“Neftçı” mövsümün ən intizamsız komandasıdır – Səbəb
Tarix: 26-10-2016 15:29 | Bölmə: İdman / Xəbərlər


Topaz Premyer Liqasının geridə qalan 9 turu ərzində 3 komanda meydanda azlıqda qalıb. Reyting.az Fanat.az-a istinadla xəbər verir ki, bunlar "Neftçi”, AZAL və "Qəbələ” klublarıdır.

"Qarabağ”, "İnter”, "Zirə”, "Kəpəz” və "Sumqayıt”ın heç bir futbolçusu qırmızı vərəqə görmədiyi halda, "Neftçi” futbolçuları cari mövsüm üçün rekord sayda – 3 dəfə referinin sərt qərarı ilə üzləşiblər.

"Qəbələ”də "qırmızı” görən oyunçu Sadiq Quliyevdir. Gənc müdafiəçi sonuncu – IX turda "Sumqayıt”la görüşün 90+3-cü dəqiqəsində penaltiyə səbəb olmaqla yanaşı, 2-ci dəfə "sarı” alaraq, meydanı tərk edib.

AZAL-ı azlıqdan qoyan Ruslan Nəsirlidir. O, "Neftçi” ilə mövsümün açılış matçında rəqib futbolçunu vurduğuna görə qırmızı vərəqə alıb.

Cari mövsümdə ən çox azlıqda komandaya - "Neftçi”yə gəlincə, "ağ-qaralar”ın heyətində 3 futbolçu meydandan qovulub: Jayro Rodrigez, Rahil Məmmədov və Katalin Tira.

I turun AZAL-a səfər matçında Jayro 2 sarı vərəqə aldığı üçün meydanı tərk etməli olmuşdu ki, bu da normal qəbul edilə bilər. Lakin nəzərə alaq ki, mərkəz müdafiəçisi olan braziliyalının matçın 36-cı dəqiqəsində (ilk sarı 23-cü dəqiqə) 2-ci dəfə hakimi əlini cibinə atmağa sövq edən qayda pozuntusuna yol verməsi tez-tez rastlaşdığımız hal deyil.

Elə VIII turda "Neftçi”nin "Zirə”yə 0:2 hesabı ilə uduzduğu matçda Rahil Məmmədovun 47-ci dəqiqədə 2-ci "sarı”dan sonra qovulması da komandada nizam-intizamın çox aşağı səviyyədə olmasını göstərir.

Katalin Tiranın dünən "Qarabağ”la oyunda etdiyi isə pik nöqtədir. Rumıniyalı forvard 90+2-ci də meydançaya daxil olan azarkeşi vurduğuna görə, qırmızı vərəqə aldı. Təbii ki, bu durumda azarkeşə haqq qazandırmaq olmaz. Lakin futbolçunun azarkeşə əl qaldırması dünya futbolunda nadir hallarda baş verir və bu klubun adına ləkədir. Ancaq bu durumlarda yalnız futbolçunu hədəf seçmək də düzgün deyil.

İndiki halda əsas məsuliyyət "Neftçi” klubunun üzərinə düşür. Qırmızı vərəqə sayının rekord həddə olması nizam-intizamın aşağı səviyyədə olmasından, Tiranın azarkeşi vurması isə klubdakı dərəbəyilikdən xəbər verir.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}