23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycanın turizm sektoru pərakəndə vəziyyətdədir
Tarix: 12-08-2017 17:13 | Bölmə: Araşdırma / Slayd

Azərbaycanın turizm sektoru pərakəndə vəziyyətdədir

Artıq yay turizminin son ayını yaşayırıq. Nəzərə alsaq ki, ölkəmizdə avqust ayında məzuniyyət götürənlər çox olur, o zaman belə qənaətə gəlmək olar ki, hazırda turizm mövsümünün ən qaynar dövrünü yaşayırıq.

Təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə istirahət etmək olduqca bahadır. Orta statistik ailənin bir həftə dincəlməsi üçün rayonların birinə getməsinə təxminən 500-600 manatdan çox vəsait tələb olunur. Təbii ki, bu vəsaitlə yalnız orta səviyyəli ev kirayələyir və gündəlik yeməyi özün təşkil etməli olursan. Çünki istirahət mərkəzlərində, yaxud hotellərdə bir ailəinin dincəlmə xərcləri ən az iki dəfə artır.

Qismən ucuz qiymətə maraqlı turlar da təklif olunur. Amma turlar ailələrə, xüsusən də azyaşlı uşaqlılara sərf eləmir.

Apardığımız araşdırmalara görə, hazırda bu cür turları təşkil edən kifayət qədər qurumlar var. Həftə sonu üçün bölgələrə turlar təşkil edən turizm şirkətlərindən biri də "Way travel”dir. Bu şirkət şənbə və bazar günləri ölkədaxili bir neçə istiqamətə turlar təşkil edir. Xüsusən gənclərə hesablanan bu turların qiyməti elə də yüksək deyil:

Quba turu - 20 manat

Qəbələ turu - 23 manat

İsmayıllı - Lahıc turu - 23 manat

Quba - Qusar Laza turu - 25 manat

Şəki - Qəbələ turu - 25 manat

Masallı -Yardımlı turu - 25 manat.

Yuxarıda sadalanan turlara nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər xidməti, fotosessiya daxildir. Bundan başqa, tur iştirakçıları ekskursiyalarda da iştirak edə bilərlər. Ekskursiyalar isə Şəki-Qəbələ turunda Nohurgöl, Şəki Xan sarayı, Karvansaray, Sənətkar emalatxanaları və Halvaçı dükanına olur.

Lahıca səfər edənlər isə Asma körpü, Şəlalə, Hacı Paşa evi və Lahıc qəsəbəsinə baş çəkə bilərlər.

Masallı-Yardımlı turunu seçənlər isə Təkdəm şəlaləsi və İstisuyu görmək şansı əldə edirlər.

Ölkənin şimal bölgəsinə üz tutanlar Qubada Qəçreş meşəsi, Qırmızı qəsəbə və Çənlibel gölü ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Qeyd edək ki, 5 yaşa qədər bir uşaq turda pulsuz iştirak edə bilər. Həmçinin 10+1 kampaniyası da mövcuddur ki, tura qatılan hər 11 nəfərlik qrupda 11-ci şəxs turdan pulsuz yararlanır.

Məlumat üçün bildirək ki, muzeylərə giriş bileti qiymətə daxil deyil.

Onu da qeyd edək ki, əhalinin böyük əksəriyyəti rayonlara gedərək orada ev kirayələyirlər. Amma bu variantı seçənlər də kifayət qədər xərcə düşürlər.

"Turizmfins”in məlumatına görə, vətəndaşların istirahət üçün ən çox üz tutduğu yerlərdən biri də Gəncədir. Bu bölgədə kənd evlərinə üstünlük verənlər, əsasən Toğana, Hacıkənd, Xoşbulaq və Göygöl rayonunun ərazisini seçirlər.

Hacıkənddə turizm məqsədi ilə 25 evin olduğu bildirilir. Evlər bir və iki mərtəbəlidir. Evlər əsasən iki otaq və bir aynabənddən ibarətdir. Evin bir günlük qiyməti 50 manatdır.

