23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Hökumət əhalinin qida təhlükəsizliyinə nəzarət edə bilmir
Tarix: 21-08-2017 13:57 | Bölmə: Araşdırma / Slayd
Hökumət əhalinin qida təhlükəsizliyinə nəzarət edə bilmir

Az qala, hər gün hansısa ərzaq məhsulunun saxta və keyfiyyətsiz olması ilə bağlı TV-lərdən xəbərləri izləyirik. Rəsmi qurumların nümayəndələri bu yöndə araşdırmaların aparıldığını, nəzarət prosesinin həyata keçirildiyini iddia etsələr də, real mənzərə bir qədər fərqlidir.

Məlumdur ki, ölkədə istehsal olunan, eləcə də kənardan gətirilən ərzaq məhsulları ilə bağlı ortaya çıxan problemlər cəmiyyəti ciddi şəkildə narahat edir. Son dövrlər bununla bağlı ictimai müzakirələr aparılsa da, hökumətin aidiyyatı qurumları bəyanat verməkdən, yaxud faktların şişirdildiyini iddia etməkdən başqa bir iş görmürlər. Ancaq fakt odur ki, Azərbaycanda leş ətləri satışa çıxarılır, insan orqanizminə zərərli məhsullardan kolbasa, sosika istehsal edilir, heç bir gigiyenik qaydalar gözlənilmədən müxtəlif adlarda sular qablaşdırılır. Yüzlərlə fakt göstərmək olar ki, hər biri ayrı-ayrılıqda ölkə əhalisinin qida məhsulları ilə bağlı təhlükəli vəziyyətlə üz-üzə olduğunu sübuta yetirsin.

“Reytinq” qəzetinin əməkdaşı real vəziyyəti araşdırmaq, hazırkı durumdan çıxış yolları ilə bağlı bir sıra ekspertləri danışdırıb. Onların arqumentli cavablarından ayıdan olur ki, ölkənin qida təhlükəsizliyi ciddi təhdid altındadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Reytinq»ə deyib ki, bu sahədə vəziyyət olduqca pisdir. Onun sözlərinə, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan biznes qurumlarının daha çox pul qazanmaq istəyi ön plana çıxdığı üçün keyfiyyət məsələsi arxaya keçib.

Satışda insan həyatı üçün təhlükəli qidalar var

Ekspert bu sahədə qanunvericilik bazasının da bərbad olduğu qənaətindədir:

«Cəmiyyəti insanlar yox, qanunlar idarə etməlidir. Amma Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Azərbaycanda külli miqdarda təhlükəli qidalar var ki, onlar həm daxildə istehsal olunur, həm də xaricdən gətirilir”.
Ölkə başçısının bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı sərəncamına da diqqət çəkən Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi (AİB) həmin prosesi izləyir. Həmin agentliyin dünya standartlarına uyğun formalaşması və fəaliyyəti üçün səylər göstərir:
“İnsanlar bilməlidir ki, onların həyatı sağlam qidadan asılıdır. Böyük Hippokrat deyirdi ki, insan nə yeyirsə, odur. Azərbaycanda qidaların hansı səviyyədə olduğunu bilmək üçün apteklərə nəzər yetirmək lazımdır. Bu gün bütün apteklərdə insanlar növbəyə dayanıb. Bunun özü də sübut edir ki, ölkədə külli miqdarda təhlükəli qidalar satılır”.

Səhiyyə Nazirliyi faktı ört-basdır edir

AİB sədri nəzərə çatdırıb ki, Azərbaycanda təhlükəli qidalarla bağlı problem hər zaman olub. Onun sözlərinə görə, iki il öncə biznes qurumlarının yoxlanılmasına ara verilməsi ilə bağlı qərar bu sahədə vəziyyəti daha da ağırlaşdırıb. Yəni, bəzi işbazlar yoxlamaların olmadığından istifadə edərək təhlükəli qidaları satışa çıxarırlar:

«Biz dəfələrlə demişik ki, insanların sağlamlığının keşiyində dayanan orqanla, sertifikat verən orqan bir-birindən ayrılmalıdır. Əgər hansısa sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə olarsa, insanlar nə sizə, nə də mənə müraciət etməyəcəklər. Belə bir hal olan kimi Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyinin işçiləri tibbi müdaxilə edir, mədəni yuyur, ancaq zəhərlənmənin nədən olduğunu ortaya qoymurlar. Çünki hansısa ad açıqlansa, onda Səhiyyə Nazirliyinə başqa ittihamlar irəli sürülə bilər. O zaman bu nazirlik verdiyi sertifikata görə məsuliyyət daşımalı olar. Belə olan halda, Səhiyyə Nazirliyinin təhlükəli qida istehsal edən, yaxud satan hansısa şirkəti hədəfə gətirməsi inandırıcı deyil, heç eləmir də. Elə bu səbəbdəndir ki, Azərbaycanda zəhərlənmə göstəricisi ümumdünya göstəricilərindən dəfələrlə az göstərilir. Yəni, bu sahədə ciddi gizlətmə var”.

