Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət edib
Tarix: 14-08-2018 09:47 | Bölmə: Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.

AQTA qurban bayramı ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə tövsiyə edir ki, heyvan kəsimini dini ayinlərlə yanaşı həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirsinlər.

Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən xahiş olunur ki, Bakının küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan kəsim məntəqələrində həyata keçirsinlər: "Bununla bağlı lazımi şəraitin yaradılması üçün agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir".

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür.

Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}