23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları
Tarix: 22-09-2017 12:11 | Bölmə: Araşdırma
Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları

Bu mürəkkəb və ağrılı mövzunu ondan çözməyə başlayaq ki, hər dövrdə çətinliklər, problemlər olsa da insanların simasında bir təbəssüm sezilirdi. İndi ”küçələrdə gülən adam tapmaq müşkülə çevrilib. Dövlət və ya özəl sektorda üzümüzə gülümsəyən əməkdaş görəndə dəyərli bir zinət tapmış kimi oluruq.” Psixoloq Elnur Rüstəmovun efirdən səsləndirdiyi bu fikir, əslində illərdir ki, hər birimizin diqqətini cəlb edir. "Qadının üzü gülmür, bu issiz mühitimiz də gülmür"...

Günümüzün reallıqları mətbuatda geniş işıqlandırılır. Milli Məclisin üzvü, deputat Tahir Rzayev KİV-ə açıqlamasında bildirir:

"İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur?! Azərbaycanda qadın hüquqları elə də pozulmur. Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də! Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. 6 ayda 6 min boşanma dəhşətli bir rəqəmdir! Hələ bu nikah müqaviləsi bağlayanlardır, hələ nə qədəri nikah müqaviləsi bağlamadan evlənib-boşanıb. Birdə görürsən ki, evlənib 3-4 aydan sonra boşanırlar. Bu, çox düşündürücü məsələdir."

Digər düşündürücü məsələni deputat Fazil Mustafa dilə gətirir:

"Cəmiyyətdə neqativ halların sayı artmaqdadır. Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Çox üzücü haldir ki, Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Qadınların içkiyə meyilli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prossesi gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil. Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlədə açıq-aşkar fahişəlik geniş yayılıb. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prossesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Bunların qarşını ictimai qınaqla almaq mümükündür. Bu problemə ictimayyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamasına çalışmalıdırlar.”

Necə oldu ki, bu həddə çatdıq? Müasirlik bizə bunlarımı vəd edirdi?! İqtisadi inkişaf ümid etdiyimiz xoşbəxtliyi təmin etdimi? Böyük qüvvə hesab olunan qadın nəyin qarşısında zəifdir? Bu və digər suallara aydınlıq gətirməyə, mövzunu araşdırmağa cəhd döstərdim.

Dəyişikliklər hər dövrə xasdır. Bu dünyada hər şey dəyişir, inkişaf edir. Dövlət quruluşu, infrastruktur, insanlar, baxışlar, davranışlar, hətta anlayışlar belə dəyişir. Əvvəllər yoxsulluq, əsasən, əhalinin gəlirlərinin səviyyəsi və onun ərzaqla təminatı ilə ölçülürdüsə, hazırda bu məfhum daha geniş məna kəsb edir. Bu gün yoxsulluğun azaldılması eyni zamanda, əhalinin istehsal resurslarından, torpaqdan, su ehtiyatlarından istifadə etməsi, işlə təmin olunması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, bütün səviyyələrdə kişilərlə qadın hüquq bərabərliyinin təmin edilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi deməkdir. "Qadın hüquqları" termini "gender bərabərliyi" adlandırılır, “vətəndaş nigahı” rəsmi nigahı kölgədə qoyur... Ümumiyyətlə, hər hansı bir çatışmazlıq, dəyişiklik insan həyatına bu və digər şəkildə təsir edir. 1991-ci ildə müstəqillik əldə edən dövlətimiz bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçdi. UNİCEF və Azərbaycan Hökuməti, 1999:11, "Azərbaycanda uşaqlar və qadınlar: vəziyyətin təhlili" hesabatında göstərilirdi ki, "cox imkanlı adamlardan ibarət kiçik bir qrupla ümumiyyətlə kasıb əhali arasında yaranmış dramatik bir boşluq və miyondan çox qaçqına səbəb olan Ermənistanla silahlı münaqişənin nəticələri hər yerdə hiss olunur. Dünyanın heç bir yerində mərkəzdə planlaşdırılmış iqtisadiyyatdan bazar iqtisadiyyatına, adi yaşayış normalarından kəskin yoxsulluğa keçən, bir miyondan artıq qaçqın axının da əlavə olunduğu prosesi normallaşdırmağa kömək edə biləcək əməli təcrübə yoxdur".

