Mütəxəssislər həyəcan təbili çalır: Azərbaycan təhsili uçuruma doğru gedir
Tarix: 07-04-2016 16:35 | Bölmə: Araşdırma / Slayd


Azərbaycanda təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi ilə bağlı təhsil üzrə müstəqil ekspertlərin çaldığı həyəcan təbili artıq rəsmi qurumlar tərəfindən də təsdiqlənir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilini apararkən təhsil sistemindəki eybəcərlikləri faktlarla sübuta yetirib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan bölməsi abituriyentlərinin test tapşırıqlarına düzgün cavabları ana dili fənnindən I-II qruplarda 39.36-40.32, III-IV qruplarda 47.51-46.61, V qrupda 46.37, ədəbiyyatdan 39.64 faiz, rus bölməsində ana dili fənnindən I-II qruplarda 49.97-43.65, III-IV qruplarda 46.62-61.24, V qrupda 49.62, ədəbiyyatdan isə 47.39 faiz olub.

Bundan əlavə, attestatda bütün qiymətləri "5” olan abituriyentlərlə bütün qiymətləri "3” olan abituriyentlərin imtahan balları müqayisə edilib. Tam orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 97.02 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0–200 bal intervalında olub. "5” qiymətlə bitirən məzunların isə yalnız 48.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.


Onu da nəzərə çatdıraq ki, 2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da var. Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən 1 nəfərdir.

9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərdən 12-si Astara, 9-u Sabirabad, 8-i Lerik rayonundan olub. Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsindən 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsindən 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsindən 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsindən isə 1 nəfərin oxuyub-yaza bilmədiyi aşkarlanıb.

 

"Təhsil sahəsində ciddi islahatlara ehtiyac var”

 

Mövzu ilə bağlı fikirlərini "Reytinq”lə bölüşən Bakı Avrasiya Universitetinin dosenti, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, TQDK mövcud vəziyyətlə bağlı acı gerçəkliyi ictimailəşdirməklə nəsə kəşf etməyib. M.Rəhimlinin fikrincə, Azərbaycanda təhsilin keyfiyyətinin getdikcə aşağı düşdüyünü müşahidə etmək o qədər də çətin deyil: "Bunu həm təhsil prosesində fəal iştirak edənlər, həm də kənar müşahidəçilər görürlər. Bu sahədə yaranmış situasiya və prosesin inkişaf istiqaməti, həqiqətən, narahatlıq yaradır. Çünki müasir dünyada elm, təhsil inkişafın sinonimi sayılır.

Lakin TQDK-nin təhsil sistemindəki çatışmazlıqları ittiham formasında səsləndirməsi yaxşı hal deyil. Çünki TQDK Misir Mərdanov nazir olarkən də, Təhsil Nazirliyi ilə bu səpkidə konfliktə girdi və bu, Azərbaycan təhsil sistemində ciddi problemlər yaratdı. Nəticədə yaranan gərginlik inkişafa deyil, təhsil sistemində dedi-qoduya, qruplaşmaya səbəb oldu. Buna görə də TQDK-nin iradlarını problemin həllinə yönələn səylər və səmimi söylənilən fikirlər hesab etmək olmaz”.

M.Rəhimli bildirib ki, təhsildəki problemləri aradan qaldırmaq üçün ciddi islahatlara ehtiyac var: "Elə işlər görülməlidir ki, cəmiyyətdə müəllimə qarşı münasibət indikindən köklü şəkildə dəyişsin. Cəmiyyətin maddi və mənəvi durumu müəllimin vəziyyəti ilə qiymətləndirilsin. Kadrlar çoxsaylı fırıldaqlara alışmış biznesmenlər arasından deyil, müəllimlərdən seçilsin.

Həm də insanlar bilməlidir ki, onların vəzifə pillələrində yüksəlişi və maddi-mənəvi uğurlarının meyarı yalnız elmdən, bilikdən keçir. Bu halda, təbii ki, təhsil sistemində vəziyyəti düzəltmək olar. Yoxsa yalançı qəhrəmanlıqlarla heç nəyi dəyişmək mümkün deyil”.

 Qeyd edək ki, artıq Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyət göstərməsindən xeyli müddət keçir. Yeni nazirin və yeni komandanın təhsil sahəsində dəyişikliklərə rəvac verəcəyini gözləyənlər olsa da, hələ ki ciddi dönüş baş verməyib.

M.Rəhimlinin fikrincə, nazirin kimliyi, rəhbərliyin peşəkarlığı da təhsil siyasətinin formalaşdırılmasına kifayət qədər təsir edir: "Fikir veribsinizsə, Misir Mərdanov haqqında TQDK-nin ittihamları yalnız onun barəsində hakimiyyətin yuxarı pilləsində mənfi münasibət yarandıqdan sonra başladı. Halbuki Misir müəllim həm mediaya, həm də ictimaiyyətə kifayət qədər açıq nazir idi. Problemlərin bir çoxunu ictimaiyyətin müzakirəsinə verməklə, həlli yolunu tapılmasını təqdir edirdi. Halbuki digər nazirliklərdə problemlər daha çox idi, lakin onlar daim bunu gizli saxlayıblar.


