07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezident enerji sistemindəki problemlə əlaqədar tapşırıqlar verib
Tarix: 04-07-2018 23:58 | Bölmə: Gündəm
Prezident enerji sistemindəki problemlə əlaqədar tapşırıqlar verib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Prezident müşavirədə Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yarandığını deyib. Bildirib ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib:

"Səhər mənim sərəncamımla məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur: məsələni araşdırmaq və səbəbləri aşkar etmək, eyni zamanda, günahkarların müəyyən edilməsi və onlara qarşı tədbirlər haqda məlumat vermək, həmçinin gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər planı hazırlamaq.

Dünən axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddətdə enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bu vəziyyətdə vətəndaşlara köməklik göstərsinlər ki, bu vəziyyətdən biz şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərdilər və onların uğurlu fəaliyyəti nəticəsində bunlar aradan qaldırıldı. Vətəndaşlara əziyyət verilməsinə baxmayaraq, heç bir ağır hadisə baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tezliklə və düzgün şəkildə aparmışdır: metroda və liftlərdə qalmış vətəndaşlar təxliyə edildi, xilasedicilər uğurla fəaliyyət göstərdilər; daxili işlər orqanları çox operativ şəkildə fəaliyyət gğstərmişlər. İlk növbədə asayişin qorunub saxlanılması məsələləri gündəlikdə idi, eyni zamanda, işıqforların sıradan çıxması nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilər. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə biliblər.

Fürsətdən istifadə edərək, bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm ki, belə bir vəziyyətdə onlar bizı köməklik göstərdilər. Bildiyiniz kimi, Azərbaycan o ölkələrlə sıx əlaqələr saxlayır. Bizim dostluq əlaqələrimiz var. Və hər hansı qəza baş verdikdə biz də köməklik göstəririk, onlar da köməklik göstərir. Hesab edirəm ki, bu, çox önəmli faktordur və bir daha öz təşəkkürümü bildirmək istəyirəm".

Prezident qeyd edib ki, qəza baş verən vaxtda nəqliyyat məsələləri tənzimlənib, Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər görüb, xətlərə yeni avtobuslar çıxarılıb və sərnişinlərə böyük diqqət, qayğı göstərilib: "Bir sözlə, bütün dövlət qurumları bu ağır vəziyyətdə çevik fəaliyyət göstərərək, böyük peşəkarlıq nümayiş etdirdilər və az itki ilə bu vəziyyətdən çıxa bildik”.

Prezident müşavirədə enerji sektoruna son 15 ildə çox böyük sərmayə qoyulduğunu da deyib.

Qəza baş verən vaxtda dövlət qurumlarının vətəndaşlara kömək etməklə bağlı tapşırığının öhdəsindən peşəkarlıqla gəldiklərini deyən Prezident İlham Əliyev vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib.

Prezident əlavə edib ki, bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxması çox ciddi suallar doğurur: "Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları yaradılıb. Bakı, Sumqayıt, Şirvan, Astara, Xaçmaz, Şəki, Qubada İES-lər, eyni zamanda, SES-lər yaradılmışdır. Yəni elektrik stansiyalarının coğrafiyası onu göstərir ki, biz ölkəmizin bütün bölgələrində yeni enerji sistemi tikilməsinə çalışırdıq ki, ölkəmizin elektrik enerjisinin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır, ciddi araşdırılmalıdır. Qəza nəticəsində insanlara bu isti havada böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm də ikinci dəfə operativ tədbirlər nəticəsində bir neçə saata enerjinin verilməsi bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Hətta baş versəydi də, belə fəsadlara gətirib çıxarmamalı idi. Dünyanın heç bir ölkəsi qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu.

Ona görə bir daha vurğulayıram ki, ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə bu tip qəzalardan və qəzaların doğuracağı fəsadlardan qoruna bilək”.

Prezident İlham Əliyev "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı kəskin tənqid edib: "Siz sadəcə, xalqın qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz".

Prezident deyib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır: "İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb".

Dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı ciddi təftiş aparılmalıdır: "Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm Dövlət Komissiyasına, həm də mənə məruzə etməlisiniz. O ki qaldı, metropolitenə, bildiyimə görə, metropolitendə ümumiyyətlə generatorlar mövcud deyil. Bu da acınacaqlı faktdır.

Tezliklə təkliflər verin ki, metroda, bütün stansiyalarda generatorlar olsun və enerjidə hər hansı problemlər yarandıqda insanlar əziyyət çəkməsin. Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək".
Daha sonra müvafiq dövlət qurumlarının rəhbərləri çıxış ediblər.

Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Yaqub Eyyubov isə deyib ki, "Mingəçevir şəhərində yerləşən "Azərenerji”yə məxsus "Azərbaycan” İES-in yarımstansiyasının birində baş vermiş qəza ilə bağlı sizin tapşırığınıza uyğun olaraq "Azərenerji” sədri Etibar Pirverdiyevlə birgə 3 iyul saat 8-də hadisə yerinə baxış keçirdik. Baxış zamanı məlum oldu ki, "Azərbaycan” İES-in 330 KVt-lıq yarımstansiyasında cərəyan transformatorundakı qəza nəticəsində orda olan təxminən min kiloqrama qədər yağ ətrafa səpələnib, yaxınlıqdakı elektrotexniki avadanlıqların, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq, yanğına səbəb olub".

Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Yaqub Eyyubov qeyd edib ki, həmin kabellərin uzun illərdir istismar olunması yanğının intensivliyini bir qədər də artırıb:

"Qəza baş verən vaxtı bu yarımstansiyaya xidmət edən 6-cı blokun fəaliyyəti dayandırılıb. Lakin ora verilən qaz dayandırılmadığından, orada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdə olan enerji blokları və hava xətlərində açılmalar olub, stansiyada gərginlik tam itib və respublikaya elektrik enerjisinin əsas ötürücülərindən olan Birinci Abşeron elektrik hava xətti ilə elektrik cərəyanının verilişi tam dayanıb”.

Baş prokuror Zakir Qaralov isə çıxışında deyib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb: "Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”.

Prezident enerji sistemindəki problemlə əlaqədar tapşırıqlar verib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}