Məhkəmə hakimləri cəzalandırılıb - MHŞ-in iclası
Tarix: 27-02-2018 21:16 | Bölmə: Cəmiyyət
Məhkəmə hakimləri cəzalandırılıb

Bu gün Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən Ədliyyə naziri, şura sədri Fikrət Məmmədov bildrib ki, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 10.02.2017-ci il tarixli sərəncamı bütün hüquq-mühafizə orqanları və məhkəmələr üçün "yol xəritəsi”nə çevrilib: "Bu müstəsna əhəmiyyətə malik sənədin icrası üzrə tədbirlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunub, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib, həbs qətimkan tədbirinin seçilmə qaydası təkmilləşdirilib və onun müddətinin uzadılmasına təsirli nəzarət mexanizmləri yaradılıb".

Nazir qeyd edib ki, 2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilmiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib:

"Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkilib. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub".

İclasda eyni zamanda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}