AFFA-nın sərt qərarları etiraza səbəb olub
Tarix: 02-03-2017 17:23 | Bölmə: İdman / Xəbərlər


Bu gün AFFA-nın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XX turunun "Kəpəz”-"Qəbələ” matçında baş verənlərlə bağlı sərt qərarlar qəbul edilib.

Oyunun 38-ci dəqiqəsində "Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub isə 3200 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub isə 2400 manat cərimə ödəməli olacaq.

Oyunun I hissəsi bitdikdən sonra "Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxsə oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimələnib.

"Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

"Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişi qadağan edilib, klub 16 min manat cərimələnib.

"Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4000 manat cərimə olunub.

"Qəbələ”nin baş meneceri Zaur Əziziov AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında ona və klubun digər rəsmi şəxsləri haqda verilən cəzalara münasibət bildirib.

Reyting.az xəbər verir ki, o, Qol.az-a açıqlamasında İntizam Komitəsinin qərarlarının düzgün olmadığını deyib: "Bununla bağlı bu gün klubumuz rəsmi açıqlama yayacaq. İttihamlarla razı deyilik. Oyunun protokolunda qeyd olunanlar düzgün deyil. Buna görə də İntizam Komitəsinin qərarları ilə razılaşmırıq”.

Z.Əzizov komandanın yarımmüdafiəçisi Nika Kvekveskiriyə verilən 3 oyunluq cəza haqda klubda müzakirələr aparıldıqdan sonra fikir bildirəcəyini deyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}