19:32 / 27-06-2017
Şəhidə borc yazanlar
13:17 / 21-06-2017
Azərbaycansayağı faşizm
Elmar Vəliyevin Gəncədən didərgin saldığı balaca qızcığaz İlham Əliyevi ad gününə dəvət edib - Müraciət
Tarix: 24-12-2016 11:39 | Bölmə: Cəmiyyət / Xəbər lenti

Gəncə şəhərindən didərgin düşən və evləri icra başçısı Elmar Vəliyev tərəfindən dağıdılan 12 yaşlı Almaz Əhmədova prezident İlham Əliyevlə eyni gündə anadan olub. Balaca Almazın xural.com-a ürəkdağlayan məktubu daxil olub. Almaz prezident İlham Əliyevi özünün 12-ci yaş gününə dəvət edir. Reyting.az xural.com-a istinadla həmin məktubu təqdim edirik:

Cənab prezident!

Mənim adım Almazdır. Sabah 12 yaşım tamam olur. Mən gözümü dünyaya Gəncədə açmışam. Gəncə mənim ata-baba yurdumdur. Böyük Azərbaycanımızın dilbər guşəsi olan Gəncəni çox sevirəm. Atam, anam da gəncəlidirlər. Atam tarix müəllimi olsa da, indi işsizdir. Uzun illər öz zəhmətilə bizə ev tikib, məndən başqa daha 3 bacı-qardaşıma "ocaq” qalayıb. Mən indi - evimizi itirəndən sonra anlayıram ki, "ocaq” itirmək, isti yurd-yuvasız qalmaq nə deməkdir.

Cənab prezident!

Avqust ayında Gəncənin icra başçısı Elmar Vəliyev atamın alın təri ilə ərsəyə gətirdiyi və 20 il içində yaşadığı evi cəmi bir neçə saatın içində bizim harayımızı dinləmədən darmadağın, yerlə-yeksan etdi. Səbəbi birdir. Evimiz şəhərin mərkəzində idi və bu yer Elmar Vəliyevə daha bir mehmanxana tikmək üçün lazım idi. Söküntü aparılarkən, evin damındakı şiferin qopub başıma düşməyini bir neçə dəqiqə sonra, təcili yardım həkimlərinin müdaxiləsindən sonra gözümü açanda bilmişəm. Anam öldüyümü zənn edib və huşunu itirib. Qardaş və bacılarımın qışqırtısı, haray çəkib ağlamasının səsi indi də qulaqlarımdadır. Mən o gün həyatımın ən ağır gününü yaşadım. Faciənin nə olduğunu anladım. Bizim evimiz artıq yox idi. İcra başçısının sizə müraciət edəcəyini söyləyən atama, "rədd ol, buradan, get hara istəyirsən şikayət elə!”-deməsi bütün ümidlərimi qırdı. Demək, Gəncədə Elmar Vəliyevdən böyük adam yoxdur və o nə istəsə edə bilər, ona heç kəs etiraz edə bilməz. Hətta prezident də…

Ailəmin gözündə bütün ümid qığılcımları sönsə də, mən inanıram ki, siz mənim də prezidentimsiniz və Azərbaycanın 12 yaşlı Almazına əlinizi uzadacaqsınız. Mən bilirəm. Televiziyada da gördüm ki, siz necə qaçqın uşaqlarını qucağınıza alıb, onların dərdləri ilə maraqlanırsınız, evsiz uşaqlara ev verirsiniz. Mən də Elmar Vəliyevin zülmündən Gəncədən qaçqın düşmüşəm, cənab prezident! Mən də evsizəm! Mənim evimi Elmar Vəliyev söküb. Səsimiz çıxmasın deyə bizə ümumi yataqxanada ara qapıları, hətta kanalizasiyası olmayan otaq ayırıb. O otaq bizi öldürür, cənab prezident – soyuqdan, dərddən öldürür. Axı, bizim evimiz var idi və biz də Azərbaycanda yaşayırdıq axı… Heç balaca uşaqlar olan evi də söküb, onları bayıra, Allahın ümidinə atmaq olarmı? Mən inanıram ki, siz Azərbaycanı sevdiyiniz qədər də onun balalarını sevirsiniz. Mən də Azərbaycan balasıyam. Məni də sevin və qayğıma qalın, cənab prezident. Məni və ailəmi, minlərlə gəncəlini Elmar Vəliyevin zülmündən xilas edin.

Cənab prezident!

Sabah mənim ad günümdür – eyni zamanda Sizin ad gününüzdür və Sizi bu münasibətlə təbrik edirəm. Qohumlarımızın evində 12 yaşımı qeyd edəcəyik. Bir şamla və anamın bişirdiyi piroqla. Mən sizi öz ad günümə dəvət edirəm, cənab prezident! Mən istəyirəm ki, siz məni, ailəmi, harada yaşadığımı görəsiniz.

Mən bu ad günümü sizinlə qeyd etmək istəyirəm.

Mənə deyirlər ki, siz məni eşitməyəcəksiniz. Bəlkə bu məktub da heç əlinizə çatmayacaq. Amma mən bilirəm ki, Amerika prezidenti, Türkiyə prezidenti ona müraciət edən neçə-neçə uşağın səsini eşidib, onunla görüşüb. Siz də Azərbaycanın prezidentisiniz və mən isə Azərbaycanlı balası, sabahın müəlliməsi, anasıyam.

Cənab prezident!

Bizə ümid verin və bu doğum gününün yaddaşıma yazılması üçün addım atın. Bunu sizdən səmimi qəlbdən xahiş edirəm.

Sizi sevən və Sizə etibar edən gəncəli qaçqın balası Almaz Əhmədova




365 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər