11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Mikayıl Cabbarovun komandası ideoloji təxribata göz yumub
Tarix: 09-10-2017 11:06 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarovun komandası ideoloji təxribata göz yumub

Orta məktəblərimizin 10-cu sinifi üçün nəzərdə tutulmuş "Azərbaycan tarixi” dərsliyindəki (rus dilində) xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri uydurma "Böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərilib.

Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin qrifi ilə həmin dərsliyi 7000 tirajla (Всеобщая история) nəşr edən "Şərq-Qərb” nəşriyyatı səhvi aradan qaldırıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Qeyd edək ki, kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Dərsliyin həmmüəllifi Kamran Əsədov publika.az-a deyib ki, dərslik müəllifi olaraq Azərbaycan dilində xəritə tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də, məcbur qalıb dünya mənbələrindən xəritələr əldə edirlər:

“Bu dərsliklər yalnız Azərbaycan deyil, rus, gücü, digər azsaylı xalqların dilində hazırlanır. Bu dərslikdə 120-dən çox yeni xəritə vermişik, ola bilər ki, bir xəritədə diqqətdən yayınma olub.

Düzdür, xəritədə erməni ərazisinin göstərilməsi xoş deyil. Lakin həmin xəritəni rusdilli mənbələrdən götürmüşük və bu məqam diqqətdən yayınıb”.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin üzvü Fazil Mustafa isə qeyd edib ki, dünyada qəbul olunan tarix xəritələrində istəsək də, istəməsək də “Armeniya” adına rast gəlinir. Ancaq bu, dövlət olaraq deyil, Roma imperiyasının bir əyaləti kimi qeyd olunur.

Fazil Mustafa bildirib ki, həmin xəritədə Azərbaycanın indiki ərazilərinin “Armeniya” adı ilə göstərilməsinə izah verilir ki, Azərbaycan və gürcü dillərində olan dərsliklərdə bu ad qeyd olunmayıb, rusca variantında isə səhvən adı silmək unudulub: “Budur bizim tarixlə haqlılığımızı əsaslandırmanın maraqlı nəticəsi.

Əzizlərim, tarixi bir tərəfə qoyun, biz bu gün mövcud ərazimizlə, yəni 86 min kvadrat kilometrlik ərazi ilə BMT-də qeydiyyatdan keçmişik və eyni qaydada dövlət olaraq Ermənistan da orada qeydiyyatdan keçməsinə baxmayaraq, bizim beynəlxalq hüquqla tanınan ərazimizin 20 faizini işğal edib və bu əraziləri qaytarmalıdır. Yoxsa bu əraziyə kim tez gəlib, kim gec gəlib, bunun mübahisəsi bugünkü dünya üçün qətiyyən aktual deyil və bu daha çox əsas məqsəddən yayınmamıza gətirib çıxarır”.

Tarix məsələsinə gəlincə, F.Mustafa qeyd edib ki, daxili mühitdə olan kitablarımızdan hansısa məqamları çıxarmaqla iş bitmir:

“Dünyada qəbul olunan tarix xəritələrində istəsək də, istəməsək də “Armeniya” adına rast gəlinir. Ancaq bu, dövlət olaraq deyil, Roma imperiyasının bir əyaləti kimi qeyd olunur.

“Malaya Armeniya” adı da Qara dənizin indiki Trabzona yaxın hissələri üçün yazılır.

Roma tarixinin ən böyük tədqiqatçısı sayılan Nobel mükafatı laueratı Mommzenin ruscaya tərcümə olunmuş "Roma tarixi" əsərinin 2-ci cildində verilmiş eramızdan öncəki Aralıq dənizi hövzəsi xəritəsində də “Armeniya” adı qeyd olunur. Burada müasir Azərbaycan ərazisi isə Albaniya kimi, Güney Azərbaycan ərazisi də Midiya, Atropat adı ilə coğrafi ərazi olaraq göstərilir. Mübahisə mövzusuna çevrilmiş tarix dərsliyində əsas səhv bu ərazilərdə digər adların xəritədə göstərilməməsi, yalnız “Armeniya” adının Qara dənizdən Xəzər dənizinə qədər ərazi üzərində yazılmasıdır”.

Reyting.az-ın məlumatına görə, tanınmış jurnalist Taleh Şahsuvarlının məsələyə münasibəti bir qədər sərt olub. T.Şahsuvarlı FB statusunda qeyd edib ki, səriştəsizliyin, strateji bir postda müqəvva kimi oturmağın ucbatından Azərbaycan balalarına qondarma, heç zaman olmamış "Böyük Ermənistan"ın xəritəsini tədris edirlər:

“Sənə etimad göstərib cənab prezident. O prezident ki, Azərbaycanın millli maraqlarını bağlı qapılar arxasında bütün namusu, şərəfi, vicdanı, biliyi, məharəti ilə müdafiə edir. O prezident ki, Salvartı dağlarında, İrəvanda Azərbaycan bayrağının dalğalanmasına milli hədəf kimi yanaşır. O prezident ki, onun xanımı, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva milli maraqlarımızın müdafiəsi üçün fədakarcasına erməni lobbisinə qarşı çalışır.

Bəs, sən nə edirsən? Nadanlığından, səriştəsizliyindən, strateji bir postda müqəvva kimi oturmağının ucbatından Azərbaycan balalarına qondarma, heç zaman olmamış "Böyük Ermənistan"ın xəritəsini tədris edirsən. Bu işin üzrü yoxdur, məsuliyyəti və cinayəti var.

Biz, Azərbaycan dövlətinin ucalması, tərəqqi etməsi üçün hər cür məhrumiyyətlərdən keçmiş və bu gün də keçməkdə olan insanlarıq. Azərbaycan tarixinə, müqəddəs vətən davamıza həqarət edən səriştəsiz Mikayıl Cabbarovu nazir postunda görmək istəmirəm. Mən övladlarımın gələcəyini Azərbaycanın tarixi torpaqlarını “Google”-dən götürülmüş saxta xəritələr üzərində qurulan təhsil siyasətinə həvalə etmək istəmirəm”.

İqtisadçı-alim Qubad İbadoğlu isə qeyd edib ki, pul gözlərini elə tutub ki, rus bölməsində tədris olunan 10-cu sinif üçün tarix kitabında dərc edilmiş xəritədə "Böyük Ermənistan"ı da görə bilməyiblər. Q.İbadoğlu bunun texniki səhv olmasına inanmır: “Çünki dərsliyin müəllifləri ilə yanaşı redaktorları olur, eyni zamanda da hər bir dərslik nəşrə göndərilməzdən əvvəl ona xüsusi komissiya baxaraq, rəy verir. Komissiya isə bir yox, bir neçə nəfər üzvdən ibarətdir”.

İqtisadçı-alim bir faktı da nəzərə alaraq bildirib ki, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Rus bölmələrində təhsil alan şagirdlərin ümumi sayı isə 80 min nəfərdən çoxdur: “Orda tarix dərsini tədris edən 50-dək müəllim işləyir. Ona görə də, hesab edirəm ki, bu fakt ciddi araşdırılmalı, onun məsuliyyətsizlikdən, yoxsa bilərəkdən olması müəyyənləşdirilərək, adekvat tədbirlər görülməlidir”.

Q.İbadoğlu qeyd edib ki, "Böyük Ermənistan"ın “xəritəsi”nin coğrafiya deyil, tarix dərsliyində təqdim edilməsi Azərbaycan tarixinin saxtalaşdırılması deməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}