“APA Holdinq”in bağlanma sirri açılır - Rəhbərlik ittihamlarla razılaşmır
Tarix: 14-08-2018 13:53 | Bölmə: Cəmiyyət
“APA Holdinq”in bağlanma sirri açılır - Rəhbərlik ittihamlarla razılaşmır

Araşdırmaçı-jurnalist, virtualaz.org saytının rəhbəri Eynulla Fətullayev APA informasiya agentliyinin və “APA Holdinq”in tabeliyindəki saytların bağlanması ilə bağlı araşdırma aparıb.

Reyting.az
saytı Eynulla Fətullayevin araşdırması ilə yanaşı “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının bu ittihamlara cavabına yer ayrıb.

E. Fətullayev yazır ki, ölkədə son qızğın hadisələrin zirvə nöqtəsi, şübhəsiz ki, APA informasiya agentliyinin bağlanması oldu:

“Uzun illər ərzində agentlik iqtidarın informasiya strategiyasında heç də sonuncu yeri tutmurdu. Bəs APA rəhbərliyini bağlanmaq barədə qərar qəbul etməyə nə sövq etdi?

Agentliyin informasiya mühitindən mistik yoxa çıxmasının elə etrəsi günü APA rəhbərliyi holdinqin prezidenti Vüsalə Mahirqızının timsalında Bakı Avqustunun sirli misteriyasına aydınlıq gətirməyə çalışdı. "APA informasiya agentliyinin fəaliyyəti bizim tərəfimizdən dayandırılıb. Bəzi problemlər yaranıb. Araşdırma aparılır. Nəticələr barədə məlumat verəcəyik".

Şübhəsiz ki, bu cür qısa izahat etimad doğurmurdu.

Bəs APA niyə fəaliyyətini dayandırdı? Onun bağlanmasına az qalmış APA istinadən haqqin.az və virtualaz.org Qarabağ, Böyük Vətən müharibələri, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni mənzillərin və avtomobillərin açarlarının təqdim edilməsi mərasimində prezident İlham Əliyevin nitqini tirajlamışdı. Əvvəlcə heç də az əhəmiyyətli olmayan suala cavab verək: nəyə görə biz APA-ya istinad etdik? Axı bu agentlik, "AzərTAc" dövlət informasiya agentliyi və "Trend" agentliyi ilə yanaşı, rəsmi xəbərləri yayan və Prezident Administrasiyasında akkreditasiya olunmuş üç KİV-dən biri idi. Həmin agentliklərdən başqa heç bir kütləvi informasiya və təşviqat vasitəsi yüksək səviyyədə görüşləri və hadisələri işıqlandıra bilməz. Oxucu kütləsi toplamış başqa KİV-lərə nə qalır? Bu üç rəsmi səviyyəyə qaldırılmış agentliyin dəqiq rəsmi xəbərlərinə istinad edərək, onlardan istifadə etmək.


E. Fətullayev


Beləliklə, APA çığıran başlıqla prezidentin nitqini yayır: "Biz Ermənistanı çökdürəcəyik". Yarım saat sonra prezident İ. Əliyevin mətbuat katibi təkzib tələb edir, çünki dövlət başçısının nitqində belə ifadə olmayıb! Haqqin.az və virtualaz.org Prezident Administrasiyasının təkzibini yayımlayır. APA oxuculardan üzr istəyir. Sonra nə baş verir? APA baş vermiş hadisə ilə bağlı xüsusi araşdırmanın aparılması ilə əlaqədar fəaliyyətinin dayandırılması haqqında bəyanatla çıxış edir. Biz hələ araşdırmalara qayıdacağıq. Hələliksə səs-küylü hadisə haqqında. Prezident əslində nə deyib?

İlham Əliyev əsas etibarilə Köçəryan-Sarkisyan Qarabağ klanı timsalında Ermənistanın keçmiş rəhbərliyinin fəaliyyətinin üzərində dayanıb. Ermənistanın yeni hakimiyyəti barədə fikirlərini bölüşərkən bildirib ki, əgər Paşinyan hökuməti Sarkisyanın Qarabağ siyasətini əvvəllər olduğu kimi davam etdirərsə, Azərbaycan Ermənistanın sarsılması üçün əlindən gələni edəcək. Razılaşın ki, "çökdürəcəyik" ifadəsi ilə "sarsıdacağıq" ifadəsi arasında kifayət qədər böyük fərq var. Müharibə vəziyyətində olan dövlətin başçısının dilindən çıxan hər bir söz və hətta sözün deyilmə tonu belə yalnız ictimaiyyət daxilində deyil, bütün dünyada birmənalı olmayan reaksiya doğura bilər.

"Çökdürmək" ifadəsini "Qarabağ tənzimlənməsi"nin dəqiq və aydın konsepsiyasını hələ müəyyən etməmiş və formalaşdırmamış hökumətə müharibənin elan edilməsi kimi anlaşıla bilər.

Digər tərəfdən, prezidentin, yaxud istənilən siyasətçinin nitqlərinin azad şəkildə təfsiri jurnalistin peşəkar etikası ilə nə dərəcədə uzlaşır?

