Professor: “Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır”
Tarix: 07-11-2018 08:00 | Bölmə: Cəmiyyət
Professor: “Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır”

"Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur”.

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində yazıb.

Sayalı Sadıqova yazır ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər: “Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

O bildirib ki, terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir:

"Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində mühüm missiya daşıyır".

Professor qeyd edib ki, Azərbaycan dilinin reklam işində istifadə edilməsində də ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir: “Göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və həmin proses hazırda davam etməkdədir".

S. Sadıqovanın fikrincə, dil qanunvericiliyi ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünlərdə daha bir sənəd – “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Fərmanda Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması qərara alınıb", - deyə o bildirib.

S. Sadıqova qeyd edib ki, dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.

O, bundan əvvəl internetin cəmiyyətə nüfuzunun sürətlənməsinin ədəbi dil normalarının qorunmasını çətinləşdirdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}