Dövlətin iki qurumu sürücülərə problem yaradır
Tarix: 20-02-2019 18:22 | Bölmə: Cəmiyyət
Dövlətin iki qurumu sürücülərə problem yaradır

Avtomobil sahibi parklama üçün pulunu ödəyib işinin arxasınca gedir, qayıdanda görür ki, cərimə edilib. Bu isə Bakı şəhərindəki sürücülərin narazılığına səbəb olur.

Sürücü sonradan öyrənir ki, sən demə, bu ərazidə parklama ilə yanaşı "dayanma və durma qadağandır" işarəsi də qoyulub. Yəni orada sürücülərin avtomobili park etməsinə icazə yoxdur. Bu təzadlı halla üzləşən sürücülər nə etməli olduqlarını bilmirlər.

Qəribədir, parkomat varsa, sürücüyə hansı əsasla cərimə yazılır? Axı şəhərdə parkomatlar qanuna müvafiq şəkildə qoyulub. Əgər parkomatlar artıq bir mahiyyət kəsb etmirsə, hansı səbəbdən yığışdırılmır?

Reyting.az-ın məlumatına görə, “Sputnik Azərbaycan” sürücüləri narahat edən bu suallara cavab axtararkən ilk olaraq parkomatları quraşdıran Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlayıb. BŞİH-in mətbuat xidmətinin cavabında bildirilib ki, ötən ilin aprel ayından parkomatların idarəçiliyi Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib.

"Artıq bunların bizə heç bir aidiyyəti yoxdur. Bakı Nəqliyyat Agentliyi parkomatlara cavabdehdir və problemi də onlar həll etməlidir" , - deyə BŞİH-dən bildiriblər.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyib ki, bu məsələdə qanuna zidd heç nə yoxdur: "Durma qadağandır işarəsi varsa, orada parkomatın olub-olmaması önəm kəsb etmir. Belə ki, işarə parkomatı qüvvədən salır. Durma qadağandır işarəsi olan yerdə avtomobili park etmək olmaz. Əks halda sürücülər cərimə olunacaq".

"Parkomatlar isə hələ bizə təhvil verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti nə vaxt bizə təhvil verər, o zaman biz onların aqibəti haqqında danışa bilərik", - deyə qurum sözçüsü əlavə edib.

Yol-nəqliyyat eksperti Tural Yusifov isə problemə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda hörmət edilməyən iki yol nişanı var - "stop" və "durmaq qadağandır". Sürücülər bu işarələrə məhəl qoymurlar. Başa düşmürlər ki, "durma qadağandır" işarəsi varsa, sürücü orada maşın saxlamamalıdır.

"Parkomatları kimin idarə etdiyi isə heç kimə bəlli deyil. Kimdirsə, MMC açıb, müvəqqəti boşluqdan istifadə edərək pul yığır. Parkomatlar işləmir və heç kim parkomatlara və onların yanında dayanan əməkdaşlara pul ödəməməlidir", – deyə T. Yusifov əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}