İlham Əliyev baş katibə məktub yazıb
Tarix: 14-10-2016 17:56 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının yeni seçilmiş Baş katibi Antoniu Quttereşə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Quttereş,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan müstəqillik qazandığı ilk gündən BMTilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir, təşkilatın bütün strukturları ilə səmərəli əməkdaşlıq edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və dünya ictimaiyyətini narahat edən məsələlərdə BMT-nin mövqeyini dəstəkləyir.

Mən Sizin Azərbaycana etdiyiniz səfərlərinizi, Sizinlə keçirdiyimiz görüşləri və apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. Ümidvaram ki, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olunmasında, qarşıya qoyulan qlobal vəzifələrin həllində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində BMT-nin Baş katibi kimi şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik.

Bir daha Sizi təbrik edir, bəşəriyyət qarşısında duran qlobal problemlərin aradan qaldırılması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm və aparıcı rola malik BMT-nin Baş katibi vəzifəsində Sizə uğurlar arzu edirəm”.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}