17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
MTN əməkdaşları iş adamından 300.000 manat tələb edib - Məhkəmə
Tarix: 17-01-2017 16:37 | Bölmə: Cəmiyyət / Xəbərlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib.

Vəkil bildirib ki, araşdırılan hadisəyə mütləq obyektiv qiymət verilməli və ədalətli qərar qəbul edilməlidir.

Vəkil deyib ki, məlum yanğın hadisəsindən bir neçə ay əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Miryusif Mahmudovdan 300.000 manat tələb edib, əks halda material barədə mənfi rəy yaradacaqları ilə onu hədələyiblər:

"Onlar rüşvəti tam almağa müvəffəq olmayıblar. 16 may 2015-ci ildə "Qlobal Konsrtakşn” şirkəti tərəfindən əsaslı təmir işləri həyata keçirilən Azərbaycan Respublikasının Veteranlar Təşkilatının yeni inzibati binasına bitişik binada yanğın törətmək cəhdi, Azadlıq prospektindəki yanğından 5 gün sonra, 24 may 2015-ci il tarixdə Gəncədə Dədə Qorqud 2 ünvanda yerləşən binada əllərində kerosin kanistri olan 2 nəfərin yaxalanması, yanğın başlayandan təqribən 40 dəqiqə sonra keçmiş MTN əməkdaşlarının Miryusif Mahmudovu özləri ilə aparması və sair bu kimi onlarla faktlar, yanğın hadisəsi başlayan kimi Miryusif Mahmudovun həbs olunması bu həbsin sifarişli olmasını açıq-aşkar göstərir. Miryusif Mahmudov ona elan olunan maddələrlə təqsirli bilinə bilməz, çünki o bu cinayətlərin subyekti deyil”.

İttihamın sübut olunmadığını bildirən vəkil Miryusif Mahmudova bəraət verilməsini məhkəmədən xahiş edib.

Proses fasilədən sonra davam edəcək.

Xatırladaq ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətlərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror yanan binanın üzlənməsində istifadə edilən "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun 10 il, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Qəzənfər Novruzovun 7 il, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovun 7 il, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun 8 il, Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Ədalət Rəcəbovun 7 il, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun 5 il, "Dərnəgül Boru" Zavodunun laboratoriya sabiq rəhbəri Ağacavad Məmmədovun 5 il, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru, təqsirləndirilən Akif Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}