12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Turizm mütəxəssisindən erməni təxribatına qarşı maraqlı təkliflər
Tarix: 15-11-2018 15:52 | Bölmə: Cəmiyyət
Turizm mütəxəssisindən erməni təxribatına qarşı maraqlı təkliflər

Ruslan Quliyev: "Heç vaxt gözləmə mövqeyində olmamalıyıq"

Turizmin inkişafını prioritet olaraq qəbul edən Azərbaycan bu sahədə mövcud potensialını dünya səyahətsevərlərinə tanıtmaq məqsədilə artıq illərdir ki, müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə iştirak edir. Və hər dəfə də nümayəndə heyətimiz xüsusilə də Moskva, Berlin, London, Madrid kimi nüfuzlu sərgilər zamanı mənfur qonşularımızın təxribatı ilə qarşılaşır. Belə ki, onlar Ermənistan stendinin yanında ayrıca Qarabağ adlı bir stend qurur, burada turistlər üçün cənnət vəd edirlər.

Azərbaycanın sərgi təşkilatçısı olan ölkədə yerləşən səfirliyinin və oradakı nümayəndə heyətimizin üzvlərinin səyi nəticəsində bu stend sərgi ekspozisiyasından yığışdırılsa da, necə deyərlər, olan olur. Belə ki, ermənilər bəzi hallarda Qarabağa İrəvandan getməklə turist qrupları aparmağa nail olurlar.

Bugünlərdə Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisi zamanı da Azərbaycan təmsilçiləri belə bir halla üzləşmək məcburiyyəti yaşadılar. Azərbaycan Turizm Bürosunun və Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən təşkilatçılar qarşısında qaldırılan tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb. Böyük Britaniyadakı Azərbaycan səfirliyi də prosesə cəlb olunub.

Bu hadisə demək olar ki, hər il təkcə yuxarıda adıçəkilən sərgilərdə deyil, digər ölkələrdə keçirilən sərgilərdə də təkrar olunur.
Bu təxribatın qarşısını əvvəlcədən almaq mümkündürmü? Ölkəmizi əksər sərgilərdə təmsil edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və Dünya Sağlamlıq Turizmi Şurasının başqanı Ruslan Quliyevin sözlərinə görə, beynəlxalq turizm sərgilərində 10 ildən artıqdır ki, mütəmadi olaraq Ermənistanın Qarabağ-Artsax stendi təxribatı davam edir. Mənfur qonşularımız bununla da kifayətlənməyib xəritələrdə də Qarabağı Ermənistanın turizm marşrutu kimi təqdim edirlər: "Hesab edirəm ki, bu təxribatlara qarşı mübarizə ardıcıl aparılmalıdır. Sərgi təşkilatçıları deyirlər ki, biz siyasətlə məşğul deyilik, kommersiya təşkilatıyıq. Amma ən böyük savaş informasiya, intellekt savaşıdır. İlk növbədə, fikrimcə, turizm nə qədər iqtisadi bir sahə olsa da belə, hər bir vətəndaşın, bu istər turizm sahəsində çalışan, istərsə də biznes, kənd təsərrüfatı sahəsində çalışan olsun, fərqi yoxdur, öz vətəndaş mövqeyini ortaya qoymalıdır. Biz heç vaxt gözləmə mövqeyində olmamalıyıq. Fikirləşməməliyik ki, nəsə baş versə, dövlət bunun qarşısını alacaq. Bir şox hallarda ayrı-ayrı saytlarda, internet resurslarında "Qarabağ yeni turizm istiqaməti kimi", "Stepanakert hotelləri" adları ilə təbliğat aparılır və ya hansısa piar yazılar yazılır. Həmin bu forumlarda, bloklarda biz öz münasibətimizi bildirməliyik, insanlara həqiqəti çatdırmalıyıq.

Turizm mütəxəssisindən erməni təxribatına qarşı maraqlı təkliflər

Digər tərəfdən, Azərbaycan tərəfi sərgilərdə iştirakla bağlı təşkilatçılara müraciət edən zaman onlara bir şərt qoymalıdır. Əgər biz həmin o Qarabağ stendinə etinasızlıqla baxsaq, bu, müəyyən müddətdən sonra o anlama gələcək ki, biz bunu qəbul edirik.
Fikrimcə, onların stendinin yanında dinc aksiya, məsələn, Azərbaycan bayraqlarına sarılaraq, stendi əhatəyə almaq və s. mümkündür. Bir dəfə gənclərimiz Madriddə keçirilən "Fitur" sərgisində bunu edib".

Ruslan Quliyev deyir ki, ölkəmizin beynəlxalq təşkilatlardakı təmsilçiləri, Xarici işlər Nazirliyi, səfirliklərimiz bu istiqamətdə ciddi iş aparmalıdır: "Sərgidən bir neçə saat əvvəl onların təqdim etdiyi reklam-çap məhsullarına baxılmalı, ona uyğun ingiliscə bəyanatlar hazırlanmalıdır. Bizim öz stendimizdə, oraya səfər təşkil edə bilməsək də, Qarabağ guşəsi olmalıdır. Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməlidir. Digər tuzm zonalarımız haqqında məlumat verdikdə, mütləq Qarabağ haqqında da məlumat verməliyik. Bildirməliyik ki, burada çox təhlükəli və idarəolunmaz bir rejim mövcuddur, bir çox cinayətlər baş verir, sizi aldadıb Ermənistandan bura apara bilərlər. Deyilməlidir ki, əgər oraya getsəniz, Azərbaycan XİN-in "qara siyahı"sına düşəcəksiniz, ölkəyə girişinizə qadağa qoyulacaq. Hesab edirəm ki, bu kimi tədbirlər həyata keçirilmədikcə, problemlər də davam edəcək".

Mütəxəssis ölkəmizə gələn turistlərə də Qarabağ haqqında həqiqətləri çatdırmağın vacib olduğunu söyləyir. Onun fikrincə, Bərdədə, Tərtərdə, Ağcabədidə istiqlal muzeyləri, 1-ci Qarabaq müharibəsi muzeyi yaradılmalıdır: "Qarabağa Cocuq Mərcanlıya qədər tur təşkil etmək olar və yaxud da Gəncəyə, Naftalana turlar təşkil olunarkən, interaktiv də olsa, bu muzeylərə baş çəkilməlidir.

Həmkarlardan biri təklif etmişdi ki, Ağcabədidə hava limanı tikək, oraya uçuş kodunu Qarabağ adı ilə alaq. Bunun özü də maraqlı təklifdir.
Mən hər zaman deyirəm ki, turizm bir vətənpərvərlik işidir. Məhz turizm təbliğatı vasitəsilə dünya ictimaiyyətinə Qarabağla bağlı həqiqəti çatdırmaq mümkündür".

Fəxriyyə Abdullayeva






Bölməyə aid digər xəbərlər
8-12-2018, 13:04 Sabah yağış yağacaq