Rusiyalı politoloq: “Bu ilin axırına qədər 5 rayon Azərbaycana qaytarılacaq”
Tarix: 14-04-2016 13:05 | Bölmə: Gündəm


Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir.

Bunu müsahibəsində rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayarkən deyib.

O, Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini də söyləyib:"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir.

Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur".

S.Markov bu ilin sonuna kimi Ermənistan işğalı altındakı 5 rayonun Azərbaycana qaytarılacağını da söyləyib: "Dağlıq Qarabağın özü və ora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar isə sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Qeyd etdiyim kimi, bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq".

Politoloq bu gün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün əlverişli imkanın yarandığını da söyləyib:"25 illik münaqişə bu gün diplomatik yolla həll oluna bilər. Prezident İlham Əliyev güclü diplomatdır. Əgər bir neçə il bundan qabaq münaqişənin daha çox Ermənistanın xeyrinə həll olunma ehtimali güclü idisə, bu gün münaqişənin Azərbaycanın xeyrinə həll olunmaq şansı daha böyükdür. Vaxt Azərbaycanın xeyrinə işləyir. Ona görə də, əgər münaqişə bundan sonra daha bir neçə il də həll olunmamış qalsa belə, bu, tamamilə Azərbaycanın xeyrinə həll yolu ilə nəticələnəcək. İldən-ilə münaqişənin Ermənistanın xeyrinə həll olunması şansları azalır".

APA





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}