11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Mətbuat Şurasının İdarə Heyətində dəyişilik olub – Siyahı
Tarix: 10-03-2018 21:39 | Bölmə: Cəmiyyət
Mətbuat Şurasının İdarə Heyətində dəyişilik olub

Bu gün Azərbaycan Mətbuat Şurasının VII qurultayı keçirilib.

Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub və jurnalistlərə uğurlar arzulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkürünü bildirib və bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Sonra 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşdırılıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib.

O, Şuranın keçdiyi inkişaf yoluna nəzər salıb, görülən işlər barədə məlumat verib. Deyib ki, Mətbuat Şurası (MŞ) yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib.

Ə.Amaşov qeyd edib ki, VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib: "Şikayətlərdən 159-u Reketçiliklə mübarizə komissiyasında araşdırılıb. "Reket jurnalistika" ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.

Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə toxunan Ə.Amaşov qeyd edib ki, dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur: "Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyətinin necə olmasını anlamırıq”.

MŞ sədri vurğulayıb ki, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir: "Lakin müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının idxalının əlavə dəyər vergisindən azad olunması bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap mediasının satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazar istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir: "Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.

Şura sədri həmçinin qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: "Bu, humanist addım olar”.

Çıxış edən "Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas “reket jurnalistlər”ə qarşı daha ciddi mübarizə aparılmasını təklif edib. O, çap mediasına ayrılan maliyyənin də artırılmasını təklif edib.

"Azərbaycan” qəzetinin Bəxtiyar Sadıqov da ölkə jurnalistikasının inkişafından söz açıb. O bildirib ki, Azərbaycan mediası dövlətin dəstəyi sayəsində xeyli inkişaf edib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir:

"Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onalara üzümü tutub deyirəm: "Kimlərinsə diqtəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını elə insanlara qarşı mübarizə aparmağa çağırıram”.

APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı çıxış edərək deyib ki, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi bir eniş hiss olunur: "Onlayn media sadəcə gördüyünüz saytlardan ibarət deyil. Bunun ciddi alt infrastrukturu olmalıdır. Bu isə çox böyük vəsait tələb edir. Onlayn mediaya dövlət dəstəyinin verilməsini təklifi dəstəkləyirəm. Onlayn mediaya ciddi dövlət dəstəyinə ehtiyac var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə bu bizim xahişimizdir”.

"Gündəlik Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı deyib ki, hər kəs rahatlıqla media orqanı yarada bilər, bununla da peşəkar media gözdən düşür: "İstənilən şəxs domen alıb, sayt aça bilər. Bunun qarşısının alınmasına ehtiyac var. Domenlərin satışı ilə bağlı müəyyən məhdudiyyətlər olmalıdır. Məsələn, televiziya yaratmaq çox çətindir, bunun üçün müəyyən maliyyə tələb olunur, lisenziya alınmalıdır. Azərbaycan mediasının hazırki vəziyyəti qənaətbəxşdir”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında "freelance” jurnalistikaya toxunub: "Kimsə "freelance” kimi fəaliyyət göstərirsə, özünə VÖEN açdırmalıdır, əldə etdiyi gəlirdən vergi verməlidirlər. 5 il fəaliyyət göstərdikdən sonra hansısa jurnalist təşkilatında üzv ola bilərlər. "Freelance” jurnalistika onlayn medianın bir hissəsidir.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bəzi saytların fəaliyyətindən şikayətlənib. O bildirib ki, həmin saytlar insanları şantaj edirlər: "Mətbuat Şurası bununla bağlı tədbirlər görür. Bu cür hərəkətlər tarixi ləkələyir, bunlara qarşı ciddi cəza tədbirləri görülməlidir”.

Sonda çıxış edən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov media ilə bağlı təkliflərə münasibət bildirib. O deyib ki, bundan sonra da dövlət mediaya dəstək verəcək.

Sonda Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə keçirilən seçkilərin nəticələri açıqlanıb. Əflatun Amaşov yenidən Şura sədri seçilib, həmçinin İdarə Heyəti yenidən formalaşdırılıb.

Şuranın İdarə Heyətinə 11 jurnalist

- Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev,

7 ictimaiyyət nümayəndəsi

– Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli,

5 internet informasiya resursu təmsilçisi

- Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov seçilib.


Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}