Futbolçu məhkəmədə ifadə verdi
Tarix: 26-01-2016 14:44 | Bölmə: İdman / Xəbərlər


"Bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa aparıb müalicə etdirərdim”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cəbrayil rayon sakini, 1994-ci il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cu il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəlüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəlüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə futbolçu Cavid Hüseynov ifadə verib.
O ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Elşəni tanıyır, bibisioğludur: "Ayın 8-də evdə ailəmlə oturmuşdum. Elşən "WhatsApp”da yazdı ki, xəbərə bax, sənin haqqında pis yazıblar. Mən də dedim, söhbətin başını burax, eybi yoxdur, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən dedi, mən artıq Rasimlə danışmışam, məsələyə mən də qarışmışam, Rasim mənə ana söyüşü söyüb. Mən də Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun müddət danışdıq, çox mülayim keçdi söhbətimiz. Məsələni ona izah elədim. O da məni başa düşüb, məndən üzr istədi. Ona dedim, mümkündürsə, bunu da yaz ki, Cavidlə danışdım və səhv anladığım üçün ondan üzr istəyirəm. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq”.
C.Hüseynovun sözlərinə görə, bundan sonra məşqə gedib: "Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa aparıb onu müalicə etdirərdim”.
Daha sonra C.Hüseynov vəkil və hakimlərin suallarını cavablandırıb.
Təqsirləndirilən Elşən İsmayılov bildirib ki, işdə adı keçən şəxslərdən heç kimin bu cinayətdə günahı yoxdur: "Uşaqlar bilmirdi, mən davaya gedirəm, onlar elə bilirdi, çay içib söhbət edəcəyik. Mənə ana söyüşü söymüşdü, bu da pis təsir eləmişdi”.
Növbəti prosesin fevralın 2-nə təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}