17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Deputat Elmira Axundovanın qalmaqallı audioyazısı yayılıb
Tarix: 30-07-2018 16:09 | Bölmə: Cəmiyyət
Deputat Elmira Axundovanın qalmaqallı audioyazısı yayılıb

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb.

Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər "daha 2-3 ay gözləməyi" xahiş edir.

Audioyazını criminal.az saytı yayıb.

Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın.

Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar.

Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o, bu pulu hansısa Cabir vasitəsilə alırmış...

Qeyd edək ki, Elmira Axundovanın ailəsi bu həftə ərzində artıq ikinci dəfədir qalmaqal mərkəzinə düşür. Daha əvvəl internetdə onun oğlu Həbib Axundovun videosu yayılmışdı. Həmin videokadrlardan görünür ki, deputatın oğlu təmtəraqlı həyat tərzi keçirir və özünə heç nədə korluq vermir.

Videoda həmçinin hələ sağ olan model Günel Mirzəyeva da yer alır. Xatırladaq ki, şayiələrə görə, o, Həbib Axundovun yaxtasında həlak olub. Ölüm hadisəsi 26 iyun 2017-ci ildə Xəzər rayonunun Bilgəh qəsəbəsində baş verib. Rəsmi orqanlar məşhur modelin dənizə məhz kimin yaxtasında çıxdığı barədə açıqlama verməyiblər. Məlum olan yalnız odur ki, Günel Mirzəyeva 5 dostu ilə birlikdə yaxtada dənizə çıxıb və boğulub.

Elmira Axundovaya və onun oğlu Həbib Axundova qarşı davamlı kompromat axınının bu günlərə düşməsi təsadüfi deyil. Məsələ ondadır ki, Həbib Axundovun adı dələduzluqla bağlı hay-küylü işdə əvvəlcə şübhəli kimi keçirdi, sonradan isə zərərçəkmiş kimi çəkilir. Dinləmələr Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilir. İşdə təqsirləndirilən şəxs qismində Elmira Axundovanın oğlu Həbib Axundovun keçmiş işgüzar partnyoru İbrahimov Elnur Rauf oğlu da var.

E. İbrahimov 2016-cı ilin noyabrında iki il gizləndiyi Moskvada saxlanılıb. O, bir milyon manatdan çox vəsaitin mənimsənilməsində ittiham edilir. O, öz qurbanları Elvin Vəliyevə, Sabir Ağayevə və başqalarına söz verib ki, Dubaydan printer kartriclərinin və başqa ofis inventarının idxalı üzrə ümumi biznesi təşkil edəcək. Və bu işdə onun partnyoru Həbib Axundov olub.

Həbib Axundovun adı iş üzrə zərərçəkmiş kimi keçir. Cinayət işinin materiallarına əsasən, İbrahimov onunla 835 min manatlıq müqavilə bağlayıb, amma nəticədə onu aldadıb. Ancaq zərərçəkmiş Fərman Məmmədov tələb edir ki, Axundov da ittiham edilən şəxs kimi cəlb edilsin, çünki, onun sözlərinə görə, o, pulu İbrahimova yox, məhz Həbib Axundova verib.

Maraqlıdır ki, Həbib Axundovun təmtəraqlı həyatı haqda qalmaqallı videonun yayılmasından bir sutka sonra deputatın oğlu jurnalistlər qarşısına çıxıb və məsələyə aydınlıq gətirməyə qərar verib. Elmira Axundovanın oğlu öz müsahibəsini Real Tv-yə verib.

Müsahibədə Həbib Axundov qeyd edib ki, müxalifət KİV-i vasitəsilə yayılan qalmaqallı video Fərman Məmmədova onun tanışlarından biri tərəfindən ya satılıb, ya da ötürülüb. Videonun özündə Həbib Axundov qəbahətli heç nə görmür: onun sözlərinə görə, o, təmtəraqlı həyat sürmür. Və bütün pulları bizneslə məşğul olaraq özü qazanır.

Gənc biznesmenin sözlərinə görə, onun deputat anası heç vaxt pul oğurlamayıb və "imkan da olmayıb". Və bütovlükdə o, yalnız deputat maaşına yaşayır.