Bax, belə bir ağır şəraitdə biz yaşamağa, yaratmağa, inkişaf etməyə başladıq. Bu gün fəxr edəcəyimiz çox şey var, lakin biri digərindən asılı zəncirvari problemlər heç azalmaq bilmir. Müsabiqə mövzusu mövcud problemlərin tərkib hissəsidir. Qadınların həyatında ailənin və ailə həyatında qadınların rolu ayrılmaz olduğundan qadınların sosial-psixoloji problemləri də məhz ailə kontekstindən araşdırılmalıdır.

Həyatda hər şeyin başlanğıcı ailədir. İnsanın psixi və fiziki sağlamlığı da ailə mühiti ilə sıx bağlıdır. Ailə-xoşbəxtlik ocağıdır, ər-arvadın bir birinə dayanmasıdır. Ailə və onunla bağlı münasibətlər ictimai həyatın olduqca mürəkkəb hadisələrindən biridir ki, bunun da iqtisadi, təbii, bioloji, sosial-psixoloji və mənəvi aspektləri var. Ailə münasibətlərini tənzimləyən müxtəlif qanunvericilik aktları mövcuddur, hər bir ailə üzvünün hüquq və vəzifələri qanunla müəyyənləşir. Lakin ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyil. Ailənin görünən və görünməyən tərəfləri var, hər birinin öz daxili, yalnız özünəməxsus qayda-qanunları var. Çox zaman onlar ümumi ictimai qayda və qanunlara o qədər də uyğun gəlmir, öz məxsusiliyini qoruyub saxlayır. Ümumi inkişaf isə dünən qadağan edilənlərin bugün və sabah insanlar üçün açıq olmasını tələb edir. Əslində, bəzi məsələlərdə dəyişikliklər qəbul ediləndir, lakin ailə söhbətinə gəldikdə, bu ifrat açıqlıq kəskin problemlər yaradır. Bu gün cəmiyyətdə və ailədə qarşılıqlı münasibətlər problemli məsələdir. Ailədaxili münasibətlər bir damın altında, bir neçə adamın ünsiyyəti çərçivəsində baş verməsinə baxmayaraq, burada formalaşmış fikir, dünyagörüşü tək ailə üzvlərinə deyil, bütöv cəmiyyətə zərər və ya xeyir gətirə bilmək qüvvəsinə malikdir. Ailədaxili münaqişənin mənfi sosial nəticələri nəinki ailə üzvlərinə, həm də yaxın qohumlara, dostlara da təsir edir. Bəzən münasibətlər dramatik həddə çatır, istər qadın, istər kişi qətl törədir, vəziyyətə dözməyib uşaq da intihar edir.

Demoqraf, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov hesab edir ki, ailədaxili münaqişələr qlobal problemdir, ona təsir edən amillər həddən artıq çoxdur, hər təsiredici amil də hər yerdə, hər zaman eyni nəticəni vermir, buna görə də daha çox amillər kompleksindən və onun başlıca nəticələrindən, yəni əsas təzahürlərindən danışılmalıdır. Mütəxəssislər ailədə qarşılıqlı münasibətləri nə qədər dərindən öyrən-sələr də konfliktsiz ailələrin mövcudluğunun qeyri-mümkünlüyünə bir o qədər əmin olurlar. Sosioloqlar, demoqraflar ailədaxili münaqişələri daha çox nigahın davamlılığı nöqteyi-nəzərindən araşdırırlar. Başqa sözlə, nigahın davamlılığı ilə ər-arvad arasındakı konflikt eyni bir problemin iki əsas cəhəti və ya qütbüdür. Nigahın möhkəmliyi bir sıra sosial-psixoloji amillərlə şərtlənir. Ailədə ərin və arvadın xəstəliyi nəticəsində uşaq doğulmaması və cinsi həyatın qeyri-mümkünlüyü də ixtilaflar törədir. Ailə üzvləri arasında münasibətlərin pozulmasına ailə üzvlərinin nəinki maddi, həm də mənəvi tələbatlarının ödənilib ödənilməməsi məsələsinin də təsiri vardır. Tələbatların ödənilməməsi insanda aqressivlik, qəddarlıq kimi mənfi keyfiyyətlərin yaranmasına səbəb olur. Açıq desək, boşanmaların ən ciddi səbəbi məhz intim-seksual münasibətin pozulmasıdır. Lakin bu səbəbi başqa faktorlarla pərdələyirlər. II-ci yerdə, kənar müdaxilələrdir, yəni qaynananın, qayınatanın müdaxilələri. Həmçinin nəsillər arasında münasibət pozuntuları. III-cü, kompromis hissinin olmamasıdır. Heç kim bir-birinə güzəşt etmək istəmir. Ər arvadının xasiyyətini, arvad isə ərinin xasiyyətini düzəltməyə çalışır. IV-cü, iqtisadi-sosial sıxıntılardan yaranan problemlərdir. Həmçinin bizim mentalitetlə bağlı problemlərin də insanlarda psixoloji sıxıntılara səbəb olduğunu etiraf edək. İctimai fikrə əsasən, adətən ailə zorakılğına qarşı çıxış edən qadın və qızlar ləyaqətlərinin alçaldığı-nı açıb göstərməklə ədəb qaydalarını pozmuş olurlar. Ailədə təhqirlərə səssizcə dözmək isə qadının ləyaqəti kimi qiymətləndirlir. Kişinin həddini aşan əxlqsızlığı haqqında susmağı və danışmamağı üstün tuturlar. Ailə zorakılğı ekstremal xarakter almayınca ailənin daxili münasibətləri ailə sirri kimi hər vəchlə gizlədilir. Ailədaxili münaqişələrin təzahür forması kimi özünü göstərən boşanma halına çox vaxt böhran-dan çıxış yolu kimi baxırlar. Boşanmaların sayının artmasına yol açan səbəblərdən biri də boşanmanın mümkünlüyü barədə cəmiyyətdə mövcud olan fikirlərdir. Əgər əvvəllər uşağın mövcudluğu ailənin dağılmasına bir sipər idisə, indi uşağın olub-olmaması fərq etmir, uşaq boşanmaya maneə hesab edilmir. Nigahsız yaşamaq, nigah yaşına çatmamış qızların izdivacı olduqca böyük problemlərə yol açır. Statistika göstərir ki, bugün Azərbaycanda konsensual, nigahsız ailələrin sayı rəsmi nigahların sayını üstələyir. Nigahdan kənar doğulan uşaqların sayı getdikcə artır".