Qeyd edək ki, əksər bölgələrdə otaqlar icarəyə verildiyi halda, Hacıkənddə evlər bütövlükdə qonaqlara verilir. Həmçinin, burada evləri aylıq da icarələmək mümkündür. Bu zaman 700-800 manat tələb olunur.

Xoşbulaqda evlərin mövsümlük kirayəsi 2-3 min manatdır. Yəni, 3 ay yay mövsümü üçün bu qədər pul ödəmək lazım gəlir.

Göygöl rayonunda da kifayət qədər kənd evləri var. Burada evlərin qiyməti bir qədər ucuzdur. Gündəlik ev kirayələmək yerindən və şəraitindən asılı olaraq 20-30 manat arasında dəyişir. Evlərin aylıq icarə qiymətləri isə 170-500 manat arasındadır.

Toğana, Zod 1 və 2-də də icarə üçün evlər var. Zodda evlərin aylıq icarəsi 400-500 manatdan başlayır. Toğanada evlərin 3 aylıq icarə qiymətləri isə 500-1000 manat arasında dəyişir. Çaykənddə də icarəlik kənd evləri var. Burada evlərin gündəliyi 50-80 manat arasında dəyişir.

Qeyd edək ki, adları sadalanan bu bölgələrdə evlər bütövlükdə təqdim olunur, ev sahibi həmin evdə yaşamır.

İsmayıllıdakı kənd evlərinə gəlincə, burada əsasən 3 kənddə - Cülyan, Buynuzdağ və Xanagahda belə kənd evlərinin olduğu bildirilir. Evlər 1-2 mərtəbəli və villalardır. 2 otağı və bir zalı olan evlər 50 manatdır (gündəlik). Bundan başqa, 3 və 4 otaqlı evlər də var. Bu evləri kirayələmək isə 80-100 manata başa gəlir. Evin hansı kənddə olması qiymətə təsir etmir. Yalnız evin şəraiti və otaq sayına görə qiymətlər dəyişir.

Qonaqlar üçün villalar da təqdim olunur. Villaların bir günlük icarə haqqı 150-200 manatdır.

Maddi imkanı yüksək olan ailələr üçün seçim imkanı böyükdür. "Way travel” (6 gecə 7 günlük) Mərkəzi Avropaya da tur təşkil edir. Səfər sentyabrın 18-dən 24-nə kimi davam edəcək. Tura Macarıstan, Çexiya, Almaniya və Polşa daxildir.

Turizm şirkətindən "turizm.fins.az”-a verilən məlumata görə, sadalanan ölkələrin hər birində 1 gün qalmaq mümkün olacaq. Yalnız Almaniyada iki gün qalmaq mümkündür. Turun qiyməti 340 avrodur. Qiymətə 4 ulduzlu hotellərdə gecələmə, tur proqrama uyğun olaraq nəqliyyat xidməti, qidalanma (səhər yeməyi), şəhər ekskursiyaları və bütün marşrutlar boyu bələdçi xidməti daxildir. 340 avroya aviabilet, viza rüsumu və bəzi muzeylərə giriş daxil deyil.

Bir vaxtlar keçmiş Sovet respublikaları arasında olduqca məşhur olan Yessentukidəki (Mineralnaya Voda) sanatoriyalara indi də ölkə vətəndaşlarımız arasında maraq var. Burada turistlər istirahət etməklə yanaşı həm də bir çox xəstəliklərdən müalicə oluna bilərlər.

"Way Travel”dən verilən məlumata görə, Yesuntuki sanatoriyalarında ürək, mədə-bağırsaq və digər xəstəliklərin müalicəsi mümkündür. Burada müştərilərə fizioterapiya, xüsusi vanna qəbulları və mineral sularla müalicə təklif olunur.