Artıq 20 ildir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olduğunu bildirən AİB sədri qeyd edib ki, bu müddət ərzində bir dəfə də olsun, görməyib ki, dövlət orqanları zəhərlənmə baş verəndə kütləvi istehsal olunan malın adını çəksinlər. Buna səbəb isə iki fərqli missiyanı eyni qurumun həyata keçirməsidir.

İqtisadiyyat Nazirliyi qaçaqmalçıları müdafiə edir

E.Hüseynov bu sahədə baş verən qanunsuzluq və əyintilərin ört-basdır edildiyini də nəzərə çatdırıb. Onun iddasına görə, bütün bunlar nəyinsə qarşılığında həyata keçirilir:

«Ölkə prezidenti biznes qurumlarını yoxlamalardan azad etməsini rüşvət hallarının azalması və qiymətlərin aşağı düşməsinə hesablayırdı. Lakin elə olmadı, qiymətlər yenə qalxdı. Təəssüf ki, biznes qurumları bu vəziyyətdən sui-istifadə edirlər. Bizə gələn ard-arda şikayətlər göstərir ki, çox keyfiyyətsiz və saxta qida məhsullarını camaata satırlar. Bilirsiz, bu məsələyə ciddi yanaşılmalıdır.

Birincisi, qida təhlükəsizliyi ilə bağlı qanun qəbul olunmalıdır.

İkincisi, bu qanunu icra edən dövlət orqanlarının fəaliyyəti rüşvətsiz, tərəfsiz, şəffaf və qərərsiz olmalıdır.

İqtisadiyyat Nazirliyi 190 ştatla 9 mərtəbəli binada yerləşir və dəfələrlə təhlükəli qidalarla bağlı verdiyimiz məlumatlarımıza əhəmiyyət vermirlər. Bizə cavabları o olur ki, məhkəməyə müraciət edin.

Bu yaxınlarda təhlükəli kofelərin satılması barədə İqtisadiyyat Nazirliyinə məlumat verdik. Bizdən soruşurlar ki, harda satılır, satan şirkətin VÖEN-nin deyin. Sonra məlum olur ki, nazirlik qaçaqmalçılıq yolu ilə ölkəyə kofe gətirənlərin tərəfini saxlayır”.

Dövlət orqanları insanların aldadılmasına göz yumur

E.Hüseynov «İvanovka» markası altında keyfiyyətsiz məhsulların satılması ilə bağlı dəfələrlə məsələ qaldırsa da, onun bu xəbərdarlığına da əhəmiyyət verməyiblər:

“İnsanları aldadırlar, amma dövlət orqanları heç bir iş görmür. Bu, anormal və yolverilməzdir. Hesab edirəm ki, bu məsələdə dövlət orqanlarının kompleks səyi olmalıdır. Biz qida təhlukəsizliyi agenliyindən çox şey gözləyirik».

Kolbasaların tərkibində insan əti aşkarlanıb

Onu da əlavə edək ki, Rusiyanın "Mortadel” ət kombinatında istehsal olunan kolbasaların tərkibində insan ətinin aşkar edildiyi ilə bağlı məlumatlar verilib. İddia olunur ki, kombinatın "Kral” və "Dənəvər servelat” kolbasaları üzərində aparılan tədqiqatlar zamanı tərkibində insan əti olduğu müəyyən edilib. Bildirilir ki, kimsəsiz meyitlər ət kombinatına təhvil verilir və onların əti kolbasalara vurulur. Bu barədə fikirlərini bölüşən Eyyub Hüseynov bildirib ki, Azərbaycan istehsalçısı buna risk etməz:

"Azərbaycan istehsalçısının belə məhsul istehsal etməsi mümkün deyil. Xarici ölkələrdə ola bilər. Lakin xarici ölkələrdə istehsal edilmiş və tərkibində insan əti olan kolbasaların Azərbaycana idxalı istisna edilmir. Ola bilər ki, gətirilir və satılır. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə də cinayət baş verir”.

