Mehman Əliyevin həbsi narazılığa səbəb olub
Tarix: 25-08-2017 19:09 | Bölmə: Cəmiyyət / Xəbərlər
Mehman Əliyevin həbsi narazılığa səbəb olub
Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında M.Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Baş direktorun həbsi ölkədə narazılıqla qarşılanıb. Tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı. Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Eldar Zeynalov, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Zaliha Tahirova, Əvəz Həsənov "Turan" İA-nın direktoru Mehman Əliyevin saxlanması ilə bağlı dəyirmi masa keçiriblər. Dəyirmi masa iştirakçıları билдириблəр ки, hökumət və beynəlxalq qurumların rəhbərliyi ilə danışıqlar aparacaqlar:
"Mehman Əliyev Azərbaycanın dəyərli ziyalısı, ölkədə demokratik cəmiyyətin qurulması üçün fədakarca mübarizə aparan vətəndaşdır. Onun həbsindən ciddi narahatlıq keçiririk. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zərbə olardı. Ümid edirik ki, hökumət bu məsələdə adekvat mövqe tutacaq. Biz – insan haqları müdafiəçiləri olaraq ölkə rəhbərliyini Mehman Əliyevin həbsi ilə bağlı prosesi nəzarətinə götürməyə çağırırıq. Ümid edirik ki, dövlət başçısının iradəsi ilə Azərbaycanın beynəlxaq nüfuzuna ciddi zərbə ola biləcək bu yanlış addımı düzəltmək mümkün olacaq".
Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev Mehman Əliyevin həbsinə münasibət bildirib. «Mehman Əliyev ölkəmizdə vətəndaş cəmiyyətinin, medianın inkişafı, Azərbaycanın maraqlarının qorunması uğrunda hər zaman çalışan dəyərli şəxsiyyətlərimizdən biridir”,- deyən Ə.Nuriyevin sözlərinə görə, o, uzun illərdən bəri, Milli Azadlıq Hərakatından bu yana Mehman Əliyevlə bərabər addımlayıb: “Uzun illərdən bəri, Milli Azadlıq Hərakatından bu yana bərabər addımlamışıq. Mehman bəy hər zaman açıqfikirliliyi, mütərəqqi ideyaları və yanaşmaları ilə fərqlənib. Ölkəmizdə müstəqil medianın qaranquşlarındandır. Böyük bir media məktəbinin əsasını qoyanlardandır. Əminik ki, Mehman bəyin saxlanılması ilə bağlı anlaşılmazlıq aradan qalxacaq və o, tezliklə azadlığa qovuşaraq öz ənənəvi ictimai və jurnalistika fəaliyyətinə davam edəcək. Bununla əlaqədar əlimizdən gələn qədər çalışacağıq”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə deyib ki, Mehman Əliyevin saxlanılması və ona qarşı ittihamlar absurddur: “Biz dostumuz Mehman Əliyevi müdafiə edəcəyik”.
Yazıçı-publisist Elçin Şıxlı Hurriyyet.org-a bildirib ki, M.Əliyev 27 ildir işləyir və 27 il ərzində onun vergi ödəməklə bağlı heç bir problemi olmayıb, deməli, bu gün də olmamalıdır:
“Təbii ki, “Turan” Agentlyi və Mehman Əliyevlə bağlı qərar sifarişlidir. Ancaq siyasi, yoxsa qeyri-siyasi olduğunu deyə bilmərəm. Amma yüz faiz sifarişlidir”.
E.Şıxlı düşünmür ki, “Turan” hakimiyyətə problem yaradıb: “Çünki “Turan” qəzet deyil. Hər halda “Turan” sözün doğrusunu deyəndir. “Turan” Mehmanın simasında həmişə prinsipial mövqe nümayiş etdirib və öz prinsipiallığından və jurnalistika standartlarından heç vaxt qırağa çıxmayıb. Problem də elə bundadır”.
Elçin Şıxlı nəzərə çatdırıb ki, həmişə “Turan”ın bülletenlərini xarici diplomatik missiyalar, ölkəmizdə işləyən xarici şirkətlər alıb: “Yəni bu yeni bir şey deyil. Ona görə, burada nəsə təzə bir şey axtarmağa dəyməz. “Turan” sadəcə olaraq öz analitik yazılarını onlara pulla satıb. Bu da normal bir şeydir. Agentliyin işi öz bülletenlərini satmaqdır.
“Mən qəti əminəm ki, Mehman Əliyevin həbsi Azərbaycan olaraq bizə də, Azərbaycan hökumətinə də lazım deyil. Sadəcə olaraq bunu hansısa burnundan uzağı görməyən adamlar edir. Xüsusən də mən, Rauf Mirqədirovun və Xədicə İsmayılın həbsdən azadlığa buraxılmasından sonra buna bənzər işlərin bir daha təkrarlanmayacağına inanırdım, amma görünür, öz mənafeyini dövlətin, millətin mənafeyindən üstün tutan məmurlar var. Prezidentə məlumat düzgün çatdırılsa, mənə elə gəlir ki, O, düzgün qərar verər”, - deyə yazıçı-publisist əlavə etdi.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da "Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, M.Əliyevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb:
«Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi "Turan” İnformasiya Agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.
Möhtərəm Prezident, xahiş edirik ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.
Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi hökuməti Mehman Əliyevin azadlığa buraxılmasını təmin etməyə səsləyib. Ştefan Şennak “Tvitter” səhifəsində M.Əliyevin saxlanılmasını pisləyib. “Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən “Turan” Agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram”,– deyə o, bildirib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}