AFİ müraciət yaydı: 2019 “Qadın haqları uğrunda mübarizə ili” elan edilsin!
Tarix: 05-03-2019 17:20 | Bölmə: Cəmiyyət
AFİ müraciət yaydı:  2019 “Qadın haqları uğrunda mübarizə ili” elan edilsin!

İsveç Azərbaycan Federasiyası Azərbaycan xalqına müraciət edib.

Reyting.az
-a göndərilən müraciətdə deyilir:

“Azərbaycanın sayğıdəyər aydınları, sivil toplum qurumları, iqtidarlı-müxalifətli bütün siyasi partiyaları, Azərbaycanın milli varlığı, bu günü və sabahı ilə bağlı özündə sorumluluq duyan hər bir istəkli soydaşımız, yurddaşımız!

Biz – qürbətdə yaşayan Azərbaycan insanları Azərbaycanın istər quzeyində, istərsə də güneyində, batısında və doğusunda, Azərbaycanla bağlı hər hansı bir yerdə gedən günlük sürəcləri yaxından izləyir, millətimizin hər bir uğuruna sevinir, hər bir uğursuzluğuna üzülürük. Bütöv Azərbaycanın düşdüyü duruma, yaşamaqda olduğu ağır sorunlara baxmayaraq, ürəkdən inanırıq ki, Vətənimiz və Millətimiz gec-tez öz sözünü deyəcək, tarixdə dəfələrlə yaşadığı böyüklüyə, yüksəkliyə bir daha yetəcəkdir! Təbii ki, bu böyüklüyə, bu yüksəkliyə gedən yolda hamımızın qutsal görəvi millətimizə qulluq etmək və elimizin gücünü sel gücünə çevirərək sorunlarımızı çözməkdir.

Biz qürbətçilərin həm şəxsi çətinliklərimiz, həm də toplumsal sorunlarımız az deyil. Biz bir yandan öz milli varlığımızı qorumaq üçün təşkilatlanmanın içəridə yaranan, yaxud dışarıdan yaradılan ağrı-acıları içərisində çabalayır, o biri yandan isə yaşadığımız ölkələrdə Azərbaycanla bağlı olumsuz yanaşımları ortadan qaldırmağa, Azərbaycanımızın müsbət imicini biçimləndirməyə çalışırıq (Təbii ki, heç də hamımız yox!). Şübhəsiz, Azərbaycana yönəlik müsbət imic yaratma çabalarımız o zaman tam uğur qazanacaqdır ki, Azərbaycanda demokratik siyasi rejim və Azərbaycan toplumunda demokratiya mədəniyyəti bərqərar olsun. İndiliksə, çətinliklərə baxmayaraq, biz öz işimizi görməkdəyik və bu yolda bizim Azərbaycandan heç bir maddi umacağımız yoxdur. Çünki yaşadığımız İsveç Dövləti təşkilatlanmağımız, milli varlığımızı qorumağımız, kültürümüzü, kimliyimizi, tariximizi tanıda bilməyimiz üçün hər cür şərait yaratmaqdadır. Yetər ki, biz doğru çalışaq!

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi zamanı dəyərli aydınlarımız prof. Ədalət Tahirzadə və Dilqəm Əhmədin təmənnasız hazırladıqları “Azərbaycan Cümhuriyyəti (1918 – 2018)” əsəri insanlarımızın fədakarlığı ilə İsveçcəyə (çevirən: Səadət Kərimi) və Danimarkacaya (çevirən: Güllü Cahangirova) tərcümə edilib çap olundu. İndiyədək dəfələrlə tanış olmuşuq ki, əsəri İsveçcə oxuyan sıradan insanlar və hətta aydınlar Azərbaycanın bütün Şərqdə ilk cümhuriyyət, ilk parlament, ilk dünyəvi dövlət, ilk milli dövlət, ilk çoxpartiyalı sistem, dini, milli, sinfi, cinsi fərqliliyi ortadan qaldıran ilk demokratik bir ölkə olduğunu ilk dəfə öyrənib çox təəccüblənirlər. Onları təəccübləndirən əsas məsələlərdən biri də budur ki, 21 iyul 1919-cu ildə, yəni İsveçdən 2 il öncə Azərbaycan Dövləti qadınlara seçki haqqını rəsmən tanımışdır!

1 sentyabr 1919-cu ildə isə Bakı Dövlət Universiteti ilə bağlı Parlamentin qəbul etdiyi qanunda qadınlara kişilərlə eyni vəzifələrdə çalışma haqqı tanındı ki, bu da Şərqdə ilk dəfə olmaqla yanaşı, həm də bir sıra Avropa ölkələrindən öncə idi.

Qadın haqları ilə bağlı Şərqdə ilk dəfə Azərbaycanın imza atdığı bu önəmli faktlar və XIX yüzilin sonları – XX yüzilin başlarında həmin ilk imzaları hazırlayan qadın haqları uğrunda mübarizə tariximiz, az sonra yenə də qadın azadlığı yolunda millətimizin imzaladığı ilklər xalqımızın başucalığıdır və Azərbaycana müsbət imic qazandırma yolunda olduqca böyük önəm daşımaqdadır.

Çox sevinirik ki, Azərbaycanda “Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” sənədli filmi çəkilmişdir (Layihə yazarı: Şəhla İsmayıl; Ssenari yazarı: Mehriban Vəzir; Rejissor: Məlahət Qisuri Zeynallı) və fürsətdən yararlanıb filmin hazırlanmasında zəhməti keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Artıq çox dəyərli aydınımız Mehriban xanım Vəzirdən xahiş etmişik ki, həmin ssenarini ayrıca bir əsərə çevirsin və biz də o əsəri tərcümə edib İsveçdə tanıdaq.

Bu il Şərqin ən önəmli ilklərindən birinin – Azərbaycanda qadınlara seçki haqqı tanınmasının 100 illik yubileyidir. Bu yubileyi yüksək səviyyədə keçirərək qadın haqları uğrundakı mübarizə tariximizi dünyaya tanıtmaq o mübarizəni Şərqdə ilk dəfə başlatmış böyük Azərbaycan xanımları qarşısında hamımızın milli borcudur.

İsveç Azərbaycan Federasiyası – AFİ olaraq aydınlarımıza, sivil toplum qurumlarımıza, iqtidarlı-müxalifətli bütün siyasi partiyalarımıza, Azərbaycanın taleyi ilə bağlı özündə sorumluluq duyan bütün soydaş və yurddaşlarımıza üz tuturuq:

2019-cu ilin Azərbaycanda qadın haqları uğrunda mübarizə ili elan edilməsinə nail olaq!

BMT-yə, YUNESKO-ya müraciətlər edərək 21 iyulun Şərqdə qadın haqları uğrunda mübarizə günü kimi qəbul edilməsinə çalışaq!
Dəyərli soydaşlarımız və yurddaşlarımız! İnanırıq ki, Azərbaycan qadınlarının azadlığı uğrundakı şərəfli mübarizə tariximizi dünyaya tanıtmaq üçün müraciətimizə qoşulacaq və bu yolda əlinizdən gələni əsirgəməyəcəksiniz”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}