E.Hüseynov "Mortadel” ət kombinatında istehsal olunmuş kolbasaların Azərbaycana idxal edilib-edilmədiyindən xəbərsiz olduğunu da bildirib. Əlavə edib ki, Azad İstehlakçılar Birliyi kolbasaların tərkibini müəyyən edən unikal cihaz əldə edəcək: "Həmin cihaz kolbasanın tərkibində donuz, at yaxud eşşək əti olduğunu müəyyən edəcək. İstehlakçılar üçün təmənnasız olaraq istifadə edəcəyik. Kim istəsə, aldığı kolbasanı gətirib, tərkibini yoxlatdıra bilər”.

Bəzi qidalar “xərçəng”ə səbəb olur

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasında anestezioloq-reanimatoloq vəzifəsində çalışan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov isə «Reytinq»in əməkdaşı ilə söhbətində deyib ki, keyfiyyətsiz qida bir qədər ümumi anlayışdır. Onun sözlərinə görə, qidanın insan üçün yararlı və ya yararsız, bəzi hallarda isə hətta təhlükəli olmasından söhbət gedirsə, bizdə bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil:
«Ən azı qida məhsullarının bioloji, kimyəvi və radioloji nəzarətdə saxlanması, bu sahədə şəffaflığın təmin edilməsi, ictimai sektorun iştirakına şərait yaradılması olduqca zəif təşkil edilib. İnsan qidası üçün bioloji baxımdan yararsız, radiasiya fonu normadan artıq olan, kimyəvi tərkibi insan orqanizmi üçün təhlükəli həddə çirklənmiş qidaların qəbul edilməsi orqanizmin müdafiə qabiliyyətini sarsıdır, müxtəlif ağır xəstəliklərin məydana çıxmasına səbəb ola bilir. Məsələn, sübut olunub ki, konservləşdirilmə prosesində istifadə edilən kimyəvi maddələr və ya kənd təsərrüfatında gübrələr çox işlədilirsə, nəticədə əmələ gələn məhsulların istifadəçilərində bədxassəli şişlər daha çox əmələ gəlir. Və yaxud müxtəlif tərkibli qazlı, şirin içkilər, təbiiliyi ciddi şübhə doğuran, daha doğrusu, kimya sənayesinin məhsulu olduğu bəzi mütəxəssislər tərəfindən etiraf olunan meyvə şirələri, habelə çoxlu digər qida məhsullarının insan orqanizmi üçün təhlükə mənbəyi olması çox inandırıcıdır. Bu cür qidalar piylənməyə, ürək-damar xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Bundan başqa, ərzaq məhsullarının istəhsal standartlarına uyğunluğu məsələsi də aktualdır. Məsələn, kərə yağı əvəzinə transyağlar, mal piyi və ya digər mənşəyi rəsmi açıqlanmayan qida məhsullarının ərzaq bazarımızda üstünlük təşkil ətməsi də faktdır. Bu problemlər isə əlbəttə ki, rəsmi və ictimai nəzarətin gücləndirilməsi və bu sahədə maarifçiliyin genişləndirilməsi yolu ilə aradan qaldırıla bilər. Təəssüf ki, bu sahədə boşluqlar çoxdur. Bunun nəticəsidir ki, bazarlarda insan sağlamlığına zərərli olan kifayət qədər məhsul satılır. Bəzi qurumlar isə müəyyən maraqlar naminə buna göz yumurlar».

İnhisarçılar cəmiyyətin maraqlarını nəzərə almır

Vətəndaş və İnkişaf Partiyasının sədri, Tibb Universitetinin Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi Əli Əliyev isə bildirib ki, sosial vəziyyət gərginləşdikcə, insanların gəlirləri aşağı düşdükcə ərzaq bazarında istehlakçıların keyfiyyətdən daha çox ucuzluğa fikir verməsi üstün hala gəlir.

Müsahibimizin qənaətincə, ölkəmiz daha çox idxalçı dövlətdir. Xüsusən ərzaq sektorunda gətirilən məhsulların, yaxud onların komponentlərinin xüsusi çəkisi yüksəkdir: «Belə olduğu təqdirdə milli valyutanın son 2 ildə 2.5 dəfə ucuzlaşması birbaşa idxalatın maya dəyərinin eyni əmsalda artmasına gətirib. Deməli, sosial baxımdan zəif təbəqənin gəlirləri artmasa da, onların məvacib və ya müavinatları 2.5 dəfə alıcılıq qabiliyyətini itirib. Bu o deməkdir ki, insanlar istehlakın həcmini eyni miqdarda azaltmalıdır.

