Prezident idmançıları təltif etdi – Siyahı
Tarix: 23-12-2016 13:39 | Bölmə: Gündəm

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Azərbaycan prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.

İlham Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin "Olimpiya” ordenlərini təqdim edib.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafındakı xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}