23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Hökumət ölkənin ərzaq təhlükəsizliyini təmin edə bilmir
Tarix: 18-06-2017 12:12 | Bölmə: Araşdırma / Slayd


Yarıtmaz fəaliyyət Azərbaycanı xaricdən gətirilən məhsullardan asılı qoyub

Son illər ölkədə kənd təsərrüfatının inkişafı üçün müxtəlif tədbirlər görülsə də, bu sahədə ciddi irəliləyiş müşahidə olunmur. Xüsusən də ərzaq təhlükəsizliyinin təmin olunması üçün vacib məsələyə yönəlik ciddi addımlar atılsa da, reallıq fərqli mənzərini üzə çıxarır.

Təbii ki, ərzaq təhlükəsizliyi dedikdə əsas sahələrdən biri taxılçılıqdır. Uzun illərdir ki, dövlət başçısı səviyyəsində ölkədə taxılçılığın inkişafına səylər göstərilsə də, müvafiq qurumların yarıtmaz fəaliyyəti səbəbindən ciddi irəliləyiş əldə olunmayıb. 

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli "Reytinq" qəzetinin əməkdaşına deyib ki, taxılçılıq sahəsində irəliləyiş əvzinə geriləmə var.

Ekspertin sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, builki vəziyyət ötənilkindən də acınacaqlıdır. Aidiyyatı qurumlar isə iqlim dəyişikliyini nəzərə almırlar:

"Əslində, ölkədə iqlim dəyişikliyinə uyğun sortlar yetişdirilməli və əkində o sortlardan istifadə olunmalıdır. Yəni, dözümlü sortlar yetişdirilməlidir ki, məhv olmasın. Təəssüflər olsun ki, bizdə məsələyə bu cür yanaşmırlar. Bir-iki kombayn alıblar, hər dəfə də gözə soxurlar ki, guya hökumət bu sahəyə dəstək verir. Amma burada ən vacibi elmi dəstəkdir. Hər şeydən əvvəl bu sahəyə uyğun peşəkarlar yetişdirilməlidir".

V.Məhərrəmlinin sözlərinə görə, bu sahəyə ayrılan subsidiyanın mexanizmləri işlənib hazırlanmalıdır ki, nəticə əldə olunsun: "Bunlar isə özlərindən rəqəm uydururlar, hər il deyirlər ki, 3 milyon ton taxıl istehsal olunub. Amma ölkənin ərzaq buğdasına olan ehtiyacı idxalın hesabına ödənilir. Hətta toyuq yemi də xaricdən gətirilir. Yəni, ölkə özünün adi taxıl məhsullarına olan tələbatını ödəyə bilmir.

Bu il məhsuldarlıq ötənilkindən 40 faiz az olacaq. İntensiv yağışların yağmasını, dolunun düşməsini bəhanə gətirəcəklər.

Təbiət hadisəsi hər yerdə olur. On ildir ki, təkliflər veririk. Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirini dəfələrlə vurğulamışıq və buna uyğun tədbirlər görülməsini demişik".

V.Məhərrəmli iddia edir ki, ölkədə kənd təsərrüfatının inkişafdan qalmasının əsas səbəblərindən biri də bu sahədəki qüsurlu idarəçilikdir. Onun sözlərinə görə, bu sahə ilə bağlı görülən yeganə iş imitasiya etmək, rəqəm manipulyasiyaları ilə məşğul olmaqdır:

"Kənd təsərrüfatı naziri deyir ki, ölkədə kənd təsərrüfatı inkişaf edir və bu sahədə məhsul istehsalı artıb. Amma Dövlət Gömrük Kömitəsinin məlumatına əsaslanıb onu demək olar ki, aqrar sahədə vəziyyət pisləşib və hətta kritik hal alıb.

Belə ki, bu ilin 5 ayı ərzində 2016-cı ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı dəyər ifadəsində 18,69 faiz artıb. O cümlədən ət idxalı - 191 faiz, kəsim üçün diri heyvan idxalı - 44,9 faiz, süd - 77 faiz, heyvan mənşəli məhsullar - 122 faiz, çay - 21 faiz, şəkər - 16 faiz, yeməli meyvələr və qoz-fındıq - 13 faiz, müxtəlif ərzaq məhsulları - 32 faiz, tütün və tütün məmulatları idxalı 11 faiz artıb. Bu isə o deməkdir ki, Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edə bilmir".

Ekspertin sözlərinə görə, hökumət rəsmi rəqəmlərdə əkin sahələrini çox göstərsə də, əslində azdır. "Əkin sahələrinin bir hissəsi pambıq altına verildi. Çox təəssüf ki, harda taxıl əkilirdi, indi o ərazilərdə başqa fəaliyyətlə məşğul olurlar. Tütün, pambıq əkirlər, baramaçılıq üçün çəkil sahəsi salırlar. Bu da ümumilikdə taxıl ərazisinin azalmasına səbəb olur.

Digər tərəfdən, suya olan tələbat da tam ödənilmir. Yəni, problemlər çoxdur, amma bunlar problemi həll etmək gücündə deyillər. Nə normal kadr yetişdirirlər, nə də işə elmi yanarışlar. Buna görə də vəziyyət olduqca pisdir",- deyə V.Məhərrəmli əlavə edib.

Ekspert onu da nəzərə çatdırıb ki, ərzaq buğdası ilə bağlı problem hələ də həll olunmamış qalır. Əhalinin alıcılıq qabiliyyətinin azaldığını xatırladan V.Məhərrəmlinin sözlərinə görə, insanların vəziyyəti o qədər ağırlaşıb ki, hətta çörək alışının səviyyəsi də aşağı düşüb: "Satıcılar da bildirirlər ki, əgər əvvəllər gündə 1000 çörək satırdılarsa, indi bu rəqəm 600-700-ə düşüb".

