16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mikayıl Cabbarov: “Magistr və doktorantlarla bağlı hökumətlə müzakirələr aparılır”
Tarix: 24-10-2017 13:16 | Bölmə: Cəmiyyət
Mikayıl Cabbarov: “Magistr və doktorantlarla bağlı hökumətlə müzakirələr aparılır”

Hazırda Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2723 nəfər təhsil alır.

Reyting.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 64 faizi, elmlər doktoru proqramları təhsil alanların isə 52 faizi ali məktəblərin payına düşür: “Bu göstəriciləri yaş nisbəti üzrə müqayisə etdikdə, görmək olar ki, elmlər doktoru proqramları üzrə təhsil alanların 34 faizini yaşı 40-dək olanlar təşkil edir. Əvvəlki dövrlərə nisbətən bu göstəricilər bir qədər artsa da, elmdə nəsillərin yenilənməsi daha sürətlə gedə bilər. Dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 65 faizdən çoxdur. Biz bu faizin aşağı salınmasını yaşlı, savadlı insanlarımızın sayının azaldılması yolu ilə deyil, gənc tədqiqatçılar və alimlərin cəlb edilməsi yolu ilə etməliyik”.

Bəzi statistik göstəriciləri açıqlayan M.Cabbarov vurğulayıb ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib. Onun fikrincə, bu rəqəmlər narahatlıq doğurmaya bilməz: “Çünki bu, ali məktəblərin hazırlıq səviyyəsinin keyfiyyəti ilə bağlı məsələdir. Mövcud statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir və qarşıda duran əsas vəzifələrdən biridir. Hesab edirik ki, ötən il qəbul edilən "Elm haqqında" qanun bu sahədə ciddi irəliləyişlərə nail olunmasına təkan verəcək. Bu qanun elm sahəsində müvafiq hüquqi baza yaratmaqla yanaşı, elmi fəaliyyətin stimullaşdırılması, elmi işçilərin sosial müdafiəsi, elmi vəzifələrə qəbul və digər məsələlərin həyata keçirilməsinə əsas yaradır. Qanunun verdiyi imkanlardan istifadə nəticəsində həm AMEA, həm də təhsil sahəsində gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”.

M.Cabbarov eyni zamanda bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsində təhsilə yönəldilib.

Təhsil naziri deyib ki, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolu olub.

M.Cabbarov xaricdə təhsil üzrə ikinci dövlət proqramının Azərbaycanın universitetlərində həyata keçirilməli olduğunu da diqqətə çatdırıb:

“Dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər siyahısında 63 faizdən çox olmasını hədəfləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir".

Nazirin sözlərinə görə, hazırda ölkədə doktorantura pilləsində təhsil alanların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrini seçib.(Mənbə:APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}