AMEA-nın kişi əməkdaşı uşaqlarına baxmaq üçün sosial məzuniyyətə çıxıb
Tarix: 10-09-2018 14:57 | Bölmə: Cəmiyyət
AMEA-nın kişi əməkdaşı uşaqlarına baxmaq üçün sosial məzuniyyətə çıxıb

Bu yaxınlarda AMEA İqtisadiyyat İnstitutunda maraqlı və diqqətçəkən hadisə baş verib. Belə ki, İnstitutun elmi işçisi İlqar Qasımov Azərbaycan Respublikasının Əmək Məcəlləsini əsas tutaraq kiçik yaşlı uşaqlarına qulluq etmək, bu işdə həyat yoldaşına daha yaxından dəstək olmaq məqsədilə sosial məzuniyyətə çıxıb. İctimaiyyətin diqqətini çəkə biləcək bu hadisə ona görə təqdirəlayiqdir ki, ana ilə yanaşı ata da körpə uşaqlarının 1,5-3 yaşa qədər böyüdülməsində birbaşa iştirak etmək istəyir.

Azərbaycan cəmiyyətində belə ənənələr formalaşıb ki, körpə uşaqlara ana baxmalıdır və iş yerindən analıq məzuniyyətinə də məhz onlar çıxırlar. Amma ölkənin əmək qanunvericiliyində uşaqlara qulluq üçün iş yerindən sosial məzuniyyət götürülməsində qadın və ya kişi məsələsində hər hansı fərqləndirmə yoxdur. Hətta hər hansı analıq məzuniyyəti (ya da atalıq məzuniyyəti) anlayışı da burada yer almayıb, sosial məzuniyyət adlanır. Belə ki, AR Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci bəndinə əsasən, “uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər”.

Reyting.az xəbər verir ki, Azərbaycanda ilk dəfə təsadüf olunan bu hadisəylə bağlı uşaqların atası, AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi İlqar Qasımov “economics.com.az” saytının suallarını cavablandırıb.

- Neçə ildir akademiya sistemində çalışırsınız?

- 13 ildir.

- İş şəraitinizdən razısınız? Elmi fəaliyyətlə məşğul olmaq üçün imkanlarınız varmı?

- Burda çox rahat iş şəraiti yaradılıb. Mən, ümumiyyətlə, bütün kollektivdən, institutdan razıyam.

- Siz bir ilkə imza atdınız: AMEA-nın tarixində ilk dəfə atalıq məzuniyyətinə çıxmaq üçün ərizə ilə müraciət etdiniz. Biz, azərbaycanlılar üçün bu bir az qeyri-adi haldır…

- Bəli, mən sizinlə razıyam. Biz belə hallarla çox nadir rastlaşırıq. Amma inandırım sizi ki, çox keçməyəcək, atalıq məzuniyyətinə çıxanların sayı artacaq.

- Necə oldu ki, siz belə addım atmaq məcburiyyətində qaldınız?

- Elə alındı ki, mənim son bir ildə iki övladım dünyaya gəldi. Həyat yoldaşıma çox çətindir, mən də insanlıq baxımından ona kömək etməyə çalışıram. Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci bəndində deyilir ki, “uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailəni başqa üzvü uşağın 3 yaşı tamam olanadək sosial məzuniyyət almaq hüququna malikdir”.

- Bəs yoldaşınız analıq məzuniyyətinə çıxmayıb?


- Xeyr, mənim yoldaşım ümumiyyətlə işləmir, ev xanımıdır.

- Bəs maddi cəhətdən çətinliyiniz olmayacaq?

- Xeyr, mənim ciddi maddi problemlərim yoxdur. Bilirsiniz, ailəni maddi cəhətdən təmin etmək hələ həyat yoldaşı olmaq deyil. Bizim cəmiyyətimizdə elə iş xanımları var ki, kişilərdən qat-qat artıq qazancı var və öz namusu ilə, qeyrəti ilə ailələrini dolandırırlar. Düşünürəm ki, kişilər ailələrinə daha çox diqqət yetirməlidir, xanımlarına bacardıqca dəstək, onlara sözün əsl mənasında həyat yoldaşı olmalıdırlar. Övladlarına körpə yaşından ata tərbiyəsi, ata qayğısı göstərməlidirlər, onlara “olmaz”, “olar”, “ayıbdır” sözlərini öyrətməlidirlər.

- Övladlarınız neçə aylıqdır?

- Böyük 10 aylıq, kiçik isə iki həftəlikdir. Mənim isə 51 yaşım var.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}