Müşahidələr göstərir ki, Mikayıl Cabbarov nazir təyin olunandan indiyədək TQDK bu nazirlik haqqında mənfi fikir səsləndirməyib. Əksinə, nazirliklə əməkdaşlıq etmək meylinin olduğunu göstərməyə çalışırdı. İndi isə, yenidən TQDK-nin ittihamlarını müşahidə etməkdəyik. Görünür, artıq TQDK indiki nazir haqqında hansısa yeni xəbərlərə malikdir. Ona görə də belə ittihamlar səsləndirməyə başlayıb”.

 

"Təhsil sistemindəki biabırçılıqlar millətin məhvinə xidmət edir”

 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sabiq üzvü, biologiya elmləri doktoru Nurəddin Məmmədli isə qeyd edib ki, məktəbi "5" qiymətlə bitirən məzunların 50 faizinin attestat qiymətlərini doğrulda bilməməsi rüşvət və korrupsiyanın nəticəsidir. Onun fikrincə, hər şeyin alınıb-satıldığı ölkədə xüsusi imtiyaz sahibləri istədikləri özbaşnalıqları reallaşdırırlar:

"Xalq qarşısında heç bir xidməti olmayan məmurlar orden və medallarla təltif olunduğu kimi, övladları da savadsız olduqları halda "5"-lərlə mükafatlandırılırlar.

Oxuyub-yaza bilməyən şagirdlərin attestat alması da rüşvətlə bağlı analoqsuz hadisədir. Çoxlu sayda şagirdlərin adlarını məktəbə yazdırıb, bir gün də dərsə davam etməmələri halları müşahidə olunur.

Ümumiyyətlə, Azərbaycanın təhsil sistemindəki biabırçılıqlar strateji olaraq millətin gələcəyinin məhvinə xidmət edir”.

 

"Maaşların az olması müəllimdə yaradıcılıq həvəsini öldürür”

 

AMEA-nın əməkdaşı, şərqşünas-filoloq Vüsal Hətəmov isə TQDK-nin açıqladığı faktlardan təəssüflənir. Onun sözlərinə görə, bunun səbəbini təkcə müəllim və şagirdlərdə axtarsaq, məsələ həll olunmayacaq: "Bunun əsas səbəblərindən biri də sovetlərdən sonra Qərb təhsil sisteminə inteqrasiyanın sürətli, hesablanmadan, şəraitə uyğun olmadan keçidi oldu. Apardığımız müşahidələrə görə, nə qədər müəllim var ki, hələ də müasir dərsliklərin təlim-tədrisi mexanizmini tam qavramır. Müəllimlər şagirdləri evdə, valideynlərinin ümidinə buraxır. Valideynlər də yaş dövrünə əsasən, sovet təhsil sisteminə malik olduqları üçün, övladları ilə evdə məşğul ola bilmir. Bunun da nəticəsində kütləvi savadsızlıq üçlüyü yaranır. Valideyn müəllimi, müəllim valideynin uşağa vaxt ayırmadığını səbəb gətirir. Nəticə isə üçüncünün – gələcəyimiz olan şagirdlərin savadsızlaşmasına gətirib çıxarır”.

V.Hətəmov müəllimlərin məvacib məsələsinə də toxunaraq bunun təhsilimizin keyfiyyətsizliyinə şərait yaratdığını vurğulayıb: "Maaşların az olması müəllimdə yaradıcılıq, axtarıb-yiyələnmə, öz üzərində təkrarən işləmə həvəsini öldürür. Müəllimlər uşaqları məktəbdən çox evdə, pulla hazırlamağa həvəslidir. Təbii ki, müəllimlərin maaşı yetərincə olsa, onlar evdə məktəb işlərini görmək əvəzinə özlərinə vaxt ayırar. "Məktəbdə dərs-evdə dərs” mühitində yaşayan müəllimin gərilmiş əsəbləri də onun təhsilvermə keyfiyyətinə təsir edir”.

Ekspert savadsızlaşmanın cəmiyyətimizdə mənfi təsirlərinə də toxunub: "Təhsil sahəsində olan yarıtmazlıq ictimai münasibətlərdə də öz təsirini göstərir”.

V.Hətəmov sonda statistik məlumatlara istinad edib: "Cinayətkarların çoxu savadsız insanlardır. Dünya terror şəbəkəsi, radikal din missionerləri savadsız təbəqəyə üstünlük verdiyindən, hər bir savadsız vətəndaşımız sabahın potensial cinayətkarı ola bilər.

Savadsızlıq ailə-uşaq münasibətlərində də öz sözünü deyir. Savadsız ailə başçısının övladlarına dövlətçilik tərbiyəsi qənaətbəxş ola bilməz”.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}