Bakıda güclü yanğın olub – 25 nəfərədək şəxs ölüb - Fotolar+Yenilənib
Tarix: 02-03-2018 10:07 | Bölmə: Cəmiyyət
Bakıda güclü yanğın olub – 25 nəfərədək şəxs ölüb

Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanşın baş verib. Yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Reyting.az
-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildiriblər ki, ilkin məlumata əsasən, 25 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

Baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri də hadisə yerinə gəliblər.

"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun müavini Rüstəm Usubov hazırda yanğın ərazisindədir. Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.

Onu da qeyd edək ki, bəzi mənbələr ölənlərin 25 nəfərdən çox olduğunu iddia edirlər.
**
Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısaqapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
**
Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri də yanğın barədə birgə məlumat yayıb.

Reyting.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Bakıda güclü yanğın olub – 25 nəfərədək şəxs ölüb
Bakıda güclü yanğın olub – 25 nəfərədək şəxs ölüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}