ATV-nin prezidenti işdən çıxarılıb, iki veriliş bağlanıb – Təyinat
Tarix: 26-09-2017 18:45 | Bölmə: Cəmiyyət
ATV-nin prezidenti işdən çıxarılıb, iki veriliş bağlanıb

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

Reyting.az saytı xəbər verir ki, V.Qaradağlının işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əleyhinə ifadələr işlətməsidir.(bizimyol.info)

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Qeyd edək ki, "CBC” telekanalı əvvəllər ATV nin tərkibində "ATV International" kimi fəaliyyət göstərib.

ATV kanalına yeni rəhbər təyin olunan Azər Xəlilov məlumatın doğru olduğunu bildirib:

"Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir”.

A.Xəlilov işdən çıxarılanlarla bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.

Reyting.az-ın "Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, A.Xəlilov qeyd edib ki, hələlik kimlərinsə işdən kütləvi şəkildə çıxarılmasından söhbət gedə bilməz:

"Bu dəqiqə bizim kimlərisə işdən uzaqlaşdırmağımızdan danışmaq doğru deyil. Getmək istəyənlərin isə qarşısını kəsmək olmaz. Bu ana olan reallıq ondan ibarətdir ki, işdən getmək üçün 3 nəfər ərizə yazıb və qəbul edilib. Onların arasında Vüqar Qaradağlının qayını və kanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov da var”.

A.Xəlilov bildirib ki, TV-də belə vəziyyətin yaranmasına səbəb olan "ATV-Səhər” və "Yoxlama” verilişlərinə artıq ehtiyac qalmayıb.

Yeni rəhbər deyib ki, ilk işi ATV-nin yaradıcı kollektivi ilə görüşüb situasiyanı təhlil etmək və kanalın doğru istiqamətdə irəliləməsini təmin etməkdir.

O, "CBC”də fəaliyyətini davam etdirib etdirməyəcəyi ilə bağlı məsələnin hələlik konkretləşmədiyini də vurğulayıb.

A.Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: "Heç kimin iradəsinə qarşı çıxmaq olmaz”.

A.Xəlilov qeyd edib ki, V.Qaradağlının rəhbərlik etdiyi administrasiyadan ona bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu "ATV Səhər” verilişinin yayımı yayımı hələ bu gün səhər saatlarında dayandırılıb: “Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu "Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə deyib ki, ATV kanalı rəhbərliyində baş verən dəyişiklik təsisçilərin verdiyi qərardır: “Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”.

N.Məhərrəmlinin sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:

"Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.

N.Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:

"Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}