16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağ döyüşçüsü Mehriban Əliyevadan kömək istəyir – Müraciət
Tarix: 23-08-2017 12:17 | Bölmə: Cəmiyyət
Qarabağ döyüşçüsü Mehriban Əliyevadan kömək istəyir
Qarabağda - Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş Beyləqan rayon sakini, hazırda Beyləqandakı N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Azər Əbülfət oğlu Aslanov ağır xəstəlikdən əziyyət çəkir. Azər Aslanov müalicəsinə kömək göstərilməsi üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
Reyting.az saytı A.Aslanovun müraciətini təqdim edir:
“Hörmətli Birinci vitse-prezdent Mehriban xanım Əliyeva!
Mən, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirak edənlərdən biriyəm. Sizə müraciət etməkdə məqsədim xəstəliyimin müalicəsinə köməklik göstərməyinizi xahiş etməkdir.
Çox hörmətli Mehriban xanım!
Bir müddət müalicə aldığım Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında məndən götürülən qan analizində linfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildim. Bədənimin ağ ciyər orqanı yaxınlığında yerləşən linfada xərçəng xəstəliyinin olması Milli Onkologiya Mərkəzində təsdiqini tapdı və ilkin müalicə üçün lazımi köməkliklər edildi. Milli Onkologiya Mərkəzində 5 gün yatdıqdan sonra ikinci müalicəmin davam etdirilməsi üçün evə buraxılmışam.
Milli Onkologiya Mərkəzinin həkimləri müalicə olunaraq yaşamağım üçün maddi vəsaitin olmasını deyirlər. Ancaq 2 (iki) övlad atası olaraq ailə vəziyyətimin ağır olması, müalicə olunmağım üçün lazım olan vəsaiti əldə etməyim mümükün deyil. Hazırda qulluq etdiyim N saylı hərbi hissəsinin yarı qat əmək haqqından başqa gəlir yerim yoxdur. Xəstəliyimlə əlaqədar olaraq qulluq etdiyim N saylı hərbi hissədən yaxın günlərdə məni təxris etdikdən sonra isə müalicəm üçün heç bir maddi imkan əldə edə bilməyəcəm.
Buna görə də son ümid yerim ölkəmin, dövlətimin Ali Baş Komandanı cənab İlham Əliyev və Sizsiniz.
Çox hörmətli M.Əliyeva!
Azərbaycan Milli Ordusunun hərbi qulluqçusu olmaqdan şərəf duyuram və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcəyimizə hər an inanmışam. Kaş bu ağır xəstəliyə düçar olmaqdansa Vətən uğrunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və Sizə inamım böyükdür.
Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, 2 övlad atası kimi Sizdən xahiş edirəm ki, ağır xəstəliyimin müalicəsi üçün mənə köməklik edəsiniz. Həkimlərimiz bu ağır xəstəlikdən ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Mən də bir müddət yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram”.
Qeyd edək ki, Azər Aslanov müraciətinə əlaqə nömrəsini (050-447-82-32) də əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}