17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlham Əliyev və birinci xanım Qarabağdadır
Tarix: 05-11-2018 13:17 | Bölmə: Gündəm
İlham Əliyev və birinci xanım Qarabağdadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Daha sonra İ. Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.

İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib.

Bildirilib ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

Dövlətimizin başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib.

Qyed edilib ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb. Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.

Məlumat verilib ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Dövlətimizin başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}