Yessentukidə istirahət üçün xərclənəcək pula gəlincə, avqustun 20-dən sonra 1 nəfər üçün adıçəkilən istiqamətə aviabilet qiyməti 422 manat edəcək. Müalicə müddətinə gəldikdə isə, bu müddətin ən azından 10 gün olması tövsiyyə olunur.

Pavlova adına sanatoriyada bir nəfərin 10 gün istirahət və müalicə qiyməti 1430 manatdır. Əgər iki nəfər 10 gün qalmaq istəsə, o zaman 1823 manat ödəmək lazım olacaq.

Göstərilən qiymətlərə 10 gün qonaqlama, gün ərzində 3 dəfə qidalanma, müayinə və müalicə daxildir.

Təbii ki, qeyd olunan turlar, istirahət paketlərindən yararlanan ölkə vətəndaşları var. Amma bir məsələ də var ki, ölkə əhalisinin əksəriyyəti obyektiv və subyektiv səbəblərdən bu imkanlardan məhrumdur.

Turizm üzrə ekspert Leyla Əliyeva deyib ki, Azərbaycanda turizmi inkişaf etdirmək üçün geniş potensial mövcuddur. Onun sözlərinə görə, turizmin inkişafına dair dövlət proqramlarının təsdiq olunmasına baxmayaraq, turizm sektorunun inkişafı qonşu ölkələrlə müqayisədə zəifdir.

Turistlərin sayına görə də Azərbaycan dünyada sonuncu yerlərdən birini tutur:

«Turistlər səfər etdikləri ölkələrdə əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər, qiymətlər və s. bu kimi amillərə diqqət verirlər. Bu amillərdən birinin olmaması yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına mane olur”.

L.Əliyevanın sözlərinə görə, Azərbaycana turistlərin gəlişi üçün bir sıra infrastruktur tədbirləri görülsə də, boşluqlar hələ də var:

"Əvvəla, hotellərin qiymətləri bahadır. 5 ulduzlu hotellərdə nömrənin qiyməti 300-1500 manat arasında dəyişir. 1-2 və 3 ulduzlu hotellərin sayı isə olduqca azdır.

Restoranlarda xidmətin keyfiyyəti yüksək olmamaqla bərabər qiymətlər bahadır. Restoran idarəçiləri, ümumiyyətlə idarəçilər daimi xarici müştəri qazanmaqda maraqlı deyillər. Birinci dəfədən qonaqdan daha çox pul qazanmağa maraq göstərirlər. Məsələn, bəzi restoranlarda menyuda qiymətlər göstərilmir. Hotellərdə isə qiymətlər bəzən adamına görə dəyişir».

Ekspert nəzərə çatdırıb ki, Azərbaycanda nəqliyyat vasitələri də xidmət tələblərinə uyğunlaşdırılmayıb. Onun qənaətincə, köhnə və yararsız nəqliyyat vasitələri hələ də istismardadır ki, bu da ciddi narazılığa səbəb olur:

«Azərbaycanda istirahət etmək hələ də baha başa gəlir. Yuxarıda qeyd etdiyim kimi, bu, həm ölkədə istehlak qiymətlərinin baha olması, həm də sahibkarların izafi xərclər səbəbindən gələn turistlərdən daha çox qazanmağa cəhd göstərmələri ilə bağlıdır.

Azərbaycanda turizm günlərinin sayı da azdır. Qış turizmi yaxşı inkişaf etdirilməyib. "Şahdağ” Turizm Mərkəzinin mövcudluğu, hələ qış turizminə də sərmayə yatırılması demək deyil.

Amma Azərbaycanın təbii resursları digər bölgələrdə də qış turizminin inkişafına imkan verir. Bu bölgələrə sərmayə yatırılması həm də ərazidəki əhalinin işlə təmin olunmasına gətirib çıxara bilər. Ümumiyyətlə, Azərbaycanda turizm sektoru hazırda pərakəndə, xidmət səviyyəsi elə də yüksək olmayan bir sahə təsiri bağışlayır».

