Hüquq müdafiəçisi Mehman Hüseynovla görüşdü - Foto
Tarix: 08-01-2019 14:23 | Bölmə: Cəmiyyət
Hüquq müdafiəçisi Mehman Hüseynovla görüşdü

Yanvarın 8-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb.

Reyting.az bildirir ki, Sahib Məmmədov özünün Facebook səhifəsində Mehman Hüseynovla birgə fotosunu paylaşıb.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər