Şəhər nəqliyyatında dəyişiklik ediləcək -Vüsal Kərimli
Tarix: 10-10-2017 09:35 | Bölmə: Cəmiyyət
Şəhər nəqliyyatında dəyişiklik ediləcək

“Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə vermiş və bunun davamı olaraq əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb”.

Reyting.az saytı “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, bu il pilot layihə olaraq Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub: “Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək”.

Baş direktor vurğulayıb ki, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri də təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb: “Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir, “Dərnəgül”, “Avtovağzal” və “28 may” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır”.

Qurum rəhbəri əlavə edib ki, paytaxtımızın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə, 1 100 ədəd piyada keçidlərinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq yerləşdirilməsi nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadəsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılmış və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. “Bu baxımdan piyada keçidlərində piyadalar üçün işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir”.

Baş direktorun sözlərinə görə, Bakının ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb: “Belə ki, şəhərin 11 arterial küçəsi üzrə parklanma, şəhər mərkəzində 74 yol kəsişməsində, Tbilisi prospektində 4 əsas kəsişmədə, Şərifzadə küçəsində, “Heydər Məscidi” qarşısında, 3-cü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, 20 Yanvar dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələri, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”.

Vüsal Kərimli hmçinin qeyd edib ki, aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkar edilib. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib və bu istiqamətdə işlər davam etdirilir. “Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyən olunub. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində, daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən artıq avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti vardır”, - deyə V. Kərimli vurğulayıb.

Baş direktor əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: “Sizin təşəbbüsünüzlə Bakı şəhəri İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” MMC-yə məxsus 300 ədəd avtobusda, digər daşıyıcılara məxsus 150 ədəd avtobusda ümumilikdə 450 avtobusda, bununla yanaşı, Hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqının ödənilməsi vahid kartla həyata keçirilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}