Baş nazir postu hakimiyyətdə qarşıdurma yaratdı; Əli İnsanovla da gizli danışıqlar başlayıb
Tarix: 14-01-2016 19:00 | Bölmə: Gündəm / Slayd

 Baş nazir postu hakimiyyətdə qarşıdurma yaratdı; Əli İnsanovla da gizli danışıqlar başlayıb

Ölkədə iqtisadi böhranın dərinləşməsinə paralel olaraq, Azərbaycanın xarici siyasətində yaşanan təlatümlər hakimiyyətdəki bəzi qruplaşmaların ciddi narahatlığına səbəb olub.

Reyting.az saytına daxil olan məlumatda bildirilir ki, hakimiyyətdəki bəzi qruplaşmalar hazırki iqtisadi böhranı əsas gətirərək, Baş nazir postu uğrunda yenidən mübarizəyə başlayıblar. Onlar "81 yaşlı Baş nazirlə hazırki iqtisadi gərginlikdən çevik qərarlar verib, çıxmaq olmaz",-deyərək, yenidən Artur Rasizadənin postuna iddialarını açıqlayıblar.

Verilən məlumata görə, Baş nazir postu uğrunda hazırda, əsasən iqtidardakı iki güclü qruplaşma mübarizə aparır. Hətta həmin qruplaşmalardan biri ölkədə yaranması ehtimal edilən ekstremal vəziyyətdən qalib çıxmaq üçün, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun və onun təmsil olunduğu regionun da dəstəyini almağa çalışır. Bu məqsədlə, həmin qruplaşmalardan birinin nümayəndəsi Ə.İnsanovun tərəfdarlarından biri ilə gizli danışıqlar apararaq, sabiq nazirə müəyyən mesajlar da göndərib. Bu mesajın arxasında gizlənən əsas məsələyə gəldikdə, bu, ölkədə vəziyyət daha da pisləşəcəyi təqdirdə, sabiq nazirinin vasitəsi ilə, əslən Qərbi Azərbaycandan olan böyük əhali qrupunun müəyyən hissəsindən dəstək almaqdır.

Məlumatlı şəxs bildirib ki, bu ilin oktyabr ayında həbs cəzası bitəcək Əli İnsanovla artıq ilkin danışıqlar olub. Ondan qisasçılıq hissindən uzaqlaşmaq və təhlükəli vəziyyət yaranacağı təqdirdə birgə olmağı xahiş ediblər.

Mənbəmiz iddia edir ki, Baş nazir postuna sahiblənmək istəyənlərdən biri regional dayaqlara söykənən qruplaşmadır. Hələlik adını çəkmək istəmədiyi həmin qruplaşmanın gələcək üçün daha böyük planının olduğu da bildirilir. Bu planın nə dərəcə uğur qazanacağı və Ə.İnsanovun onlara hansı cavabı verəcəyini isə zaman göstərəcək.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}