Azərbaycan təhsilində başlıca problem idarəetmə ilə bağlıdır
Tarix: 22-11-2018 17:48 | Bölmə: Cəmiyyət
Azərbaycan təhsilində başlıca problem idarəetmə ilə bağlıdır

Bakı Dövlət Universiteti sindromu ali təhsildə islahatların ləngiməsinin nəticəsidir

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifəsindən çıxarılması ətrafında gedən müzakirələr bütövlükdə idarəetmə, ayrılıqda isə təhsilin idarə edilməsi sahəsində naqislikləri üzrə çıxardı.

Reyting.az bildirir ki, bunu özünün Facebook səhifəsində Demokratiya və Rifah Hərəkatının rəhbəri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu yazıb.

“Odur ki, diqqətiniz bir daha təhsil məsələsinə çəkmək istəyirəm. Təhsil mövzusuna çox müraciət etməyimin əsas səbəbi də Azərbaycan gənclərinin bu hüquqdan və imkandan daha çox faydalanmasına xidmət edir. Heç şübhəsiz ki, təhsili və elmi zəif olan dövlət hazırkı dövrdə irəli çıxa və dünyanın aparıcı ölkələrinin siyahısında yer ala bilməyəcək”, - o, vurğulayıb.

Qubad İbadoğlunun fikrincə, Azərbaycan təhsilində başlıca problem idarəetmə ilə bağlıdır: “Burda kadrların müsbət rolunu Azərbaycan Dövlət İqtisad Universiteti, Pedoqoji Universitet, eləcə də Neft və Sənaye Universitetinin nümunəsində görmək olur. Lakin adı çəkilən universitetlərdə də islahatların dairəsi müəyyən çərçivə ilə məhdudlaşır. Çünki bu sahədə idarəetmə sistemi özlüyündə düzgün qurulmayıb.

Azərbaycan təhsilində başlıca problem idarəetmə ilə bağlıdır

Hazırda çalışdığım Rutgers Universitetində, eləcə də əvvəllər işlədiyim Mərkəzi Avropa, Şimali Karolina, Duke və Princeton universitetlərinin təcrübəsində gördüyüm örnəklər diqqətə layiqdir. Həmin universitetlərdə, ümumiyyətlə qərbin mütərəqqi ölkələrinin müasir təhsil sistemi qərarların qəbulunda ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq üzərində qurulub. Burda hesabatlılıq və ictimai nəzarət yalnız rəhbərlik və tələbələr arası münasibətlərdə deyil, Direktorlar Şurası, Qəyyumluq Şurası, prezident, universitetin Senatı müstəvisində həm şaquli, həm də üfüqi istiqamətlərdə də müşahidə olunur. Mən hazırkı dərs ilində artıq ikinci dəfədir ki, universitet prezidentinin hesabatını dinləmiş, növbəti il üzrə strateji plan müzakirələrində iştirak etmişəm. Baxmayaraq ki, Rutgers Universitetinin tələbələrinin sayı 70 mini ötüb, işçilərinin sayı da 26 minə çatır, amma bu prosesdə hər bir şəxsin iştirakı təmin olunur”.

Onun sözlərinə görə, əslində belə bir sistemin qurulması məqsədilə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalanıb: “Sərəncamda qeyd olunur ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkil edilsin. Amma bu sərəncamdan 1 il 6 aya qədər ötməsinə baxmayaraq, bu istiqamətdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

Düzdür, Azərbaycanda hələ də publik hüquqi şəxslərin idarə olunması ilə bağlı təkmil hüquqi baza və vahid praktika yoxdur. İndiyə qədər yaranan publik hüquqi şəxslərin təcrübəsi göstərir ki, onların timsalında idarəetmə orqanlarının təşkili, iyerarxiyası, səlahiyyətləri və say tərkibinə münasibətdə fərqlər və ziddiyyətlər vardır, amma buna baxmayarq hesab edirəm ki, maliyyə muxtariyyətinə malik olan ali təhsil müəssisələrinə idarəetmə funksiyalarında ciddi dəyişikliklər edilməli və universitetlər idarəetmə, akademik baxımdan müstəqilləşməli, onların fəaliyyətində şəffaflıq və hesabatlılıq artırılmalıdır. Əks təqdirdə nə Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə yer ala, nə də BDU sindromundan da sığortalana bilməyəcək”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}