Vəzifəli şəxslər həbs edilib - Prokurorluq
Tarix: 06-08-2018 19:47 | Bölmə: Cəmiyyət / Xəbərlər
Vəzifəli şəxslər həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkarlanan ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ciddi tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektlərinin yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması faktı müəyyən edilib:

"Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.

Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılan istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt” MMC-nin vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib".

Məlumata görə, qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

"Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulan ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}