Həbib Axundov etiraf edir ki, onun böyük biznesi var, hansında ki, "yüzlərlə insan işləyir". Və bu vaxt o, Fərman Məmmədova pul "atdığı" barədə bütün deyilənləri təkzib edir. Deputat oğulunun sözlərinə görə, əksinə, ona "atıblar”. Həm də elə böyük məbləğdə ki, o kreditlər götürmək məcburiyyətində qalıb və onları təzəlikcə və güclə bağlaya bilib. Bir sözlə, o, Fərman Məmmədovdan pul almayıb.

Həbib Axundov həmçinin məşhur model Günel Mirzəyevanın həlak olması mövzusuna da toxunub və qeyd edib ki, həmin faciəli anda onun yanında olmayıb.

Bəlkə də cavan və uğurlu biznesmenin, hörmətli deputat Elmira Axundovanın oğlunun sözlərinə inanmaq olardı. Amma Fərman Məmmədovla Elmira Axundova arasında olan və bu gün yayılan audioyazı bütün kartları yenidən qarışdırdı. Əgər Həbib Axundov Fərman Məmmədovdan pul götürməyibsə, onda deputat Elmira Axundova niyə özünü alçaldaraq ondan borcu ödəməsini təxirə salmaq üçün vaxtı uzatmasını xahiş edir?! Bəlkə söhbət ictimaiyyətə məlum olmayan hansısa başqa bir borcdan gedir? Ehtimal ki, Həbib Axundova və ya onun deputat anasına, bütün bu suallara aydınlıq gətirilməsi üçün, daha bir neçə müsahibə vermək lazım olacaq/muasavat.com

***

Reyting.az-ın xəbərinə görə, məsələ ilə bağlı Elmira Axundova modern.az-a bildirib ki, audioyazısı montajdır.

"Adıkeçən ittihamlarla bağlı Fərman Məmmədovu Binəqədi məhkəməsinə vermişik. Bu işlərin araşdırılmasını tələb etmişik. Məhkəmə də onun xeyirə deyil. Avqustun 6-da növbəti iclas olacaq. Media əhlini məhkəməyə dəvət edirəm. O ki qaldı bu şərəfsiz insana, o qədər şəxsə qarşı cinayət hadisəsi törədib ki!

Audio yazısı montajdır. 5 il bundan öncə baş verib. Yadımda deyil ki, nəyi demişəm, nəyi yox.

Fakt odur ki, biz ona borclu deyilik. Bunu istintaq da təsdiq edib. O isə məhkəmə və istintaqla razılaşmayaraq, təzyiq kimi hansısa video, audioyazılarını ortaya atıb. Bunların hamısını cinayət yolu ilə əldə edib. Bunun özü də cinayətdir

Hüquq-mühafizə orqanlarına müraciət edərək deyirəm ki, həmin audioyazılar araşdırılsın. Bu insan o qədər şərəfsizdir ki, vaxtilə qardaşı Zakir Məmmədova, Lalə Şövkətə qarşı edilən üsullardan mənə qarşı mübarizə aparır”.

Elmira Axundova adının Müdafiə Nazirliyi ilə əməkdaşlıq məsələsində hallanmasına da cavab verib:

"Bunu gedin, Müdafiə Nazirliyindən öyrənin ki, belə bir şey var, yoxsa yox. Mən belə bir məsələdə kiminlə əməkdaşlıq etmişəm. Müdafiə Nazirliyindən mən, yaxud da oğlum pul alıb? Varmı belə hal?! Biz özümüz Binəqədi məhkəməsindən tələb etmişik ki, Müdafiə Nazirliyinə bu barədə sorğu göndərsin. Cavab da odur ki, Elmira Axundova və oğlunun hansısa məsələ ilə əlaqəsi olmayıb.

Kiminsə səsini yazmaq cinayətdir. 5-6 ilin söhbətidir. Kimin nə deməsi, nə danışması yadımda deyil. Bu insan hər gün zəng edib şantaj yolu ilə pul tələb edirdi. Hər gün də nəsə danışırdı. Sadəcə, demək istəyirəm ki, Binəqədi məhkəməsində iş gedir. Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib ki, Elmira Axundovanın hər hansı qurumla əməkdaşlığı olub, yoxsa yox?! Bunu özüm xahiş etmişəm ki, araşdırsınlar. Fərman Məmmədov cinayətkardır. Şəxsi işlərə qarışmaqla, çirkin metodlarla bizə qarşı mübarizə aparır. Bu üsullarla heç nə əldə edə bilməyəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}