İndi isə araşdırmalara qayıdaq. APA-nın bağlanmasından bir sutka sonra bu holdinqin vitse-prezidenti və siyasət şöbəsinin başçısı Şahin Cəfərli özünün "Facebook" səhifəsində analitik şərh yazır:

"Bir daha aydın olur ki, neftin qiyməti artmasa, məsələn, 50 dolların altında uzun müddət qalsa, bizi fəlakət (bəlkə də kütləvi aclıq) gözləyirmiş. Ərəb qardaşlarımız və Rusiya (OPEC+) sayəsində ən pis ssenaridən xilas olduq. Amma müstəqilliyimizin 27-ci ilində ölkənin taleyinin neft bazarındakı gəlişmələrdən asılı olaraq qalması o deməkdir ki, Azərbaycanı hələ ki oturuşmuş, baş tutmuş dövlət saymaq olmaz".

E. Fətullayev yazır ki, hökumət agentliyinin rəhbərlərindən birinin bu fikirləri şok və çaşqınlıq yaradır: “Şahin Cəfərli müxalifət liderləri ilə eyni "həqiqətlərdən" danışır. Bu "analitik nəticə"nin müəllifinin adının üstünü örtsək, həmin mətni Əli Kərimlinin, yaxud müxalifətçi bloger Xədicə İsmayılovanın məqaləsindən bir parça kimi təsəvvür etmək mümkündür.


Lakin Şahin Cəfərli dayanmaq-durmaq bilmir. Avqustun 4-də o, "Facebook"da daha bir qeyd yazır və sanki Azərbaycanın düşdüyü vəziyyətlə bağlı özünün tənqidi fikirlərini inkişaf etdirir.

Sözün açığı, hökumətyönlü jurnalistin bu cür cəsarətli və səmimi düşüncələri məndə onun qeyri-adi şəxsiyyətinə qarşı təbii maraq doğurdu. Hökumət agentliyinin rəhbərliyində birinci vitse-prezident vəzifəsində işləyəsən, hələ eyni zamanda siyasət (!!!) söbəsinə rəhbərlik edəsən və öz hökumətini Şimali Koreyanın despotik rejimi ilə müqayisə edəsən. APA-nın bağlanmasına hələ çox qalmış, bu il iyunun 12-də Şahin Cəfərli daha uzağa gedib. O əmindir ki, Şimali Koreyada güzəran Azərbaycandakından yaxşıdır: "Azərbaycanı Şimali Koreyanın boşaltmaqda olduğu “müqəddəs” yerə oturtmaq cəhdlərini müşahidə etmək üzücüdür".

Bu ki paradoksdur! Belə çıxır ki, iş gününün sonuna kimi Şahin Cəfərli hakimiyyəti tərənnüm edir, saat 19:00-dan sonra isə burjua kompüterinin qarşısına keçərək elə həmin hakimiyyəti çirkaba bulayır. Hansı ki, cəmi bir neçə saat sonra, səhər tezdən yenə də həmin hakimiyyətə xidmət etmək lazım gələcək. Əsl Balzak qələminə layiq sərhədsiz ikiüzlülük.

Lakin hələ bu da hamısı deyil. Sən demə, APA-nın bağlanmasına hələ xeyli qalmış Şahin Cəfərli Milli Məclisin buraxılması tələbi ilə çıxış edib.

Buyurun, bu da onun xalqa 16 may tarixli müraciəti:

"Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər".

Sən demə, APA-nın bağlanmasına hələ uzun müddət qalarkən Şahin Cəfərlidə siyasi iddialar da baş qaldırıbmış. Bu azmış kimi, o, tam düşüncəli şəkildə siyasi müxalifətə qoşulub. “APA Holdinq”in birinci vitse-prezidenti ən radikal, belə demək mümkünsə, Prezidentə düşmən mövqedə duran təşkilatlardan birinin iclaslarında ən fəal şəkildə iştirak edir, İlqar Məmmədovun partiyasının rəhbərliyi arasında yer alır.

Tutaq ki, Şahin Cəfərli çox nadir rast gəlinən ruhi xəstəliyə düçar olub, qorxunc xəstəlik onu içindən yeyir ki, bu da ümidin tükənməsini şərtləndirir, dəyanətin yoxluğuna əminliyini və illüzor ideallar formalaşdırır. Fəqət Şahin Cəfərli hakimiyyətlə əlaqələri kəsərək müxalifətə qoşulmaq, iqtidarın kürəyinə bıçaqla zərbə endirmək kimi qarşısıalınmaz istəkdə tək deyil.

Avropa Şurasında və digər Avropa institutlarında akkreditə olunmuş, APA-nın Avropa bürosunun başçısı, APA-nın xüsusi müxbiri Fuad Qulubəyli. O da sosial şəbəkələrin fəal istifadəçisidir. Eyni zamanda, o, hakimiyyətin kəskin əleyhdarlarından və müxalifətin tərəddüdsüz tərəfdarlarından biridir. Fuad Qulubəyli hökumət agentliyini Avropanın qəlbində bu cür təmsil edib. APA-nın bağlanmasına hələ uzun müddət qalmış Fuad hakimiyyətə açıq-aşkar rişxəndlə yanaşır: "Konstitusiyaya düzəlişlər haqqında referenduma bizi səfirliyə aparmağın nə mənası var ki? Məgər səslərimiz nəyisə həll edir? Səslərimiz olmadan da hər şey həll olunacaq" (25 sentyabr 2016-cı il tarixli qeyd).

