Həkimlər aqressiv münasibətlə üzləşir - Adil Qeybulla yazır
Tarix: 10-10-2017 12:16 | Bölmə: Cəmiyyət
Həkimlər aqressiv münasibətlə üzləşir

“Bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyuram. Təssüflər olsun ki, bəzi həkim ixtisaslı millət vəkilləri bu prosesi getdikcə körükləməkdədir”.

Reyting.az saytı xəbər verir ki, bunu özünün FB səhifəsində tibb elmləri doktoru, professor Adil Qeybulla yazıb.

Adil Qeybulla qeyd edib ki, mənəvi-psixoloji basqıların əsasında dayanan bir amil də indiyə qədər vətəndaşın sosial müdafiəsinin mühüm bir elementi olan icbari tibbi sığortanın olmamasıdır.

Jurnalistlərlə sıx əməkdaşlıq etdiyi üçün onları özünə həmkar sayan professor təəssüflə qeyd edib ki, artıq mətbuatda həkimlərə “karikatura yaradan” yeni termin və ifadələr də peyda olub. Məsələn, mətbuatda tez-tez “həkim terroru” ifadəsi təkrar olunur. A.Qeybulla isə bildirir ki, beynəlxalq terminologiyada belə düzəltmə ifadəyə rast gəlməzsiniz:

“Terror dedikdə, əvvəlcədən planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərin ölüm və digər qorxu üsulları ilə təhid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu, həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. Niyə buna yol verilir? Çünki bizdə “təqsirsizlik prezumpsiyası” deyilən bir hüquq sadəcə dəfn edilib. Amma bu hüquq bu gün özünü cəzasız və isti qucaqda hiss edənlərin hər birinə səhəri gün gərək ola bilər”.

A.Qeybulla bildirib ki, siyasi rəqiblərini, jurnalistləri hər addımda təhqir edən, məhkəmə-hüquq saymayan və bu gün layiq olduğu aqibəti yaşayan bəzi sabiq rəsmilərin hüquqdan, Avropa məhkəməsindən danışmağı Azərbaycansayağı analoqsuz paradoksdur.

Professor daha sonra yazır:

“Milli səhiyyəmizin taleyi sarıdan az qala “qəlb krizi keçirən bəzi vətənpərvərlərə” üzümü tutub deyirəm: Vaxtınız olanda öz real gəlirlərinizlə həkimin istehza və sarkazm doğuran maaşını da müqayisə etsəniz pis olmaz. Bəlkə yaxşı nümunələrə də imza ataq? Bu məsələni nişangaha çevirmək mərəzi bəlkə içdiyimiz rəngli boya çayları, keyfiyyətsiz dərmanlarla ilgilidir?

Bu günlərdə yeni bir gündəmin ehtirası ilə üz-üzəyik. “Elmed” klinikasının cərrah-həkimi, tibb elmləri namizədi Elman Əzimovun “Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyarinin öd kisəsinin xəstəliyinə bağlı cərrahi əməliyyat etməsi və ondan sonrakı yaşantılarla bağlıdır.

İlk növbədə qeyd edim ki, qara ciyər və öd yolları üzərində aparılan cərrahi əməliyyatlarda bütün dünya üzrə ağırlaşmaların sayı 30 faizə qədər yüksəlir. Bu həmin zonanın anomaliyaları, geç müraciətlərə bağlı iltihabi-destruktiv prosesin yaratdığı texniki çətinliklər, Mirizzi sindromunun olması, xoş xassəli (polip, adenomioz) və bəd xassəli (xərçəng, sarkoma) törəmələrin olması və s. bağlıdır. Postoperasion ağırlaşmaların bir qismi insan (həkim) amili ilə deyil, xəstəliyin yaratdığı real situasiya ilə ilgilidir”.

Professor daha sonra diqqəti araşdırılması vacib olan bir neçə diskusion müddəalara yönəldib:

“1. Xəstənin cərrahi əməliyyat üçün müraciəti xeyli-gecikmiş olub və infiltrativ-iltihabi-destruktiv prosesin pikində olub (öd kisəsinin divarları qalınlaşmış, bərkləşmiş, ətraf toxumalara bitişik olub), əməliyyat daxili texniki çətinliklər və qanama da buna bağlı olub.

2. Xaric edilən makropreparatın (öd kisəsinin) Milli Onkologiya Mərkəzində aparılan patomorfoloji tədqiqi xəstədə öd kisəsinin adenokarsinoması (xərçəng) olduğunu göstərib (bu rəylə təsdiq olunub). İddialara görə, xəstəyə getdiyi ölkələrdə xərçəng deyil, fon xəstəliyi olan öd kisəsinin adenomiozu qoyulub, yəni verifikasiya fərqi ortaya çıxıb. Bu fakt cərrahın məsuliyyəti deyil, onu histoloqlar öz aralarında müzakirə etməlidirlər.

3. Xəstədə xəstəliyin gedişinə risk yaradan və onu ağırlaşdıran yanaşı patologiya şəkərli diabet olub (Comorbidity – iki xroniki xəstəliyin və situasiyanın bir xəstədə rast gəlməsi).

Hal-hazırda tanınmış müğənni qardaş Türkiyədə təkrar əməliyyat olunub. Ona Allahdan şəfa diləyirəm. Bizim həkimlərin böyük əksəriyyəti də məhz Türkiyənin nüfuzlu tibb məktəblərində yetişib. Əvvəlki əməliyyatı icra edən şəxs – Elman Əzimov da bu məktəbdə təcrübə keçmiş, xeyli sayda bu qəbildən olan əməliyyatları uğurla həyata keçirmiş cərrahdır. Gəlin məsələnin həllini peşəkarların – yüksək ixtisaslı tibbi komissiyanın ixtiyarına buraxaq. Bu daha ədalətli yanaşma olardı”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}