Hava qeyri-sabit keçəcək - Proqnoz
Tarix: 17-12-2018 12:34 | Bölmə: Cəmiyyət
Hava qeyri-sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Reyting.az-a nazirlikdən verilən məlumata görə, dekabrın 18-dən 21-i gündüz saatlarına qədər Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Dekabrın 19-u axşam Azərbaycanın bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

***

Dekabrın 18-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın hərarəti Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Dekabrın 18-19-da tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}