Deyirlər güclü iqtisadiyyat qadın hüquqlarının bərabərliyinin əsas təməl daşıdır. Bu təməl qadınlara insan hüquqlarını həyata keçirməkdə kömək edir. Sosial həyatda qadınların iştirakını məhdudlaşdıran, idarəetmə və dövlət əhəmiyyətli qərarların qəbul edilməsi prosesində məhdud təmsilçiliyi, karyera statusunun müəyyən həddədək olması rəsmi statistik rəqəmlərdən bəllidir. Etiraf edək ki, XX əsrin sürətli iqtisadi artımı qlobal iqtisadiyyatın yaranmasını stimullaşdırsa da nəticə etibarilə nə sabit sosial inkişafı, nə də sosial sahədəki əsas problemlərin həllini təmin etmədi. Əmək haqqları ödənilməyən, naməlum müddətədək mızuniyyətə göndərilmiş işçilər, gənclər, işsiz adamlar, qaçqınlar və məcburi köçkünlər "yeni yoxsullar"dır. Hamı tərəfindən qəbul edilir ki, millətin həyat səviyyəsinin artırılması iqtisadi islahatlardan daha da vacibdir. Kolumbiya Universitetinin “Torpaq İnstitutu” (The Earth Institute) Tədqiqat Mərkəzi BMT-nin qlobal təşəbbüslü beynəlxalq "Davamlı inkişafın Şəbəkəli həlli" (UN Sustainable Development Solutions Network) layihəsi çərçivəsində 2013-2017-ci illərdə müxtəlif sorğuların nəticələrini təsdiqləyən Qellap Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Gallup International) hesabatlarını ümumiləşdirərək 2017-ci ildə dünya ölkələri əhalisinin xoşbəxtlik səviyyəsini müəyyən edən (World Happiness Report 2017) reytinq cədvəlini təqdim edib. Dünyanın 155 ölkəsində həyat keyfiyyətinin göstəriciləri: gözlənilən ömür uzunluğu, adambaşına düşən ÜDM-in səviyyəsi, ailənin sabitliyi, şəxsi və əmək təhlükəsizliyi, məşğulluq, biznes, idarəçilik, korrupsiya, söz və fikir azadlığı, təhsil, səhiyyə səviyyəsi, ekologiya, cəmiyyətdə etimadın, səxavətin, sabahkı günə inamın olması nəzərə alınmaqla, nisbi də olsa dövlətin vətəndaşlara nə dərəcədə xoşbəxt həyat bəxş etdiyini müəyyən edib. 2017-cı il "Dünya ölkələri əhalisinin Xoşbəxtlik indeksi" (World Happiness Report) adlanan Reytinq cədvəlində ilk 10 ölkənin- Norveç, Danimarka, İslandiya, İsveçrə, Finlandiya, Niderland, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç - əhalisi xoşbəxt hesab olunub.(Bizim media Azərbaycan 4-cü yerdə olduğunu yazdı))!!! Reytinq cədvəlində 155 ölkə arasında Marokkodan sonra Azərbaycan 85-ci yerdədir, "xoş bəxtlik indeksi" 5.234 baldır. İnkişaf müqayisədə bəlli olur, təbii ki, əvvəlki illərin göstəricilərini axtarıb tapdım. 2013-cü ildə 116-cı, 2014-cü ildə 85-ci, 2015-ci ildə 80-ci yerdəydik. Bu il bir pillə geriləmişik. Biz 121-ci yerdə olan Ermənistandan, 126-cı yerdə olan Gürcüstandan xeyli irəlidə olsaq da, təlqin olunan iqtisadi inkişaf heç də xoşbəxt olmağımızdan xəbər vermir. Heç dünyanın aparıcı nəhəng ABŞ-14, Almaniya-16, Böyük Britaniya-19, Fransa-31,Yaponiya-51-ci və s. yer tutan ölkələrin vətəndaşları xoşbəxtlər sırasında liderlik qazanmayıblar. Layihənin tədqiqatçıları bildirirlər ki, “iqdisadiyyatın yüksəlişinə, istehsalın inkişafına daha çox önəm verən ölkələrin vətəndaşları heç də bundan xoşbəxt olmur. İqtisadi inkişafı əldə rəhbər tutan ölkələrin hakimiyyətinin iqtisadi nəzəriyyələrin riyazi abstraktlarının insanların real həyatı ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur”. Məncə də belədir.