İqtisadçı-alim Teyyub Əliyev isə Reyting.az-a deyib ki, son illər turizmin inkişafı üçün Azərbaycanda müəyyən işlər görülüb. Onun sözlərinə görə, bunun nəticəsində hər il ölkəmizə gələn turistlərin sayında müəyyən artım hiss olunur: «Amma hələlik bu sahədə ciddi dəyişikliklərin olduğunu söyləmək olmaz. İstirahət edənlərin sayının çox olması onlara xidmət edənlər üçün sərfəlidir, iqtisadi cəhətdən səmərəlidir. Ancaq bunu Azərbaycanda istirahət edənlərin mütləq əksəriyyəti üçün demək mümkün deyil».

T.Əliyev bu sahədəki bir sıra problemlərə də toxunub. «Əvvəla, muzdla işləyənlərin mütləq əksəriyyətinin aylıq məvacibi normal istirahət etməyə imkan vermir. Pensiyaçılar üçün isə istirahət etmək əlçatmazdır. Məvacibin, pensiyanın azlığı, istehlak mallarının gündən-günə bahalaşması bu kateqoriyadan olan insanlar üçün haradasa istirahət etmək haqqında düşünməyə belə imkan vermir.

İkincisi, Azərbaycanın, o cümlədən hazırda istirahət etdiyim Nabranın istirahət ocaqlarının mütləq əksəriyyətində qiymətlər baha, xidmət mədəniyyəti ən aşağı səviyyədədir. Bu səbəblərdən də, istirahət etmək imkanı olanların çoxu növbəti ildə istirahətlərini xaricdə keçirmək haqqında düşünürlər».

Bir sıra ölkələrdə vaxtaşırı səfərdə olan, müxtəlif sahələr üzrə araşdırma aparan tanınmış hüquqşünas İlqar Altay da mövzu ilə bağlı fikirlərini bölüşüb. İ.Altayın sözlərinə görə, turizm dunyada qulluq sahəsi uzrə özunəməxsus xususiyyətləri olan çox cətin biznesdir. Çunki bu sahənin uğuru bu işin yaxşı təşkilindən başqa, bir sıra - hava şəraiti, iqtisadi vəziyyət, geosiyasi və ölkələrarası münastbətlər və digər vacib məqamlardan asılıdır:

"Mənim muşahidəmə görə, burada bir vacib ictimai xassəli şərt də var. O da səfər edilən ölkədəki yerli insanların mənəvi-psixoloji durumu, əhvalı, səmimiliyi və gulərüzlülüyüdür. Hətta turistlərlə əlaqəsi olmayan yoldan keçən yerli insanların da. Niyə? Təsəvvur edin ki, kiminsə evinə qonaq gedirsiniz. Orada şəraitdən, yemək-içməkdən də əvvəl ev sahibinin psixoloji durumu və xoş əhvalı daha önəmlidir. Ev sahibi necə qulluq etsə, qonaqpərvərlik göstərsə belə, onun özundə və ailəsində olan gərginlik hiss olunur, sən özündən asılı olmayaraq, o muhiti tez tərk etmək istəyirsən”.

İ.Altayın fikrincə, turizmdə vacib cəhətlərdən biri də ölkədə ictimai sabitlik, qayda-qanunun möhkəmliyi, oğurluq və aldatmanın olmamasıdır: "Bahalıq isə dincəlmək, istirahətin qədrini bilən insan üçün elə də vacib şərt deyil”.

İ.Altay sonda qeyd edib ki, Avropa ölkələrində qiymətlər elə də ucuz deyil, amma ora gedənlər çoxdur. Çünki həmin ölkələrdə yalan, aldatma yoxdur. "Baha, ucuz qiymət əvvəlcədən təyin olunur və bunu qəbul edən turistdən fırıldaq işlədilib daha əlavə pul tələb etmirlər»,- deyə İ.Altay fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}