16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məhkəmə saytın bloklanması qərarını ləğv edib
Tarix: 11-08-2018 10:43 | Bölmə: Cəmiyyət / Xəbərlər
Məhkəmə saytın bloklanması qərarını ləğv edib

ATƏT-in Media Ofisinin rəhbəri Azərbaycan hökumətinə müraciət ünvünlayıb

Dünən Bakı Apellyasiya Məhkəməsi arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv edib.

Bu haqda saytın rəhbəri Şəmşad Ağa məlumat verib.

Onun bildirdiyinə görə, rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin şikayətdə qərarın ləgv edilməsi, portalın blokunun qaldırılması tələb edilib.

"Şikayətimizə belə tələsik baxılması, xeyrimizə qərarın verilməsi bizim üçün gözlənilməz oldu. Bizim məhkəmələrdən ədalətli qərar gözləmək hesab edirəm ki, absurddur. Məhkəmədə çıxışımda da bunları dedim. Eyni zamanda şikayətimizi müdafiə etdim", - Şəmşad Ağa bildirib.

O, hər iki məhkəmənin qərarının siyasi olduğunu da qeyd edib.

Ş. Ağa hələlik məhkəmənin qərarının onlara təqdim edilmədiyini, əsaslandırmadan xəbərsiz olduqlarını da vurğulayıb.

Azərbaycan məhkəmələri sayt üzərinə qoyulan blokun qaldırılması ilə bağlı ilk dəfədir ki, qərar qəbul edir.

Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında, hakim Elmar Rəhimov tərəfindən çıxarılmışdı.

Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Sayt rəhbərliyinin açıqlamasına görə, hər iki material başqa saytdan götürülmüş, istinadla verilmişdi.

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.(Turan)

Onu da qeyd edək ki, ATƏT-in Media Ofisinin rəhbəri Harlem Desir Azərbaycan hökumətinə müraciət edib. Müraciətdə xəbər saytlarının böhtan əsası ilə bloklanmasından narahatlıq ifadə olunub.

ATƏT-in press-relizində bildirilir ki, saytlara girişin xüsusilə son dərəcə mübahisəli olan böhtan iddiaları ilə əngəllənməsi tənqidi səslərin qarşısını ala biləcək həddini aşan bir tədbirdir".

Halem Desirin müraciətində qeyd olunur ki, medianı təsirləndirən hər hansı məhdudlaşdırıcı tədbirlər hüquqi baxımdan aydın, dəqiq, ayrı seçici olmayan meyarlara söykənən beynəlxalq standartlara uygun olduqda haqlı hesab edilə bilər: “Belə olmadığı təqdirsə, məhdudlaşdırıcı tədbirlər media və ifadə azadlığı iləbağlı olan başqa hüquqlara da zərər vuracaqdır".

Sənəddə həmçinin daha əvvəl - 2017-ci ildə “Azadlıq” qəzetinin, AzadlıqRadiosunun internet saytlarının, Azərbaycan Saatı proqramlarının, Meydan TV və Turan TV-nin blok edilməsinə də toxunulur.

H.Desir müraciətində Bastainfo.com, Criminalaz.com, Topxeber.az və Fia.az internet saytlarının, APA agentliyinin qapadılmasını da narahatlıq doğuran hal kimi qeyd edib.

"Hökumət rəsmilərini əngəllənmiş bütün saytlara girişi bərpa etməyə və ifadə azadlığı hüququna təsir edən qanun və qaydaları islahat etməyə çağırıram", - ATƏT-in Media Ofisinin rəhbəri müraciətinin sonunda vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}