F. Qulubəyli o qədər "sərbəstləşir" ki, Azərbaycandakı prezident seçkilərinə rişxənd edir və ironiya ilə etirafda bulunur:

"Hardasa 127 ildən sonra Fransada olduğu kimi, Azərbaycanda da prezident yenidən 5 il hakimiyyətdə olacaq".


F.Qulubəylinin tənqidi çıxışlarından yeni sitatlar gətirmək mənasızdır. Sosial şəbəkə istifadəçiləri onun Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli qeydlərini hər gün izləyirlər. Əlbəttə ki, o, hökumətyönümlü APA agentliyinə işləyir. Həftəsonlarını isə İlham Əliyevin ən barışmaz tənqidçiləri ilə, misal üçün, karukaturaçı Gündüz Ağayevlə birgə keçirir.

Hökumətin pulunun hesabına yaşamaq və ona rişxənd etmək. İkiüzlü, vicdansız, heysiyyatsız alçaq!..

Doğrudanmı, APA-da qaçılmaz araşdırmalar barədə bəyanat verən agentlik rəhbərliyi öz həqiqi niyyətlərini və hisslərini sarkazm və soyuq ikiüzlülük maskası altında gizlədən əməkdaşlarına və rəhbərlik nümayəndələrinə eyham vururdu?! Bu jurnalistlərə nə mane olurdu ki, Prezidentə və hökumətə öz səmimi münasibətlərini açıq bildirərək, müxalifət sıralarına qoşulsunlar, müqavimət jurnalistikasına keçsinlər, elə həmin o "Meydan TV"yə qoşulsunlar, tam səmimi, ikiüzlülük etmədən və yalan danışmadan cəmiyyətin və ölkənin həyatı barədə "öz həqiqətlərini" yazsınlar? Axı səhərlər hakimiyyətə sədaqət andı içib, gecə şəxsi naqisliyinə qəzəblənərək öz-özünü təkzib etməyə nə lüzum var?! Bu mənqtiqi necə anlamalı? Bu ziddiyyət ruhunu necə izah etməli? Və bu nəyin bariz göstəricisidir? Vətəndaş mövqeyinin yoxluğunun, yoxsa yarınmağın, ikiüzlülüyün və şərəfsizliyin?..

Budur APA hökumət agentliyinin tarixindəki ağ ləkələr...”


V. Mahirqızı

Təbii ki, Eynulla Fətullayevin bu ittihamlarına “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının cavabı özünü çox gözlətməyib. Vüsalə Mahirqızı rəhbərlik etdiyi agentliyin fəaliyyətinin dayandırılmasının səbəblərilə bağlı özünün “Facebook” səhifəsində açıqlama verib.

V. Mahirqızı qeyd edib ki, “APA Holdinq”in üzərində böyük oyunlar qurulduğunu bilsə də, oyunun bu qədər açıq müstəvidə və iyrəncliklə oynanılacağını təsəvvür etməyib:“Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi”.

“APA Holdinq”in rəhbəri yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verib:

“Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin məlum çıxışını AzTV-nin saat 17.00 buraxılışından yazıb. Burda yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.

Çıxış Azərbaycan dilində yazılıb və yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq”,- ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək”,- ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək”,- kimi kobud xəta ilə tərcümə edilib.

Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.

Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.

Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığnda yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!

Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən dərhal Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də, oxuculardan da üzr istəyəcəyik və üzr istədik”.

V. Mahirqızının bildirdiyinə görə, bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır:

“Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı”,- fikrini əminliklə deyirdi”.

Holdinq rəhbəri qeyd edib ki, APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıb:

“Əvvəla, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir. Bunun belə olduğu kimə sirr idi ki?

İkincisi, müstəqil media orqanı orda hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki?

APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “kompro” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, “APA Holdinq”də işləmirlər.

Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu ilin iyul ayının 10-dan bəri “APA Holdinq”də çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o, partiyanın üzvü olmayıb.

Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televizyalarında yayılır, o, verilişlərə dəvət olunur. Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bu, şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətllayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm”.

Fuad Qulubəyliyə gəlincə, V. Mahirqızı bu şəxsin heç vaxt APA-nın ştatdakı əməkdaşı olmadığını, onlarla yalnız Avropa Şurasında əməkdaşlıq etdiyini yazıb: “Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orda işləyib və bütün reportajlarda imzası yayımlanıb.


Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapıla bilmir. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “Facebook” statuslarına ümid qalacaq qədər aciz duruma düşürməsin.

Oysa ki, APA-nın əməkdaşları “Milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki bu, bir jurnalistə yaraşar, bir media rəhbərinə isə əsla və əsla.

APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burda 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdini eynullalardan asılı edir.

Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin “qırmızı xətti”ni keçmədi.

O ki qaldı mənə. Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm.

Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}