Evin dağıdılmaması üçün 15 min manat rüşvət istəyiblər - İttiham
Tarix: 13-04-2019 09:18 | Bölmə: Cəmiyyət
Evin dağıdılmaması üçün 15 min manat rüşvət istəyiblər

Abşeron rayonunun Saray qəsəbəsində Rəsul Hüseynova məxsus ev dağıdılıb. İcra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib.

Reyting.az xəbər verir ki, R. Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:

"Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə, Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Üstəlik də əlavə 1000 manat da onlara "şirinlik" verməli idim.

Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var".

Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:

"Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurdacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər".

R. Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb.

"Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var", - deyə İcra Hakimiyyətindən bildirilib.

Evin dağıdılmaması üçün 15 min manat rüşvət istəyiblər




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}