Baş Prokurorluq universitetdə araşdırma aparır - Cinayət işi başlanıb
Tarix: 06-10-2017 16:26 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq universitetdə araşdırma aparır

18 May 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilib. Eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Reyting.az-ın xəbərinə görə, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Hesablama Palatasının növbəti Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikası Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinin rektoru deputat Şəmsəddin Hacıyev olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}