Psixoloq Elnur Rüstəmov da bildirir ki, "insan maddi cəhətdən tam təmin olunursa bu o demək deyil ki, o xoşbəxtdir. Bizdə kiminsə depressiyada olduğunu gördükdə ilk sual bu olur: “nəyin çatmır?” Bu sualı verdikdə isə biz daha çox maddiyatı nəzərdə tuturuq. Depressiyada olmaq maddi problem yaşamaq deyil. Bu insanın daxili problemidir. Bu mənəvi məsələdir. Çox təəssüflər olsun ki, bir qism insanlar özündən başqa hər kəsi xoşbəxt sanırlar. Həyatda hər kəsin özünə görə problemi var,elə bir insan yoxdur ki, onun problemi olmasın".

Rəqəmlər göstərir ki, ritorika ilə iş keçmir. "İqtisadi inkişaf təmin olunub, ailə həyatının qızıl qaydası dözümdür, uşaqların xatirinə hər şeyə, döyülməyə, söyülməyə dözmək lazımdır”,- fikri özünü doğrultmur. Nə dözmək, nə də boşanmaq çıxış yolu deyil. Qadınların sosial-psixoloji problemlərindən danışanda bundan başlamaq lazımdır ki, varlı və kasıb uşaqları mövcuddur. Bütün dünyada anadan olandan yeniyetməlik dövrünə kimi qızlar yetkinlik çağına daha tez çatır, daha erkən yaşda məsuliyyət daşıya bilir və ya daşımalı olur. Qızlar həddən artıq yüklənmiş analara ev işində kömək etməkdə əsas mənbə sayılırlar. Bu, qızların təhsilə cəlb olunması, davamiyyət və dərs oxumasına təsir edir. Ailənin maliyyə çətinliyi hər iki cinsdən olan fərdlərə təsir edir, ancaq qızlara sözsüz daha çox təsiri var. Ailələr öz məhdud ehtiyatlarını qızlara sərf etmək istəmirlər. Çünki qızlar ərə gedib başqa ailəyə köçəcəklər, oxusalar da əri işləməyə qoymayacaq, ya da az məvacib alacaq deyə oxutmaq istəmirlər. Qızlar fiziki və mədəni təhlükələrə qarşı daha çox zəifdir. Ailələr qızların cinsi yaxınlıq müqabilində təhsil haqqını ödəməkdə kömək etməklə müəllimlər, oğlan tələbələr və ya nisbətən böyük yaşlı kişilərin qızlarını zorlamasından narahat olurlar. Ailənin adına ləkə gələr, qız ərə gedə bilməz deyə düşüncələr qızın təhsil almasına maneə qoyurlar. Haqqı ödənilən işdə və sonra ev işlərini görən qadınlar fiziki əməyə qatlanırlar. Yanan da, yaman da olan qadınlar güclüikən emosional təhqirlər və etimadsızlıq, eləcə də seksual və fiziki zorakılıq halları, şiddət-yumruq qarşısında gücsüzdürlər. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin açıqlamalarında bildirilir ki, hökümətin məişət zorakılığı problemini həll etmək üçün siyasi dəstəyi mövcuddur. BMT-nin regionlararası Cinayət və Ədalət Araşdırma İnstitutunun təhlilləri göstərir ki, qadınlar iş tapmaq və ya iş yerini qorumaq məqsədilə seksual təhlükələr qarşısında daha çox zəif olur. Yüzlərlə qadın seksual istismar və təhqirlər qarşısında çox zəifdirlər. Qadınların