Komitə sədri hökumətə çağırış etdi: “Səhiyyə xərclərini artırın!”
Tarix: 22-11-2017 12:48 | Bölmə: Cəmiyyət
Komitə sədri hökumətə çağırış etdi: “Səhiyyə xərclərini artırın!”

Səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır. Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilsə də, əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur.

Reyting.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat qeyd edib ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. Ə.Əmiraslanovun sözlərinə görə, səhiyyə xərclərinin azlığı, həkimlərin maaşının aşağı olması, ölkədə yeni inşa edilən müasir avadanlıqlarla təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına maneə törədir: “Bu il səhiyyə xərcələri ötənilkindən bir qədər azdır. Heç olmasa, əhalinin artımını nəzərə alaraq bu xərcləri artırmaq lazımdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq səhiyyədə problemlər yaranacaq. Bu xərclər hökmən artırılmalıdır”.

Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. “Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa, eşitmə qabiliyyətini itirə bilərlər. Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Ə.Əmiraslanov qeyd edib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır:

“Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr, orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır: “Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahadır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsait artırılmalıdır”.

Komitə sədri Maliyyə Nazirliyindən xahiş edib ki, bu cür ciddi məsələyə diqqəti artırsın.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}