Azərbaycanlı məmur erməni ilə gizli iş birliyi qurub - İddia
Tarix: 14-04-2018 09:45 | Bölmə: Cəmiyyət / Xəbərlər
Azərbaycanlı məmur erməni ilə gizli iş birliyi qurub

Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adı yenidən mətbuatın gündəminə qayıdır. Buna səbəb Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və dostları - Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclasının başlamasıdır.

İttiham aktında yazılır ki, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. Məlumata görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və Nuray Bayramlı da yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov isə deyib ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib:

"Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər.

İkinci dəfə Oktay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik" stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oktay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. Həmin işi faktiki olaraq dayandırıblar”.

Rafael Əsgərov iddia edir ki, Qüdrət Şükürov Elşəni həbs etdirəcəyini deyib: “Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqqımda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam".

Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov "Yeni Müsavat”a bildirib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: "Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır. Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oktay Əhmədov rəhbərlik edib”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir. Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib.

Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini "şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıdakı binalarda quraşdırılır:

"Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat" alır. Mən özüm onun "Azəriqazbank”ın filialı vasitəsilə bu "otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}