hər onundan biri seksual zorlanmaya və boşanmış qadınların hər beş nəfərindən ikisi döyüldüyünü və fiziki təhqirlərə məruz qalır. Müharibə dövründə zorakılığın yeni formaları da baş vermişdir. Silah gücünə qadınlara qarşı zorakılıq, təcavüz və məcburi hamiləlik kimi hallar çox dəhşətlidir. Seksual istismar məqsədilə qadınların yaxın ölkələrə səfərlər etməsi ilə bağlı faktların olması, qadın alverinin çiçəklənməsi xüsusən narahatlıq doğurur. Bu qadınları daha yüksək risk altına qoyur. Zorakılıq hallarının artması qadınları böyük təhlükə altına qoyur. Zorakılıq- ya boşanma, ya faciəvi ölümlə nəticələnir. Son zamanlar ailədə qadına qarşı yönəlmiş zorakılıq halları daha qəddar formalarda baş verir. Qəbələ rayonunda 3 övlad anasının hamilə vəziyyətdə əri tərəfindən qəddarlıqla qətlə yetirilməsi, Şəmkir rayonunda hətta polislərin, anasının gözönündə qadının əri tərəfindən qətlə yetirilməsi, Tovuz rayonunda hamının yanında qadının əri tərəfindən qətlə yetirilməsi, Balakəndə 12 yaşlı qızın atalığından hamilə qalması, hüquqşünas bir kişinin nigahsız yaşadığı arvadı abort etməyə məcbur etməsi, butulka ilə zorlaması, döyməsi, başqa kişi ilə cinsi əlaqəyə girməyə vadar etməsi, həyatına sui-qəsd etməsi (bax: youtube, Baku Press, baxış sayı 365134) və s. başqa-başqa tükirpədici faktlar deyilənlərə sübutdur. Qeydə alınmış cinayət hallarının, qətllərin artması və zorakılıq hallarının kulminasiya nöqtəsinə çatması onu göstərir ki, bu cəmiyyətdə qadınlara qarşı zorakılıq halları da daxil olmaqla bütün növ zorakılıq halları artmışdır. Burada bir məqamı gözdən qaçırmayaq, seksual zorlama halları faktiki baş versə də zərərçəkənlər şikayət rəsmiləşdirmirlər. Ekspertlər bildirir ki, zorlama hallarının qeydə alınması səviyyəsi aşağı olsa da ailə daxilində baş verən zorakılığın cinayət tərkibi hələ də tam dərk edilməmişdir. Həqiqətən də faktlar göstərir ki, qadınlara qarşı olan zorakılıq halları hüquq mühafizə orqanları tərəfindən bəzən ciddi qəbul edilmir və ailə daxilində baş verən zorakılıq adətən hətta cinayət tərkibi kimi hesab edilmir. Uzun müddət dövlət orqanları bunu mentalitetlə izah edirdi, sonra qadını döymək İnzibati Xətalar Məcəlləsinə keçirildi.

Ekspertlər bildirir ki, “xüsusi fiziki zorakılığa görə Cinayət Məcəlləsində məsuliyyət növu əks edilməyib. Burada hüquq-mühafizə orqanları daha çox döymə maddəsinə, az və ya orta sağlamlığa zərər vurma maddələrinə müraciət edirlər. Əslində, bunu təkmilləşdirməyə ehtiyac var. Ailə üzvlərinin bir-birinə qarşı zorakılıq hərəkətləri ağırlaşdırıcı hal kimi xüsusi maddədə qeyd edilməlidir”.

