Mühasib ağlı dövlət ağlıdırmı?
Tarix: 27-02-2016 21:16 | Bölmə: Cəmiyyət

Dövlət büdcəsindən maliyyələşən AzTV-nin fəaliyyətinin səmərəsiz, verilişlərinin maraqsız olmasını və bu səbəbdən də geniş auditoriyanın etimadını qazana bilməməsini tənqid edən professor Qulu Məhərrəmli az qala ictimai linçə məruz qalıb. Müsahibədə qeyri-peşəkar və yarıtmaz rəhbər kimi səciyyələndirilən sədr Arif Alışanov tənqidlərə cavab olaraq total təhqir kampaniyası təşkil edib. Kampaniyanın etik sərhədləri keçməsi ictimaiyyət nümayəndələrinin, o cümlədən vicdanlı qələm adamlarının etirazına səbəb olub. Vaxtilə AzTV-nin populyar aparıcılarından biri olmuş İdris Heydərlinin yazısı ixtisasca "mühasib” olan A. Alışanovun ictimai əxlaqı zədələyən davranışına bir etirazdır:

 

Mühasib ağlı dövlət ağlıdırmı?

"Mühasib” kimdir? Bilmirəm, heç bu barədə düşünmüsüzmü?

 

Ərəb mənşəli bu sözün ilkin mənası sarayda padşahı əyləndirən deməkdir, sonralar pul sayıb, kəm-kəsirləri azaldan şəxsə də "mühasib” deyiblər. İkinci məna sovet dönəmində kənd yerlərində "hesabdar” şəhər müəssisələrində isə "buxalter" sözü ilə əvəzləndi. Bu peşəni daşıyanlar daha çox dövlətin cibindən oğurluq edən "pullu adamlar” kimi tanınmağa başladı. Şəhər müəsisəsilərində bu peşə qadınlara, bölgələrdə isə çarəsizlikdən kişilərə verilərdi. Dövlət nəzarəti ilə işləyən sistemdə açar şəxs məhz mühasib olardı. Müəsissənin rəhbəri alış-veriş işlərində oğurluq və doğurluqlarını bu adamın əli ilə edərdi. Həbs qorxusu mühasibin nəfs qorxusuna bağlı idi. Rəqəmlərın yalanı da, palanı da mühasibdən soruşulardı.

Bir yeri yoxlayanda, maliyyə çatışmazlığı olanda adətən buxalteri tuturdular. Nə isə, hesab edək ki, mühasibin kim olduğunu, onun daşlaşmış obrazının əsas cizgilərini yüngülvari də olsa, cızdıq.

Sözümün canı mühasib ağlı ilə dövlətin ideoloji ağlı olan AzTV sədrinin peşəsini və ağlını tanımaq cəhdi üçündür. Mənim vaxtilə bərabər çalışdığım bir çox insan, məhz bu adamın, yəni keçmiş mühasib A.Alışanovun ağlı ilə 2 saat 44 dəqiqə ərzində Qulu Məhərrəmlini hədəf alıb, yalan və iftira yağdırıb, "hesab-şotka" çəkiblər.Nədən?

Mühasib hesab istəyir, bu səbəbdən də hesab soruşur. Dövlət TV-sinin də rəhbər şəxsləri, efirin siması ola biləcək adamlar hesab verirlər.

Bu "hesab" bir mühasib hesabıdırsa, nədən "dövlət ağlı"nı bu hesaba qurban verdik? "Dövlət ağlını" bu bəsit və qisasçı təfəkkür sahibinə etibar etmək dövləti düşüncəmizi hədəf görmək demək deyildirmi? Onun ipini kim çəkməli idi, görən?

Dövlətın təməl dəyərlərini mühasib hesabı ilə saymaq, dövlət içində "mən dövlətəm" demək cəsarətini A.Alışanova kim verib görəsən?

Qulu Məhərrəmli ilə şəxsi haqq-hesabın varsa, mühasib,bu hesabı çəkməyin çox yolu var. AzTV kimi ideoloji bir dəyər daşıyan müəsissənin rəhbəri kimi sizə kim haqq verib ki, bu haqq-hesabı dövlət adı daşıyan ciddi bir qurumun imkanlarının istismarı ilə edəsəniz?

Bütün cəmiyyətdə, elə o AzTV-də də vicdanlı və peşəkar kimi tanınan Qulu Məhərrəmli müsahibə verdi, televiziyanın 60 illik ömrünə öz baxışını tanıtdı, 60 ilin təxmini cizgilərini çəkdi, siz isə mühasib ağlı ilə hesab çəkdiniz. Q.Məhərrəmlı tarixini araşdırıb haqqında kitablar yazdığı TV-ni anlatdı, TV-nin dünəninə pəncərə açdı, siz isə bu adamı hədəf alıb, eybəcər qaralama kampaniyası aparmaqla dövlət ağlını ifşa edəcək bir durum yaratdınız.

Dövlət nədir, heç düşündünüzmü?

Dövlət, hər şeydən öncə, ağıldır. Dövlət ağlı isə dövlətin ana təməllərini saxlayan qurumların rəhbərlərinin ağıl və əxlaqı ilə böyüyər.

Mühasib ağlı ilə çəkilən hesabı "dövlət ağlı" sayan adamın çəkisi "şotka" çəkisi ilə deyil, ağlının və sözünün çəkisi ilə bilinər.

Bu qədər...

 

 Moderator.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}