17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elm və təhsilimiz Avropaya inteqrasiya olunur - Tədbir
Tarix: 23-06-2018 11:01 | Bölmə: Cəmiyyət
Elm və təhsilimiz Avropaya inteqrasiya olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib.

Reyting.az xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi “EaPConnect” layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında əməkdaşlıq haqqında müqavilə imzalamaqdır.

AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək tədbirin Azərbaycan elm və təhsili üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada davam edən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılmasının qarşıya məqsəd qoyulduğunu vurğulayıb.

Akademik ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını qeyd edib. AzScienceNet ilə AzEduNet arasındakı işgüzar əlaqələrdən söz açan akademik bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.

Təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT və Azərbaycan təhsil şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilir. Nazir təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini şərtləndirən əsas amillərdən birinin İKT vasitələri ilə tədrisin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirib. Qeyd olunub ki, təhsildə İKT-nin tətbiqinə dair ölkə rəhbərliyi tərəfindən müvafiq proqramlar qəbul olunub və uğurla həyata keçirilir.

Nazir çıxışında ölkəmizdə təhsil sisteminin informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq sahələrindən, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin olunmasından danışıb. Ölkəmizdə son illər uğurla həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır. Nazir İKT sahəsində kadr hazırlığından danışıb, son illər bu sahəyə müraciət edənlərin sayında artım olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər, rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıqdan, bu sahədəki perspektivlərdən, Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıblar.

Avropa Birliyinin EaPConnect layihəsinin rəhbəri Mariya Minarikova tədbirdə GEANT və EaPConnect layihəsi barədə geniş təqdimat edib.

AMEA-nın akademik-katibi, Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın prezidenti Akif Əlizadə və təhsil naziri Ceyhun Bayramov imzalayıblar.

Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri əksini tapıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}