Bu da var ki, qanunları sərtləşdirmək vəziyyətdən çıxış yolu deyil. Zorakılığın qurbanı olanlara daha həssas münasibət bəslənilməli və hüquqi, səhiyyə və sosial sistemlər tərəfindən dəstəklənməlidirlər. Qeyri zorakılıq mədəniyyəti məktəbdən başlanaraq təlqin edilməlidir. Ailə həyatına hazırlıqla bağlı xüsusi tədris proqramları hazırlanmalıdır. Qızlar üçün xüsusi məktəblərin açılması, təhsilin pulsuz olması, tələbə yataqxanalarının inşa edilməsi, səhiyyə xidmətinin, vacib olan stomatoloji xidmətin əlçatan, gerçəkdən pulsuz olması zəruriyyəti var. Uşaqların tərbiyəsi işində qadınların, kişilərin və cəmiyyətin rolunu tarazlaşdrırmaq vaxtıdır. Uşaqların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün şərait yaradılmasına ehtiyac var. Özəl sektor daha geniş inkişaf etdirilməli və kişilər atalıq qayğısını yetərincə yerinə yetirmək üçün həvəsləndirilməli və dəstək almalıdırlar. Qadın və kişi bir fərd və ailə kimi iş ilə uşaqlarının tərbiyə məsələlərini tarazlamaqda ən yaxşı seçim imkanına malik olmalıdırlar.

Sosial amillər qadın sağlamlığının ən əsas müəyyənediciləridir. Ailədə baş verən hadisələr üzündən daimi stress keçirən qadınlar xəstələnirlər. Ümumiyyətlə 80 faiz qadınlar səhiyyə xidmətlərindən vaxtında istifadə etmirlər, müalicə və dərman xərclərinə olan maddi imkansızlıq üzündən səhhətinə etinasız yanaşırlar. Qadın sağlamlığının əsas diqqəti hamiləlik və körpə sağlamlığı üzərində qurulduğundan bütün yaş hədlərində və həyat mərhələlərində qadınların sağlamlığı bir qədər unudulur. Sağlamlığın kəskin surətdə pisləşməsi minimal orta ömür həddinin aşağı düşməsi ilə nəticələnir. Qadın sağlamlığının bir sıra göstəriciləri, məsələn psixi sağlamlıq hələ də kiçik bir problem olaraq qəbul edilir və qadınların cəmiyyətdə asılılığı da daxil olmaqla sosial faktorların buna təsir etməsi tam dərk edilmir. Nəticə etibarilə bu problemlərə erkən müdaxilə və profilaktik tədbirlərə az diqqət yeitirilir. Bu , xüsusən qızlar və qadınlar üçün çox qorxuludur. Çünki, onlar stres və depressiya halları da daxil olmaqla kişi və oğlanlara nisbətən emosional problemlərlə üzləşməyə daha çox meyillidirlər. 19 ölkədə aparılan tədqiqatlar aşkar etmişdir ki, depressiya və travmalardan sonra qazanılan streslər ilə bağlı fəsadlar qadınların 1/3-nin psixi sağlamlığına təsir etmişdir. Bu rəqəm kişilər arasında 10 %-dir.

Mövzu ilə bağlı fikir müxtəlifliyi olsa belə razılaşarsınız ki, Ailə mövcud ictimai quruluşun inkişaf səviyyəsinin göstəricisidir. Ailə mövzusu sonadək tam öyrənilməyib, öyrənilə də bilməz, çünki ailə müna-sibətləri, problemlər, ailənin funksiyaları ölkədəki sosial vəziyyətdən, cəmiyyət qarşısında qoyulan başlıca məqsədlərdən irəli gələrək dəyişir. Hazırda söhbət heç də boşanmanı tamamilə aradan qaldırmaqdan və onu minimum səviyyəyə endirməkdən deyil, onun sürətlə çoxalmasının qarşısının alınmasından, ailənin bir sosial təsisat kimi möhkəmləndirilməsindən getməlidir. Sağlam ailə bütün neqativlərin aradan qaldırılması, sağlam gələcək deməkdir. Ailə demokratik siyasətin mərkəz obyekti kimi dərindən tədqiq edilməli və onun möhkəmləndirilməsi həmin siyasəti müəyyən edən şərtlər içərisində ön plana çəkilməlidir. Ölkədə ictimai fikrin islahı haqqında ətraflı düşünülməlidir.

Hüseynova Səidə Bahadur qızı,

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru


Qeyd: Məqalə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}