesinə uyğunluğunu yoxlayır. Bütün dərsliklərin monitorinqi aparılmasa, nəticədə dövriyyədə olan dərsliklər daha bərbad vəziyyətdə olacaq.

Bu məsələnin maliyyələşməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Orta ümumtəhsil məktəblərində istifadə olunan bütün dərsliklər Dövlət İmtahan Mərkəzi tərəfindən yoxlanılmalıdır. Bu gün dövriyyədə olan kitablarda kifayət qədər ciddi nöqsanlar var".

Ekspert deyib ki, bir mərkəz tərəfindən dərsliklərin qiymətləndirilməsi dünya təcrübəsində qəbul edilən mexanizm deyil: "Bir mərkəz tərəfindən yoxlanılarsa, qüsurlar gözdən qaça bilər. Təəssüf ki, Dərsliklərin Qiymətləndirilməsi Şurasında olan ekspertlər müəlliflər qədər təcrübəli və savadlı deyillər. Ekspertlər dərslik müəlliflərindən savadlı olmalıdır".

Müsahibimiz sonda qeyd edib ki, bununla əlaqədar müstəqil mütəxəssislərdən ibarət ayrıca bir qurum da yaradıla bilər: "Dünya təcrübəsində dərsliklərin qiymətləndirilməsini heç bir dövlət orqanı həyata keçirmir. Bunu müstəqil qurum həyata keçirir".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}