Eksepert bu il taxıl idxalının azaldığını da deyir: "Amma bu, o demək deyil ki, tələbatı özümüz ödəyirik. Azərbaycan qışda taxıl istehsal etmədi ki, öz tələbatını ödəsin? Azalma ona görə baş verib ki, istehlak azalır. Yəqin ki, hökumət bundan manipulayasiya edəcək, rəqəmləri göstərəcək və deyəcəklər ki, guya daxili istehsal artıb. Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan ərzaq buğdasına görə tam asılı vəziyyətdədir".

Ekspert qeyd edib ki, son bir ayda ərzaq buğdasının qiyməti 30 faiz artıb - 130 dollardan 175 dollara qədər bahalaşıb:

"Hökumət bunu hər hansısa formada kompensasiya etməsə, ciddi bahalaşma olacaq. Görürsünüz, onsuz da edə bilmirlər.

Yumurta ilə bağlı təzyiq edirlər, amma sonradan artım olur. İndi mövsümdür, yumurtanın qiyməti onsuz da düşür. Yəni, burada hökumətin heç bir əməyi yoxdur.

Qiymət artımının qarşısını almaq üçün istehsala təsir edən problemlər aradan qaldırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin isə bu istiqamətdəki fəaliyyəti sıfıra bərabərdir".

Həmsöhbətimiz deyib ki, bu sahəyə cavabdeh olan şəxslər cəmiyyəti aldatmaqla məşğuldurlar. Onun fikrincə, Kənd Təsərrüfatı Nazirliyində "Aqrolizinq" ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasının keçirilməsi və bu iclasda "Aqrolizinq" ASC işçilərinin bəzilərinin işdən azad edilməsi, bəzilərinə şiddətli, şiddətsiz töhmətlər verilməsi, bəzilərinə isə xəbərdarlıqlar edilməsi özünü doğrultmayan, iflasa uğrayan sovet idarəçilik sistemini xatırladır:

"Sahəyə cavabdeh olan qeyri-peşəkar məmurlar çalışır ki, iş görüntüsü yaratsınlar. Əslində isə uzun müddətdir ki, "Aqrolizinq"in fəaliyyəti, göstərdiyi xidmətin keyfiyyəti fermerləri qane etmir. Fermerlərə güzəştli şərtlərlə verilən gübrə və pestisidlərin keyfiyyəti, istifadə müddəti və dəyəri ilə bağlı həmişə ciddi suallar yaranıb. Dövlət büdcəsi vəsaitləri hesabına inhisarçıya çevrilmiş "Aqrolizinq" ASC-nin mövcudluğu digər özəl oyunçuların bu sahəyə girişini əngəlləyir. Bu qurumun tezliklə buraxılması özəl şirkətlərin bu bazara girişinə geniş imkan açar və bu yolla fermerlər, kəndlilər ucuz və keyfiyyətli xidmət imkanı əldə edə bilərlər.

Baxın, artıq bölgələrdə taxıl biçininə başlanmalıdır, ancaq "Aqrolizinq"ə fermerlərin texnikaya, taxılyığan kombaynlara olan ehtiyacını müəyyən etmək üçün tapşırıq indi verilir.

Pambıq səpini yekunlaşıb, lakin istehsalçıların texnikaya, gübrəyə olan tələbatlarının müəyyənləşdirilməsi tapşırığı indi verilir.

Bu iclasdan aydın şəkildə görünür ki, kənd təsərrüfatı naziri işlə yox, imitasiya ilə məşğuldur".

Sonda V.Məhərrəmli nəzərə çatdırıb ki, hakimiyyətin düşünülməmiş, yarıtmaz siyasəti ölkə iqtisadiyatına çox ciddi, sarsıdıcı zərbələr vurur. Onun qənaətincə, son zamanlar təbii biçənək, örüş və yem bitkiləri sahələrinin azaldılması hesabına pambıqçılığı, baramaçılığı, tütünçülüyü inkişaf etdirmək yolu seçmiş hakimiyyət nəinki bu sahələrdə irəliləyiş əldə edə bilməyib, əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında çox əhəmiyyətli sahə olan heyvandarlığı çıxılmaz duruma salıb:

"Son illərdə örüş, təbii biçənək sahələri 150 min hektardan çox azaldılıb. Bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının kəskin azalmasına, ət və süd məhsulları idxalının ciddi artımına səbəb olub.

Belə ki, 2013-cü ildə ölkəyə 15,1 milyon dollar dəyərində ət və ət məhsulları idxal olmuşdursa, 2016-cı ildə bu göstərici 2,5 dəfə artaraq 38, 6 milyon dollar təşkil edib.

Üç il əvvəl, 2013-cı ildə ölkəyə 64 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, keçən il bu rəqəm 93, 1 milyon dollara qədər artıb".

Müsahibimiz qeyd edib ki, Dövlət Gömrük Kömitəsinin məlumatına əsasən, bu ilin 5 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı, kəsim üçün diri heyvan idxalı, süd və heyvan mənşəli məhsulların idxalı dəfələrlə artıb. "Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, son günlər otun qiyməti 2,5 dəfə bahalaşıb. İndiki halda otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir. Yaxın günlərdə heyvandarlıq məhsullarının istehsal xərcinin kəskin artması istehsalın ciddi azalmasına və əldə olunan malın, məhsulun qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yaranmış vəziyyətdən bu məhsullar üzrə istehsalda və idxalda inhisarçı mövqe tutan oliqarx-məmurlar faydalanacaqlar",- deyə V.Məhərrəmli fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}