Son dövrlər yanacağın qiymət artımı da yaxın gələcəkdə yeni qiymət artımına səbəb olacaq. Belə şəraitdə insanlar bazarda daha əlverişli şərtlərlə ərzaq axtarışına üstünlük verir. Belə olduqda, bazarın qızıl qaydası işə düşür - Tələb təklif doğurur. Bazar təminatçıları dünyanın topdan bazarında keyfiyyəti yüksək olmayan analoqların axtarışına və idxalına başlayırlar. Belə məhsullardan biri palma yağıdır. Kasıb ölkələrin fəlakətinə çevrilmiş bu məhsul dünya bazarında çox ucuz qiymətə satılır. Bu yağ müxtəlif süni ərzaq məqsədli sintetik yağların, qənnadı məmulatlarının hazırlanmasında xammal kimi istifadə edilir. Belə komponent hazırlanan məhsulların maya dəyərini aşağı salır.

Palma yağı kimi çoxlu sayda nümunələr mövcuddur. Aşağı keyfiyyətli məhsullar bir qayda olaraq orqanizmin müxtəlif patologiyalarının yaranmasına gətirə bilir. Eyni zamanda endemik olmayan, kənardan gətirilmiş ərzaq və komponentləri metabolizmin gedişatına, tərkibdəki bioloji fəal maddələrin mənimsənilməsinə mənfi təsir göstərmə potensialına malikdir.

Hətta kanserogen təsiri ola biləcək qida maddələri haqqıda da məlumatlara rast gəlinir. Son dövrlər geni mutasiyaya uğradılmış məhsullar haqqında geniş işlər görülür. Sənaye və təsərrüfat məhsuldarlığını yüksəltmək, kənar təsirlərə davamlılığı artırmaq məqsədilə aparılan tədqiqatlar artıq yeni 100-lərlə növaltı hibrid meyvə və tərəvəz nümunələrinin ortaya çıxmasına səbəb olur. Belə mutasion qida maddələri artıq Allahın deyil, insanın yaratdığı məhsullardır.

Elm elə səviyyəyə yüksəlib ki, qida maddələrinə heyvan, balıq genomları köçürülür. Bütün bunlar artan dünya əhalisinin tələbatını ödəmək, maya dəyəri aşağı olan ərzağın yetişdirilməsi üçün edilir».

Ə.Əliyev onu da nəzərə çatdırıb ki, Azərbaycan özünü ərzaqla təmin etmək, onu aşağı qiymətlə əhaliyə çatdırmaq imkanına malik olan azsaylı unikal dünya dövlətlərindəndir.

«Yerləşdiyimiz coğrafiya tropik bitkilər istisna olunmaqla, bütün qurşaq və mövsümlərin kənd təsərrüfatı və bostan məhsulları ilə özünü təmin edə, eyni zamanda yüksək standartlı ixracata sahib ola bilər. Lakin ölkədə mövcud siyasi idarəçilik vətəndaşımızı belə münbit imkandan istifadədən məhrum edib. İnhisarçı və proteksionist bazarda cəmiyyətin maraqları nəzərə alınmır. Cəmiyyətin sağlamlığına cavabdeh qurumlar ölkəyə aşağı keyfiyyətli məhsulların gətirilməsinin qarşısını qətiyyətlə almalıdır. Bunun üçün rifah yüksəldilməli, insanların təminat səviyyəsi artırılmalı, cəmiyyət maarifləndirilməlidir. İnsanımız kasıblıq ucbatından mənşəyi bilinməyən ət və toyuq məhsullarından istifadə etməməlidir.

SSRİ dağılan dövrün simvollarından biri “Buş ayaqları” adlandırılan hormonal yolla yetişdirilən toyuq budları idi. Kasıb və səfalət həddində yaşayan sovet insanı bu toyuq budlarını almaq və istehlak məcburiyyətində idi. Hormonal mənşəli qidanın müxtəlif xəstəliklərə başlanğıc verməsi tibb üçün yenilik deyil. Əhalimizin qorunması, ərzaq təhlükəsizliyi iqtidarın bir nömrəli vəzifəsi, ölkənin əminamanlıq məsələsidir. Təəssüf ki, YAP bu işin öhdəsindən gəlmək imkanında olmadığını illərlədir sübut edir»,-deyə Ə.Əliyev fikrini tamamlayıb.

Z.ƏHMƏD

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}