17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Həbsxana rəisi ölümlə hədələndiyini, Milli Şura isə əksini bəyan edir
Tarix: 05-02-2019 21:06 | Bölmə: Cəmiyyət
Həbsxana rəisi ölümlə hədələndiyini, Milli Şura isə əksini bəyan edir

Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumatda qeyd olunub.

"Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi, yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar - Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A. Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər. Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib", - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir: "Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq. Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar".(Report)

Onu da qeyd edək ki, Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq, siyasi motivlərlə tutulan və məhkum edilmiş şəxslərə qarşı zorakılıq və işgəncələrin tətbiq olunduğunu bildirib.

Bəyanatda deyilir ki, artıq neçə vaxtdır ölkə ictimaiyyəti Qobustan qapalı həbsxanasında və DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") siyasi məhbuslara ağır işgəncələr verildiyinə dair həyacan doğuran məlumatlar almaqdadır:

“Qobustan həbsxanasında "Nardaran məhbusları", Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, hərəkatın fəalları Abbas Hüseyn və Cabbar Cabbarlı sanki erməni əsirliyindəymiş kimi qəddar fiziki, mənəvi-psixologi işgəncələrə məruz qalır. İşgəncələr barədə onların özləri yaxınları vasitəsilə cəmiyyətə məlumat çatdırıblar.

Bəlli olur ki, Qobustan həbsxanasında Tale Bağırzadənin qolları heç bir əsas olmadan qandallanır, onu təmiz hava almaq və yuyunmaq imkanından məhrum ediblər, ailəsi və vəkililə əlaqə saxlamasına maneə yaradılır, onun yanına psixi tarazlığı yerində olmayan və adam öldürməyə meylli (əvvəllər başqa bir məhkumu yandırmağa cəhd eləmiş) dustaq salıblar və s. T.Bağırzadənin qolunu bilərəkdən qanlı qandalla yara açacaq həddə sıxıblar və bu da onu hansısa xəstəliyə yoluxdurmaq istədiklərinə dair şübhələr yaradıb. T.Bağırzadəyə qarşı basqılar elə həddə çatıb ki, o, özünə xəsarət yetirməyə məcbur olub.

Abbas Hüseyn qoluna 3 yerdən qandal, ayaqlarına zəncir vurularaq, ağzı və gözləri yapışqan lentlə bağlanaraq elə ağır işgəncələrə məruz qalıb ki, paltarları belə əynindən çıxıb. Onu boğazından o qədər sıxıblar ki, günlərlə su içməyə belə çətinlik çəkib.

Cabar Cabbarlı da xəstə halına baxmadan möhkəm döyülüb, çənəsi və sinəsi zədələnib.

"Nardaran məhbusları" bildiriblər ki, onlara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik
edir”, - deyə bəyanatda bildirilib.(Turan)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}